Tarix : 2018 Oct 13
Kod 56661

Fələstinin Azərbaycandakı səfiri gənclərlə iş aparmağın vacib olduğunu bildirib

Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdülkərim Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində olub və Fondun prezidenti Umud Mirzəyevlə görüşüb.

Arannews-Umud Mirzəyev ziyarətə görə səfirə təşəkkür edib. Görüş zamanı o, Nasir Əbdülkərimə Fondun hazırki fəaliyyəti və BMT-nin UNDP, UNİCEF, UNHCR, UNEP və s. kimi proqramları və strukturları da daxil olmaqla yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən bir sıra layihələr barədə məlumat verib. Fondun prezidenti həmçinin, təşkilatın Azərbaycanın cəbhə bölgələrində qaçqın və məcburi köçkünlərlə iş istiqamətində fəaliyyətini vurğulayıb."Təşkilatımız gənclərlə iş aparılması və gənc nəslin inkişaf etdirilməsinə yönəlmiş təşəbbüsləri həmişə dəstəkləmişdir. Bir neçə ildir, BAMF UNICEF-lə əməkdaşlıq çərçivəsində Azərbaycanın müharibə bölgələrində gənclərin inkişaf proqramını uğurla həyata keçirir (Azerbaijan Youth Advocacy Program AYAP).2006-cı ildə biz Azərbaycanda təhsil alan xarici tələbələrin birləşməsi və hökumətlərarası, mədəniyyətlərarası və mənəvi dəyərlərin inteqrasiyasına yönəlmiş birgə fəaliyyət üçün platforma qurmaq məqsədi ilə Bakı Beynəlxalq Tələbə Klubunun (BBTK) yaradılması və inkişafını dəstəkləmişdik", deyə Umud Mirzəyev bildirib.

O həmçinin, təxminən 100 tələbəni bir araya gətirən BAMF-ın ofisində BBTK tərəfindən təşkil edilmiş ziyafətdə fələstinli vətəndaşların fəal iştirakını qeyd edib.

Öz növbəsində, Nasir Əbdülkərim ofisə dəvət etdiyi üçün Umud Mirzayevə təşəkkür edib. O, Fondun, xüsusən də, məcburi köçkünlərlə bağlı və gənclərin inkişafı sahəsində gördüyü işlərin vacibliyini qeyd edərək gələcəkdə hər cür dəstək verməyə hazır olduğunu bildirib.

"Məcburi köçkünlərlə bağlı fəaliyyətiniz humanist addımdır və çox vacibdir. Fələstin vətəndaşı kimi biz qaçqın və məcburi köçkün həyatı yaşamağın nə demək olduğunu anlayırıq, çünki bildiyiniz kimi, əhalimizin yarıdan çoxu qaçqın və məcburi köçkünlərdir ", - səfir deyib.

Fələstinin Azərbaycandakı səfiri eləcə də, bir neçə il əvvəl bir çoxlarının Azərbaycan haqqında məlumatsız olduğunu, lakin indi daha çox insanın bu ölkə barədə öyrənəcəyini və bunda gənclər təşkilatlarının xidmətinin az olmadığını qeyd edib. Onun sözlərinə görə, gənclər sülhü təşviq etmək üçün xüsusi töhfə verməyə çalışırlar.

"Mən həmişə Fələstinli tələbələri asudə vaxtlarında fəal olmağa təşviq edirəm. Əlbəttə ki, onlar ilk növbədə, özləri, ailələri, gələcəyi və müvafiq olaraq, ölkələri üçün yaxşı oxumalıdırlar. Lakin digər tərəfdən, bu cür fəaliyyət onlara Azərbaycanla bağlı daha çox məlumat əldə etmək, bu ölkənin mədəniyyəti və ənənələrini öyrənməyə kömək edəcək.

Tələbə həyatı hər kəsin həyatında ən gözəl illərdir. Bu, onların fikirlərinin formalaşdığı və inkişaf etdirdiyi, fərqli şeylər haqqında təəssüratlarının yarandığı dövrdür. Bu xarici tələbələrin Azərbaycan və burada yaşayan insanlar barədə xatirələri onların yaddaşında həmişə qalacaq", Fələstinin Azərbaycandakı səfiri deyib.

Görüşün sonunda Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşları ilə birgə xatirə şəkli çəkilib.

  • Yazılıb
  • da (də) 2018 Oct 13
  • Göndərən مدير سايت Aran News