Tarix : 2018 Oct 17
Kod 56688

Təbriz “Regionda terrorizm, separatizm və işğalın nəticələri” elmi konfransına evsahibliyi edib

Təbrizdə İran və Azərbaycan Respublikası ziyalıları, tanınmış şəxsiyyətləri, media əməkdaşlarının iştirakı ilə “Regionda terrorizm, separatizm və işğalın nəticələri” elmi konfransı keçirilib.

Qarabağın azad olunmasını böyük bayram kimi qeyd etməyi arzu edirik

Konfransda çıxış edən Təbriz Universitetinin müəllimi doktor Məhəmmədəli Mütəfəkkirazad İkinci Dünya Müharibəsindən sonra Qərbi Asiya və Şimali Afrika regionunda baş verən hadisələrə, habelə Osmanlı İmperiyasının parçalanmasına toxunaraq deyib: “Müstəmləkəçi dövlətlər evlər yıxan bu müharibədən sonra regionun qüdrətli dövlətlərini parçalamaq, beləliklə onların regional gücünü zəiflətmək fikrinə düşdülər.”

Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsinə işarə edən natiq dedi: “Bu işğal Azərbaycan Respublikası vətəndaşlarının qəlbində yaraya çevrilməklə yanaşı, İran və region müsəlmanlarının da qəlbinə od vurmuşdur. Ümidvarıq ki, tezliklə və bədəndən ayrılmış Qarabağın azad olunaraq İslam ağuşuna qayıtması ilə böyük qələbə bayramı keçirək.”

Doktor Mütəfəkkirazad çıxışının digər hissəsində terror, işğal və separatçılıq məfhumlarının bir-biri ilə əlaqəli olmasını diqqətə çəkərək vurğulayıb: “İslam İnqilabının qələbəsindən sonra region xalqları arasında imperializmə qarşı qiyam şövqü artdı. Cinayətkar Amerikanın başçılığı ilə əsas imperializm amili bu üç ünsürdən (terror, separatçılıq və işğal) faydalanmaqla İslam İnqilabını zəiflətməyə səy göstərdi. İraq, Suriya, İran və Ərəbistanı parçalamaq bu planın son oxudur.”


Qarabağ münaqişəsinin həlli üçün müsəlman ölkələri bu məsələyə daxil olmalıdır

Konfransda çıxış edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Təbriz universitetlərinə və konfransın təşkilatçılarına öz minnətdarlığını bildirib, Əhvazda cinayət törədən terrorçulara nifrət etdiyini açıqlayıb və hadisə qurbanlarının ailələri ilə kədərini bölüşüb.

QAT sədri deyib: “İran və Azərbaycanın düşmənləri illərdir ki, terror və işğalçılıq kimi metodlardan istifadə edərək, bu iki xalqı incitməkdən əl çəkmirlər. Amma, bu iki xalq düşmənə gözdağı vermək üçün bir-birinə dayaq olaraq problemlərin həllində bir-birinə dəstək olurlar.”

Akif Nağı əlavə edib: “Dəfələrlə demişik ki, Fələstini, Yəmən, Qarabağ, Kəşmir və s. kimi İslam ölkələrinin problemlərinin həlli yalnız müsəlmanların birliyi və əməkdaşlığı ilə mümkündür. Bu problemlərin İslam dünyasından kənarda həll yolu yoxdur.”

QAT sədri çıxışının davamında deyib: “İslam Əməkdaşlıq Təşkilatının BMT-də baş tutan iclasında Azərbaycan Respublikasının xarici işlər naziri ilk dəfə olaraq bizim on il bundan əvvəl dediyimiz sözü təkrar edərək dedi ki, müsəlman ölkələri işğalçı Ermənistan ölkəsi ilə münasibətlərinə yenidən baxmalıdır, Ermənistanla əlaqə saxlayaraq onun işğal etdiyi ərazilərdən çıxmasını və 25 illik işğalın ziyanlarının ödənilməsini istəməlidirlər.”

Akif Nağı daha sonra deyib: “Bizim qəti istəyimiz budur ki, İran, Türkiyə və Pakistan ölkələri Qarabağ münaqişəsinin həlli üçün yaradılmış beynəlxalq Minsk qrupunun tərkibinə daxil edilsin.”


Qərbin məkirli planına qarşı padzəhər müsəlmanların birliyidir

Təbriz Universitetinin beynəlxalq münasibətlər üzrə müəllimi çıxışında işğal və terror terminlərini öz fikirlərinə uyğun izah etməyi tənqid edib.

Doktor Nəsiri deyib: “Qərb və onun başçıları bu günləri terror və işğal terminlərini öz səliqələrinə uyğun izah edir, hansı işin terror olduğunu və hansı işin terror olmadığını öz fikirlərinə uyğun təyin edirlər. Qərb mediaları də bu fikir üzərində terror, terrorçu və terrorizmi izah edir, onun nümunələrini göstərirlər.”

Samuel Hantinqtonun “sivilizasiyaların toqquşması” nəzəriyyəsinə işarə edən doktor Nəsiri deyib: “Politologiya araşdırmalarında bu məşhur nəzəriyyəyə əsasən, İslam aləmi, Rusiya və Çin üç güc olaraq Amerika və imperializm üçün ən böyük təhdidlər hesab olunur. Amerika bu üç gücü çökürtmək ardıncadır. Bunun padzəhəri müsəlmanların birliyidir.”


Təhlükəsizlik Şurasında müsəlmanların nümayəndəsi olmamasını necə qəbul etmək olar?

Konfransın digər natiqi Azərbaycan Vətəndaş İnkişafı Partiyasının sədri olub.

Əli Əliyev çıxışında müsəlmanların qədim ərazisi olan İrəvanda Ermənistan dövlətinin yaradılmasını dünya müharibələrindən sonra İslam aləminin iki güclü ölkələri olan İran və Türkiyənin inkişafının qarşısını almaq məqsədi daşıdığını bildirərək deyib: “Hazırda İran və Türkiyə Qarabağ məsələsinə ciddi müdaxilə edərək bu münaqişənin həllinə kömək edə bilərlər.”

VİP sədri əlavə edib: “İslam aləminin indiki problemələrinin çarəsi birlik nümayiş etdirməkdir. Bir milyard müsəlmanın dünyanın ən önəmli məsələlər barədə qərarların qəbul edildiyi BMT-nin Təhlükəsizlik Şurasında bir daimi üzvə malik olmamasını necə qəbul etmək olar?”

Əli Əliyev çıxışının digər hissəsində deyib: “Azərbaycan Respublikasının qeyrətli gəncləri işğalçı düşmənlə müharibədən qorxmurlar. Bu arada xarici amil, ya öz nüfuzunu genişləndirmək qələbə gətirəcək müharibənin başlamasına mane olur.”


Hüseyn məktəbində ədalət gücə qurban edilmir

Qarabağ İslam Müqaviməti Hərəkatının sədri çıxışında deyib: “Təəssüf ki, bu gün dünya siyasəti gücü ədalətlə bərabər hesab edir və güclü tərəf nə qədər zülmkar olsa da ədalətli kimi bizə göstərilir.”

Rövşən Əhmədli çıxışının davamında deyib: “Biz elə bir məktəbin davamçısıyıq ki, bu məktəbdə ədalət gücə qurban edilmir və Hüseyn (ə) kimi bir şəhid öz canını və ən çox sevdiklərini fəda edir.”

Rövşən Əhəmədli daha sonra deyib: “İranlı mütəfəkkirlərdən biri Qarabağla bağlı mənə dedi ki, sizin müsibətiniz müharibə sözünü münaqişə ilə dəyişəndə və işğal olunmuş torpaqlarınızı azad etmək üçün müzakirəyə oturanda başladı. Bunu Qarabağ reallığı hesab edirik.”

  • Yazılıb
  • da (də) 2018 Oct 17
  • Göndərən مدير سايت Aran News