Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qanvermə aksiyası da keçirilib.
Aran news-Sentyabrın 20-də Aşura mərasimi keçirilib. Təzəpir məscidinə toplaşan insanlar sinə döyüb, İmam Hüseyn üçün mərsiyə oxuyublar.
Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qanvermə aksiyası da keçirilib. Səhiyyə Nazirliyinin məlumatına görə, qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyasında 5089 nəfər iştirak edib. Səhiyyə Nazirliyi Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, 18 yaşından 60 yaşa kimi insanlar qan verə bilərlər.
“Donor sağlam olmalıdır. Ona görə də ilk növbədə həkimlər həmin şəxslərlə sorğu aparıb, xəstəliklərini aşkarlayıblar”.
Qanvermə aksiyasına qoşulanlar saatlarla növbədə dayanıblar.
Həmçinin millət vəkili Eldar İbrahimov da bu aksiyada iştirak edib.
“Mənim qanım elə bilirəm ki, başqaları kimi müsbət bir qandır. Hamıya lazım olan bir qandır. Əgər hansısa bir xəstəyə mənim qanım kömək olacaqsa, özümü xoşbəxt hesab eləyərəm. Bu çox yaxşı bir ənənədir. Hörmətli şeyximizin rəhbərliyi ilə bu gün toplanan qan xəstə insanlarımıza kömək olacaq”.