İmam Hüseynə (ə) ağlamaq, əza saxlamaq hər bir müsəlmanın olduqca təbii haqqıdır. Bu haqqı bizə Quran və sünnə vermişdir. Bu əməlin İslam peyğəmbərinin (s) sünnəsi olması barədə keçən mövzularımızda geniş danışdıq.
Aran news- İmam Hüseynə (ə) ağlamaq, əza saxlamaq hər bir müsəlmanın olduqca təbii haqqıdır. Bu haqqı bizə Quran və sünnə vermişdir. Bu əməlin İslam peyğəmbərinin (s) sünnəsi olması barədə keçən mövzularımızda geniş danışdıq.
İmam Hüseyn (ə) əzadarlığını, peyğəmbər (s) sünnəsi olmaqdan çıxarıb Səfəvilərə aid etmək istəyənlər də peyda olur ki, onların bu istəkləri elə istək və arzu olaraq da qalacaqdır. Məgər İslam peyğəmbəri (s) İmam Hüseyni (ə) əzizləyib oxşayanda Səfəvilər vardı? İslam peyğəmbəri (s) minbərdə xütbə edərkən onun yıxılmasını görüb, sözünü kəsərək minbərdən aşağı düşdükdə Səfəvilər harda idi? Bu kimi nümunələr o həzrətin həyatı boyunca dəfələrlə müşahidə olunduğu və bir sirə (həyat tərzi) forması aldığı halda kim iddia edə bilər ki bu əməl Səfəvilərdən qalma adətdir? Bu iddianı edənlər tarixi bir vərəqləyib oxusunlar və nə qədər gülünc bir iddia etdiklərinin şahidi olsunlar.
Tarixi mənbələrin yazdığına görə bu mərasimlər Kufə, Bəsrə, Şam, Mədinə, Məkkə və sair şəhərlərdə Aşura mərasimləri qeyd olunub. (Tarixun-Nihayə səh.132 və 190, İbn Covzi, Təzkirətul-Xəvas, səh. 240)
Dövlət səviyyəsində isə rəsmi olaraq hicri qəməri tarixi ilə dördüncü əsrin ikinci yarısında etibarən Ali-Buyənin hakimiyyəti zamanı (352 h.q) geniş şəkildə hər il qeyd olunmağa başladı. Bu barədə İbn Əsir “Kamil”də, İbn Kəsir “Əl- bidayə vən-Nihayə”də , İmam Şafei “Miratul-Cinan”da və digər mənbələrdə bu haqda məlumat verilmişdir.
Məşhur tarixçi ibn Covzi “Əl-Muntəzəmu fi tarixul-muluk vəl-uməm” adlı kitabında yazır: “352 hicri qəməri ilində Muizzud-dövlə Deyləmi müsəlmanlara Aşura günü bir yerə yığışaraq, əzadarlıq etməyə icazə verdi. Bazarlar bağlandı, alış-veriş işləri tətil edildi, qəssablar dükanlarına qıfıl vurdu,... Meydanlarda, bazarlarda qara çadırlar quruldu. Geniş əzadarlıq mərasiminə başlandı.”
İmam Şafei yazır: “Bu, tarixdə Aşura əzadarlığının aşkar şəkildə və geniş formada keçirildiyi ilk gün idi.” (Şafei, Miratul-Cinan c 3,səh.247; Suallar və cavablar, səh. 31)
Mahir Şəkərov- İlahiyyatçı, araşdırmaçı.