Tarix : 2018 Nov 09
Kod 56883

Köhnəlmiş neft emalı zavodu Bakını zəhərləyir

Bakı Neft Emalı Zavodunun havaya atdığı tullantılar paytaxt sakinlərini zəhərləyir.


Arannews-Uzun illərdir ki, Bakı Neft Emalı Zavodu paytaxtda havanın içirklənməsinin əsas mənbəyidir. Zavodun fəaliyyəti  köhnə texnologiyalara  əsaslanır. Bu səbəbdən havanı çirklənmə əmsalı müasir texnologiyalar əsasında qurulan neftayırma zavodlarına nisbətən dəfələrlə yüksəkdir.SOCAR zavodun yenidən qurulmasına 2 milyard dollar xərcləməyi planlaşdırır. Yenidənqurma prosesi ilə bağlı istehsalın dayandırılacağı gözlənilir. Amma hələ ki zavod işləyir və havanı çirkləndirməkdə davam edir.Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyinin sədri Mirvari Qəhrəmanlı  deyir ki, təşkilat yaranan gündən neft layihələrində fəaliyyət göstərən şirkətlərin ətraf mühitə təsirinin monitorinqini aparır və hər il xüsusi hesabatlar hazırlanır. Hesabatlarda bu vaxta qədər şirkətlərin nə qədər cərimə ödədikləri qeyd olunur, amma şirkət rəhbərləri cəzasız qalır.“Son 5 ildə təkcə BP şirkəti ətraf mühiti çirkləndirdiyi üçün 1 milyon 240 min manatdan çox cərimələnib, SOCAR-a 500 min manata qədər cərimə yazılıb. SOCAR bəhanə gətirir ki, Neft Emalı Zavodunda avadanlıqlar köhnədir. Biz havaya qara tüstünün atılması ilə bağlı bu ilin iyun ayında sosial şəbəkədə yazan kimi Ekologiya Nazirliyi reaksiya verdi. Səhər saat 4-dən 6-ya kimi havaya  nə atırlarsa, ətrafda yaşayan insanlar nəfəs ala bilmir”-Qəhrəmanlı deyir.Xatırladaq ki, Bakı Neft Emalı Zavodunda texnoloji proseslərin pozulması nəticəsində Bakının bəzi rayonlarında xoşagəlməz qoxu və tüstünün yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəfələrlə cərimələnib.“Təkcə bu ilin yayında həmin zavod bildiyimə görə, 40 min manat cərimələnib. Oktyabr ayında yenidən nazirliyə yenidən müraciət etdik. Düzdür, ETSN cərimə tətbiq edir. Amma bu cərimə idarə rəhbərinin cibindən getmir. Heç bilinmir o cəriməni ödəyirlər, ya yox. Bu həm də Səhiyyə Nazirliyini düşündürməlidir. Çünki tullantılarda insan orqanizmi üçün fəsad törədən maddələr var. Havaya bu maddələri  atanlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”-M.Qəhrəmanlı bildirib.Sonuncu dəfə bu ilin sentyabr ayında nazirliyin Ətraf Mühitin Mühafizəsi və Ətraf Mühit üzrə Milli Monitorinq departamentlərinin mütəxəssisləri yerində araşdırma və monitorinq aparıblar. Aparılan təhlillər zamanı havadakı iy-qoxunun Bakı Neft Emalı Zavodunun Böyük Şor sahəsindəki qurğuların ətrafında daha çox yayıldığı müşahidə edilib. Nazirliyin mütəxəssisləri tərəfindən aparılan analizlərin  nəticəsi olaraq həmin ərazilərdə  havada etil-benzol, meta-ksilol, orto-ksilol, hidrogen sulfid kimi kimyəvi maddələrin yol verilən qatılıq həddindən çox olduğu müəyyənləşib.Nazirlik tərəfindən zavodun rəhbərliyinə xəbərdarlıq olunub və icrası məcburi olan "məcburi göstəriş" verilib. Lakin zavod hələ də Bakını zəhərləməkdə davam edir...


  • Yazılıb
  • da (də) 2018 Nov 09
  • Göndərən مدير سايت Aran News