Tarix : 2018 Oct 19
Kod 56697

Zəncanda “Qarabağ İslam Torpağı” elmi konfrans keçirildi

Zəncanda “Qarabağ İslam Torpağı” elmi konfransı Akif Nağının başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilib.

AranNews - Zəncanda “Qarabağ İslam Torpağı” elmi konfransı Azərbaycandan gəlmiş nümayəndə heyətinin iştirakı ilə keçirilib. Nümayəndə heyəti Təbrizdə “Regionda terrorizim, separatizm və işğalçılığın nəticələri” elmi konfransında iştirak etdikdən sonra “Qarabağ İslam torpağı” konfransında iştirak etmək üçün Zəncana yola düşüb.Konfransda Zəncan Azad İslam Universitetinin beynəlxalq münasibətlər üzrə müəllimi doktor Cəfəri çıxış edərək bu kimi konfransların təsirli olacağına ümid etdiyini bildirib, Qarabağ barədə daha artıq tarixi həqiqətlərin aşkar olmasını istəyib.Doktor Cəfəri İran İslam Respublikasının Qarabağla bağlı rəsmi mövqeini bir daha xatırladaraq deyib: “İran İslam Respublikasının Qarabağa baxışı çox aydın bir mövqedir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bu ölkə İslam aləminin bir hissəsi kimi öz yerini tapdı. Həmin dövrdə əzəmətli İslam İnqilabı da qələbə çalmışdı. İran və Azərbaycan arasında olan ortaqıqları heç bir üçüncü ölkə ilə müqayisə etmək olmaz. Din, dil və tarix bu ortaqlıqlardan hesab olunur.”Universitet müəllimi çıxışının davamında deyib: “İranın Azərbaycan Respublikasına baxışı Ali Məqamlı Rəhbərin baxışıdır. Ali Məqamlı Rəhbər Azərbaycanı İslam ümmətinin və İslam aləminin bir hissəsi bilir. Digər tərəfdən İran Qarabağın azad olunması üçün təlaş edən hər bir kəsi dəstəkləyir. Bu dəstəklər tarixdə qeyd olunub və bunun sənədləri mövcuddur. Biz Qarabağın azad olunması yolunda ölənləri şəhid hesab edirik və onlara hörmət bəsləyirik.”Doktor Cəfəri çıxışının digər hissəsində deyib: “Tarixi sənədlərə müraciət etdikdə görürük ki, Azərbaycan Respublikasının həssas vaxtlarında İran bu ölkənin yanında olmuşdur və biz Qarabağı heç vaxt özümüzdən uzaq görmürük. Bizim Qarabağa baxışımız Fələstinə baxışımızla eynidir. Amma bir sıra dövlətlər İranın Azərbaycan və Qarabağa bu baxışından razı deyil. Qondarma və qəsbkar İsrail bu dövlətlər sırasındadır. İran Qarabağın azad olunmasını dəstəkləyir. Bu mövzuya Ali Məqamlı Rəhbər təkid etmişdir. Üstəlik, bizim Konstitusiyamızda da bu məsələyə təkid olunub. Mən çox ümid edirəm ki, bu kimi konfransların təkrar olunması ilə həqiqət üzə çıxacaq, İran və Azərbaycan xalqlarının baxışları eyni istiqamətdə dayanacaq, yeni həll yolları seçiləcək. Biz Qarabağ mövzusuna xüsusi diqqətlə yanaşırıq və təkid edirik ki, bu münaqişə ədalətli şəkildə din qardaşlarımızın xeyrinə başa çatsın.”Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri Akif Nağı konfransda çıxış edib. Qarabağ Azadlıq Təşkilatının sədri nümayəndə heyətinin Zəncanda ilk dəfə olaraq iştirak etdiyini diqqətə çatdırıb və Zəncanda Qarabağla bağlı tədbir keçirilməsindən sevinc hissi duyduğunu vurğulayıb.Akif Nağı öz sözünü “Qarabağ İslam torpağıdır” məşhur cümlə ilə başlayaraq deyib: “Bu gözəl cümlənin təkcə İranda deyil, Azərbaycanda da saysız tərəfdarları vardır. Biz İran İslam Respublikasının hörmətli rəhbərinə əsaslı mövqeinə görə təşəkkür edirik.

Azərbaycan xalqı gücsüz və cəsarətsiz deyildir. Amma bizim düşmənlərimiz hazırkı dünyada erməni lobbi mərkəzlərindən əlavə, həm də böyük xristian ölkələridir. Biz bu kimi konfranslar keçirməklə Qarabağ həqiqətlərini daha düzgün şəkildə insanlara çatdırmağa çalışırıq. İlk addımda öz müsəlman qardaşlarımızı bu həqiqətlərdən xəbərdar etmək istəyirik.”

QAT sədri daha sonra deyib: “Bu qarşıdurmada ermənilərin arxasında xristian dünyası dayanırsa, bizim də bu meydanda hamilərimiz vardır və bu hamilərimiz İran, Türkiyə və Pakistanda müsəlman qardaşlarımızdır. Biz hərbi gücümüzə arxalanaraq Qarabağ məsələsini həll edə bilərik. Qarabağ müharibəsi başlanan vaxtdan İran Azərbaycana dəstək vermişdir və mən bu həqiqəti yenidən burada təkrar edirəm.”Nümayəndə heyətinin başçısı çıxışının digər hissəsində deyib: “Ermənilər Qarabağ mövzusu ilə bağlı mənfi təbliğatlar aparırlar. Qarabağın işğalı təkcə torpağın işğal edilməsi deyil; İslamın bu ərazisində mənəvi dəyərlərin, dini irsin işğal edilməsidir. Bu günləri Qarabağ məsələsinin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunda üç xristian ölkəsi qrupun həmsədrləri kimi fəaliyyət göstərir və bu qrupun tərkibinə heç bir müsəlman ölkəsi daxil edilməyib. Biz təkid edirik ki, Minsk qrupunun tərkibi dəyişilsin, İran, Türkiyə və Pakistan ölkələri bu qrupa daxil olsun.”Universitet müəllimi vurğulayıb: “Rusiya və Amerika arasında dünyanın bütün məsələləri barədə fərqli baxışlar vardır. Amma onlar yalnız Qarabağ mövzusunda ortaq fikirdədirlər. Çünki xristianlıq ünsürü onlar üçün birlik vasitəsidir. Biz ilk addımda Qarabağ məsələsinin dini bir məsələ olduğunu bildirməliyik. Qərb ölkələri erməniləri dəstəkləməklə bu mövzuda heç bir dini məsələ olmadığını göstərməyə təlaş edirlər.”Akif Nağı çıxışının sonunda deyib: “Biz dünən Təbrizin imam cüməsi höccətül-islam vəl-müslimin Ali-Haşim ilə görüşdə də təkid etdik ki, bu münaqişə müzakirə yolu ilə həll olmalıdır. Amma əgər Ermənistan dövləti bu mövzunun sülh çərçivəsində həll olunmasını istəməsə, hərbi yolla həll etməkdən başqa bir yol qalmır. İslam dünyası bilməlidir ki, Qarabağı itirmək təkcə Azərbaycanın məğlubiyyəti deyil, eyni zamanda İslamın məğlub olmasıdır.”Konfransın digər bir natiqi Sənəndəcin əhli-sünnə imam camaatı Mamusta Əbdüssalam İran İslam Respublikasının yarandığı gündən Konstitusiyaya söykənməklə Fələstinin məzlum xalqını və digər müsəlmanları dəstəklədiyini vurğulayaraq deyib: “İran Qarabağ mövzusunda da Azərbaycanı dəstəkləmişdir. Azərbaycanlı müsəlman qardaşlarımızın Arazın iki tərəfində yaşamasına diqqət etməklə bu məsələ iki ölkə müsəlmanları arasında əlaqə körpüsü ola bilər. İndi oyanış vaxtıdır. Əgər bu oyanış olmasa, biz məğlubiyyətə düçar ola bilərik.”

Əhli-sünnə alimi daha sonra deyib: “Qurani-kərim bizi vahid ümmət adlandırdığı kimi biz də bir-birimizin qəm və sevincinə şərik olmalıyıq. Bu istiqamətdə əhli-sünnə alimləri Qarabağın məzlum xalqına dəstəyini elan edir. Çox təəssüf edirik ki, Səudiyyə Ərəbistanı kimi bəzi ölkələr lazımi potensiallara malik olmalarına baxmayaraq imperialist dövlətlərin ardınca gedirlər. Dünya müsəlmanları öz güclü cəhətlərini bilsələr və ixtilaflardan uzaq dursalar, dünyada böyük güc kimi ortaya çıxa bilərlər.”Konfransın son hissəsində Qarabağ Uğrunda İslam Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli konfrans təşkilatçılarına öz təşəkkürünü bildirməklə yanaşı deyib: “Bu kimi tədbirlərin keçirilməsinin çətin olduğunu bilirik. Biz bundan əvvəl Təbriz və Ərdəbildə bu qəbildən olan konfranslara qatılmışdıq. İlk dəfə olaraq Zəncandayıq və biz buna görə çox şadıq.”

Rövşən Əhmədli çıxışının davamında deyib: “Mən xahiş edirəm ki, Qarabağ mövzusu üçün münaqişə ifadəsini işlətməyin. İran və İraq müharibəsini münaqişə adlandıra bilmədiyimiz kimi Qarabağ müharibəsini də münaqişə adlandırmamalıyıq. İraq zorla İran ərazisinə daxil olmuşdu. İran da bu işğalçı qarşısında dayandı. Ermənilər də zorla müsəlmanların torpaqlarını işağl ediblər.”Rövşən Əhmədli çıxışının digər hissəsində təkid edib: “Qarabağ məsələsi İslamın qardaşlıq mövzusudur. Biz Bəhreyn, Suriya, Yəmən və s. məsələlərdə qardaşlığa ehtiyac duyduğumuz kimi Qarabağ məsələsində də qardaşlığa ehtiyac duyuruq. Bu işğalçılığın ilk günlərindən təkid etdik ki, Qarabağın işğalı Qüdsün işğalının davamıdır. İnşallah, bir gün hər ikisi azad olacaq.”Qarabağ Uğrunda İslam Müqavimət Hərəkatının rəhbəri çıxışının sonunda deyib: “Bu gün elə bir dünyada yaşayırıq ki, ədalətin yerinə güc hökmranlıq edir. Elə bir müharibədəyik ki, bu müharibədə Azərbaycan özünü İslamın ön sırasında görür. Ona görə də Qarabağ mövzusu təkcə Azərbaycana aid deyil. Biz gözümüzü bu mövzuda İranın ruhanilərinin, müəllimlərinin və gənclərinin dəstəyinə dikmişik. Əlbəttə, bu dəstəkləri dəfələrlə Ərdəbil, Təbriz və Urmiya imam cümələrinin dilindən eşitmişik. Ümid edirik ki, bir gün bu diyarda Qarabağın azad olunması xəbəri veriləcək.”

  • Yazılıb
  • da (də) 2018 Oct 19
  • Göndərən مدير سايت Aran News