Hər iki tərəf öz ərazisində ona məxsus təşkilat, idarə, kompaniya və digər təsərrüfat subyektləri tərəfindən digər ölkənin suveren hüquqlarına zərər vuran fəaliyyətlə məşğul olmağa imkan verməyəcək
Azerbaijan Servisi/Aran Agentliyi
Bəyannamədə bildirilir ki, Azərbaycan və Rusiya hərbi və hərbi-texniki əməkdaşlığı möhkəmlətmək və genişləndirmək niyyətindədir: “Hər iki tərəf öz ərazisində ona məxsus təşkilat, idarə, kompaniya və digər təsərrüfat subyektləri tərəfindən digər ölkənin suveren hüquqlarına zərər vuran fəaliyyətlə məşğul olmağa imkan verməyəcək»”. Bəyannamədə həmçinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qorunması prinsipləri əsasında həllinə dair bənd yer alıb. Sənəddə dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın işindən razılıq ifadə olunur və danışıqlar prosesinin yaxın zamanda yekunlaşması və müvafiq dövlətlərarası sənədin imzalanması arzu olunur. Tərəflər həmçinin Xəzəryanı ölkələri dənizin dibinin bölünməsinə dair Azərbaycan, Rusiya və Qazaxıstan arasında imzalanmış sazişə bənzər razılaşma imzalamağa çağırıblar. Bundan başqa iki ölkənin xarici siyasət idarələri arasında arxiv işinin təşkili, Daxili İşlər Nazirlikləri arasında tranzit yüklərin mühafizəsinin təşkili, Rusiya Federal Gömrük Xidməti və Azərbaycan Dövlət Gömrük Xidməti arasında gömrük hüquqpozmalarına qarşı mübarizə haqqında dövlətlərarası sazişlər və Rusiya Dövlət Əmlakının İdarə Olunması üzrə Federal Agentliyi ilə Azərbaycanın Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi arasında dövlət əmlakının özəlləşdirilməsi və idarə olunması sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.