Tarix : 2018 Oct 18
Kod 56690

Zəncandakı beynəlxalq konfransda Qarabağla bağlı yekdil mövqe

Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri davam edir. Səfər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilib.

Arannews-Nümayəndə heyəti Zəncan şəhərində təşkil olunan “Qarabağ islam torpağıdır” beynəlxalq konfransına qatılıb. “Yeni Müsavat”ın konfransda iştirak edən əməkdaşının verdiyi məlumata görə, konfransda İrandan olan ziyalılar, din alimləri, tələbələr iştirak ediblər.Zəncandakı İslami-Azad Universitetinin beynəlxalq siyasət müəllimi Seyyid Fərşid Cəfəri konfransı giriş sözü ilə açaraq Azərbaycan Respublikasından gələn qonaqları səmimi salamlayıb və iştirakçıları bir-bir təqdim edəndən sonra tədbirin məram-məqsədindən bəhs edib: “Biz bir sıra həqiqətlərin üzə çıxarılması üçün bu kimi konfransların təkrar keçirilməsini faydalı hesab edirik. Amma istəyirik ki, bu kimi tədbirlərdə biz nəticə əldə edək. Biz heç vaxt özümüzü Azərbaycan Respublikasndan, Azərbaycan Respöublikasının xalqından ayrı bilmirik. Gözümüzü Qarabağa dikmişik”.Aparıcı bunun ardınca İran İslam Respublikasının Qarabağ məsələsi ilə bağlı mövqeyindən bəhs etdi. Dedi ki, İranın Qarabağ məsələsinə baxışı işıqlı baxışdır. Sonra isə o, iki ölkənin əlaqələrindən danışdı: “Bizim Azərbaycan Respublikası ilə çox yaxın əlaqələrimiz var. Bizim tariximiz, dilimiz, dinimiz birdir. Bunlar səbəb olur ki, biz Azərbaycanla yaxın olaq. İstəsək də, Azərbaycandan uzaq ola bilmərik. Biz hesab edirik ki, Qarabağ islam torpağıdır. Bu baxışı bizim böyük rəhbərimiz həzrəti Xamenei də bəyan edib. İran İslam Respublikası Qarabağın azadlığı üçün çalışır. Qarabağın işğaldan azad olunması uğrunda həlak olanları İran İslam Respublikası şəhid olaraq tanıyır və onlara çox böyük hörmət bəsləyirlər”.

Seyyid Fərşid Cəfəri qeyd etdi ki, İran Qarabağı heç vaxt özündən uzaqda görmür: “Bizim o baxışımız ki, Fələstinə var, Qarabağa da o cür baxırıq. Bir sıra dövlətlər bu birliyə razı deyillər və istəmirlər ki, İran işıqlı baxışını Qarabağ məsələsinə göstərsin. İsrail heç vaxt razı olmaz ki, İran-Azərbaycan münasibətləri normal olsun”.

QAT sədri Akif Nağı Zəncan Universitetinə konfransı təşkil etdiyinə görə təşəkkür etdi. Həmçinin tədbirdə iştirak edənlərin arasında gənclərin üstünlük təşkil etməsindən məmnunluğunu ifadə etdi: “Qarabağ uğrunda mübarizənin önündə, islam dünyasındakı problemlərin həllində gənclərin xüsusi rolu var. Biz inanırıq ki, gənclərimiz böyük uğurları, qələbələri ilə hər zaman bizi sevindirəcəklər.Qarabağ islam torpağıdır. Bu ifadənin müəllifi olan hörmətli Seyid Əli Xameneiyə xüsusi olaraq təşəkkür edirik. Bu mübarizədə kimlər bizə kömək edirlərsə, onlara böyük minnətdarlığımızı bildiririk. Bu kömək də əsasən islam dünyasından gəlir. Biz düşmənin qarşısında gücsüz, cəsarətsiz deyilik. Bizim düşmənimiz Ermənistandır, erməni təşkilatları və onları himayə edənlərdir”.A.Nağı İrana səfərinin məqsədi barədə də danışdı: “Bizim əsas məqsədimiz budur ki, həqiqətlərimizi daha geniş miqyasda yayaq. İkinci məqsədimiz ondan ibarətdir ki, işğalçı Ermənistanın arxasında dayanan böyük güclərə qarşı biz də inandığımız, etibar etdiyimiz dost ölkələrlə - İran, Türkiyə, Pakistanla bir yerdə olmalıyıq. Biz bu ölkələrlə din, tarix, mədəniyyət baxımından bir yerdəyik. Bizim Ermənistana gücümüz çatar. Bunu dəfələrlə sübut etmişik. Mübariz İbrahimov kimi oğullarımız on minlərlədir və Ermənistana həmişə dərs verə bilərik. Sadəcə Ermənistanın arxasında böyük güclər var ki, onlara qarşı dayanmaq üçün biz də bir yerdə olmalıyıq”.

A.Nağı dedi ki, erməni işğalçıları Azərbaycanın işğal altındakı ərazilərdəki məscidlərdə donuz saxlayır: “Çox istərdik ki, İran ictimaiyyəti, Zəncan əhalisi bu acı həqiqətlərdən xəbərdar olsun. Bizim Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin mövqeyi ondan ibarətdir ki, Qarabağ məsələsinin həlli hərbdən keçir. Çünki sülh nəticə vermədi. Minsk Qrupunun həmsədrləri xristian dövlətlərindən ibarətdir və Ermənistanı himayə edirlər. Müharibəni biz də istəmirik, çünki müharibə qan-qada, ölüm deməkdir. Amma əgər Ermənistan bəşəri normalara zidd addımlar atırsa, o halda hərbdən başqa çıxış yolu qalmır”.QAT sədri dedi ki, Ermənistanda “Böyük Ermənistan” iddiası var və onlar təkcə Azərbaycana deyil, İran, Türkiyə, Gürcüstana da torpaq iddiası irəli sürürlər. Dövlət səviyyəsində hansı dəstək olacaqsa, bu, öz yerində, amma biz istəyirik cəmiyyət olaraq bizə dəstək verəsiniz.A.Nağı İrəvan Azərbaycan xanlığının ərazisində Rusiyanın dəstəyi ilə Ermənistan adlı dövlət yaradıldığını bildirdi:“Ermənilər İrəvanda islama aid bütün abidələri məhv ediblər. Həmçinin işğal etdikləri Dağlıq Qarabağ və ətraf 7 rayon ərazisində İslam izini itiriməyə çalışırlar, İslama aid nə varsa, hamısını məhv edirlər. Əgər Azərbaycan Qarabağı itirəcəksə, bu, islam dünyasının da böyük itkisi olacaq. İstərdik ki, İslam dünyası bu məqamı unutmasın!”“Azərbaycan Qardaşıqsa, qardaş qardaşa əl tutar, borc verməz”Din alimi Mamusta Əbdülsəlam da səslənən fikirlərlə həmrəyliyini ifadə etdi: “Biz müsəlmanlar islamın qoyduğu qaydalara əməl edək. İslamda göstərilir, hər yerdə ki, müsəlman incidilir, əzab çəkir, gərək onun yanında olasan. Qarabağ münaqişəsində də biz müsəlmançılıq gözü ilə baxsaq, bu münaqişədə Azərbaycan xalqını və dövlətini müdafiə etməliyik. Biz universitetlərimizdə “islam oyanışı” ifadəsini işlədirik. Bizlər gərək oyanaq. Əgər bu oyanma hasil olmasa, onda müsəlmanlara qarşı hücumlar davam edəcək. Biz Qarabağ məsələsində müsəlman dövlətlərdən dəstək gözləyirik. Mən təəssüf edirəm ki, müsəlman ölkələri düşmənlərə xidmət edirlər. Məsələn, Səudiyyə Ərəbistanı kimi böyük dövlət özünü bəzi dövlətlərə dayayıb, hansı ki, onlar şərə xidmət edirlər”.Qarabağ uğrunda İslami Müqavimət Hərəkatının sədri Hacı Rövşən Əhmədli də tədbirin önəmindən bəhs etdi: “Belə bir beynəlxalq konfransın bizim gözəl Zəncanımızda keçirilməsinə çox şadam. Hətta bu konfransların baş tutmaması üçün müqavimət göstərənlər də var idi”.Qarabağın işğalından danışan R.Əhmədli bu məsələnin təqdimatına etirazını bildirdi və zəruri düzəliş etdi: “Bu məsələ münaqişə məsələsi deyil. İran-İraq müharibəsi var idi, münaqişə idimi? Xeyr! İraq İranın ərazisinə soxuldu və İran toparlanıb işğalın qarşısını aldı. Qarabağ da işğal olunub”.R.Əhmədli İranın Azərbaycana verdiyi dəstəklə bağlı səslənən fikirlər barədə də maraqlı münasibət bildirdi:“Qardaşıqsa, qardaş qardaşa əl tutar, borc verməz ki. Ona görə də burda iştirak edənlər Qarabağın işğalını öz torpağının işğalı saymalıdır. Eyni zamanda bütün müsəlmanlar islam torpağı olan Qarabağın işğalına qarşı çıxmalı, Qarabağ məsələsində bir olmalıdır. Bizim yanaşmamız budur ki, Qarabağın işğalı Qüdsün işğalının davamıdır. Azərbaycan öz tərəfində ilk növbədə islam ölkələrini bilir. Çünki xristian gücləri Ermənistanı himayə edirlər. Gərək ki, bizim ruhani qardaşlarımız Fələstin, Yəmən, Bəhreyndən söz salanda Qarabağdan da danışsınlar. Ümid edirik ki, inşallah Qarabağ qələbəsinin konfransını keçirəcəyik”.

Beynəlxalq konfrans digər çıxışlarla davam etdi.Qeyd edək ki, konfransda Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, Vətəndaş İnkişafı Partiyasının sədri (VİP) Əli Əliyev, QAT sədrinin müavini İlqar Əli, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, Qarabağın Azadlığı Uğrunda İslami Cəmiyyətinin sədri Hacı Rövşən Əhmədov və AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı, şəqrşünas alim Əkrəm Bağırov iştirak edirdi.

“Yeni Müsavat"


  • Yazılıb
  • da (də) 2018 Oct 18
  • Göndərən مدير سايت Aran News