Bu materiallarda İranın Azərbaycanı Bakıya zərbə endirəcəyi ilə hədələməsinə cavab olaraq İsrailin Azərbaycana təhlükəsizlik dəstəyi verdiyi yazılırdı
Azerbaijan Servisi/Aran Agentliyi
ABŞ-ın Yaxın Şərq üzrə Vaşinqton İnstitutunun İsrail-Azərbaycan münasibətlərinə dair hazırladığı təhlil açıqlandı. Təhlil əsasında Azərbaycan mediasında da yazılar dərc edildi.
Bu materiallarda İranın Azərbaycanı Bakıya zərbə endirəcəyi ilə hədələməsinə cavab olaraq İsrailin Azərbaycana təhlükəsizlik dəstəyi verdiyi yazılırdı. Türkiyənin və İsrailin kəşfiyyat strukturları ilə sazişlər əsasında əməkdaşlıq edildiyini əsas gətirən təhlilçilər həmçinin xarici səfərlərdə prezident İlham Əliyevin təhlükəsizliyini məhz İsrailin kəşfiyyat xidməti olan «Mossad»ın təmin etdiyini yazırdılar.
Bu, yeni bir məsələ deyil. «Bizim Yol» bu barədə hələ bir neçə ay əvvəl öz təhlillərindən birində məlumat vermişdi. Ancaq o zaman qəzetimizin təhlilçilərinin sərəncamında yalnız şifahi informasiyalar olduğu üçün məsələ ilə bağlı konkret ad çəkməkdən ehtiyat etmişdik. Artıq ortada Yaxın Şərq üzrə Vaşinqton İnstitutunun məruzəsi var. Həmin məruzədə Azərbaycan prezidentinin mühafizəsində «Mossad»ın məlumatlarından istifadə edildiyi bildirilir. Özəl mənbələrimiz vasitəsilə araşdırma apardıqda bəlli oldu ki, əslində həmin məruzədə yalnız bir dövr təhlil olunur. Əslində isə Azərbaycan prezidentinin təhlükəsizliyinin təmin olunmasında Türkiyə və İsrail kəşfiyyatlarının iştirakı Əbülfəz Elçibəyin zamanından başlayır. Məhz onun hakimiyyəti illərində Azərbaycandakı yəhudi diasporasının ölkə rəhbərinə, onun siyasətinə təsiri də çox böyük idi. Həm də təkcə onlar deyildi.