Tarix : 2018 Oct 14
Kod 56670

İranda sekularizm, Türkiyədə İslam, Azərbaycanda "kəntalı" standartları

Azərbaycanda bir qrup rəsmilər var ki, ölkəni 21-ci əsrdən, mədəniyyətdən, mentalitetdən, xüsusən də dindən ayırıb, kəntalı standartları, kəntoş meyarları əsasında idarə etməyə çalışırlar.

Arannews-Bilirəm ki, "Azərbaycan" sözünün yanında "kəntalı" sözünü görən əziz oxucular bizi təntiq atəşinə tutub deyəcəklər ki, İrana və Türkiyəyə din və sekularizmi nisbət verirsən, amma Azərbaycan haqqında pis şey yazırsan. Bu qınağı edən insanlara qabaqcadan demək istəyirəm ki, biz öz ölkəmiz haqda pis bir şey yazmaq istəmirik. Çünki gözəl məmləkətimizdə ümumiyyətlə pis şey görmək istəmirik. Nəyisə tənqid ediriksə ölkənin, cəmiyyətin düzəlməsi üçün edirik. Maraqlısı da budur ki, biz elə bineyi-sovetdən bu yana bütün lətifələrimizdə başqa millətlərdən olan insanlarla azərbaycanlı bir yerdə cəm halda gördükdə qaragün azərbaycanlını gülüş hədəfi eləmişik. Bütün millətlər lətifə sınaqlarından "5" alıblar, amma azərbaycanlıların "veçni" qiyməti "quyruqlu beş", yəni iki olub. İndi bu cür "dvoşnik" mühitində əvvəl özü böyüyən, sonra da övladını böyüdən insanlar gəlib bizə deyir ki, balam, nə istəyirsiz Azərbaycandan, ölkənin inkişafını niyə gözünüz götürmür?

Bu hələlik qalsın bir qırağa. İndi məni qınayan, baxın görün nə yazıram. 4-5 il bundan qabaq idi ki, Xızı rayonunun öz bədəni ilə ağır çəkidə yarışan yunan-roma güləşçilərini xatırladan icra başçısı mətbuata müsahibə vermişdi, bütün ağzıyavalığının xülasəsi bu idi ki, bəs Azərbaycan dünyəvi dövlətdir, dindar olmaq istəyən gedib İranda yaxud Türkiyədə yaşasın. Mən elə düşünürəm ki, azərbaycanlını gülüş hədəfinə çevirən lətifələr elə bu cür insanlardan belə hətərəm-pətərəm danışıqlarından nəşət tapıb. 
Bu məsələ bir müddət gündəmdən düşdü. Sonra deyəsən bunların dövlət qanunundan, prezidentin çıxışından, sekularizmdən, dindarlıqdan iynə ucu qədər xəbəri olmayan işçilərindən birinin səs yazısı yayıldı. Kim idisə eyniylə öz rəisi kimi "copy-paste" edib danışırdı. Muxbir deyir ki, belə bir qanun varmı? Deyir Azərbaycan dünyəvi dövlətdir, kim balasını dindar böyütmək istəyirsə gedib İranda, Türkiyədə yaşasın. Bəli, məsələ başı bəlalı hicab məsələsidir. Bu adam və onun rəisi əlbəttə ki, "zır çuşka", "zırrama", "kəntoş", "kəntalı" və s. kimi titullara daha çox layiqdirlər, nahaq yerə icra işçisi təyin ediliblər. Bu "titulların" mənalarını özünüz araşdırıb tapa bilərsiniz, amma balaca uşaq da bilir ki, bu "titullar" Azərbaycanda "tupoylara" verilən titullardır. İndi bu yerdə necə tənqid etməyək.
Deməli o gün qonşunun azyaşlı, amma mətbuatda yazılan, ölkədə baş verən olaylarla maraqlanan oğlu ilə mənim aramda baş tutan dialoqa baxın:
-Əmi, siz müəllim adamsız, deyin görüm Türkiyə dini dövlətdir?
-Yox bala, dünyəvidir.
-Bəs İran da dünyəvidir?
-Yox, İslam Respublikasıdır.
-Ola bilməz axı, məncə Türkiyə də dini dövlətdir.
-Niyə ki?
-Çünki Xızının icra başçısı deyir ki, kim hicab taxmaq istəyir getsin İranda və Türkiyədə yaşasın. Deməli, Türkiyə dini dövlətdir.
-Yox, sadəcə orada da hicaba, dinə icazə verirlər. Amma dünyəvi dövlətdir.
-Onda belə çıxır ki, İran da dünyəvi dövlətdir, amma orada da dinə icazə var?
Nə isə uzun sürən və başağrı gətirən bu dialoqdan məlum olur ki, Xızı İcra Hakimiyyətinin kəntalı standartlarına uyğun işləyən işçiləri uşağın başını yaman pozublar. Bu işçilər elə bilirlər ki, Azərbyacanda dindar olmaq olmaz, bu ölkədə hamı dinsizdir. Dindar olmaq istəyən də zəhmət çəkib gedib İranda, Türkiyədə yaşamalıdır. Bu məntiqlə Xızı icra başçısı və onun "şillə vuranı" gərək gedib Balaxanı zibilliyində yaşasın. Çünki dinsiz sovetlər tarixin zibilliklərinə çoxdan gömülüb. Azərbaycan xalqı isə müsəlman xalqdır, dinsiz olmaq istəyən gedib zibilxanada yaşasın. 
Mən isə uşağı belə başa saldım ki, İran dini dövlətdir, Türkiyə isə dünyəvi respublikadır. Amma çünki hicab dini ayin olmaqdan əlavə həm də insan haqlarının, dini etiqad azadlığının tərkib hissəsi sayıldığı üçün dini dövlət də dünyəvi dövlət də ona hörmətlə yanaşır. Məsələ bu qədər sadədir. Amma Azərbaycanda bir qrup rəsmilər var ki, ölkəni 21-ci əsrdən, mədəniyyətdən, mentalitetdən, xüsusən də dindən ayırıb, kəntalı standartları, kəntoş meyarları əsasında idarə etməyə çalışırlar.
Mən özüm də kəndi sevirəm, kənd adamıyam, yayda kəndə gedirəm, "kəntalı", "kəntoş" deməklə elə bilməyin ki, kənd camaatını təhqir edirəm. Əsla belə deyil. Məsələ burasındadır ki, mənim inancıma və müqəddəs kitabımız olan Quranın göstərişinə əsasən bir məntəqəyə elm gəlməyibsə o məntəqə kənddir, amma ora elm gəldikdə o məntəqə növbəti dəfə şəhər kimi yad edilməlidir. Çünki elm olan yerdə mədəniyyət var. Amma bizim kəntalı, kəntoş, çuşka standartları ilə yaşamağa çalışan bir çox rəsmilərimiz dindar olmaq istəmirlər, dini öyrənmək, savadlanmaq istəmirlər, məhz buna görə də Quranın bu göstərişindən qafildirlər.

Arif Mirzə

  • Yazılıb
  • da (də) 2018 Oct 14
  • Göndərən مدير سايت Aran News