Tarix : 2018 Nov 13
Kod 56919

Prokuror Aslan İsmayılova iki il islah işləri və pul cəzası istədi

"Viza" hüquq şirkətinin rəhbəri, hüquqşünas Aslan İsmayılova qarşı xuliqanlıq ittihamı üzrə məhkəmə istintaqı yekunlaşıb.

Arannews-Noyabrın 12-də Binəqədi Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyilə keçirilən prosesdə prokuror çıxış edərək, A.İsmayılovun Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsilə təqsirli bilinib, aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla, 1 il islah işləri cəzasına məhkum edilməsini istəyib.Prokuror bildirib ki, A.İsmayılovun haqqında iyul və avqust aylarında iki hökm çıxarılmışdı. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin iddiası əsasında A.İsmayılov 1500 manat cərimələnib. "Xəmsə" şadlıq sarayının sahibi Mürvət Həsənlinin iddiası əsasında isə aylıq qazancının 15 faizi tutulmaqla, 1 il 6 ay islah işləri cəzasına məhkum edilib. Prokuror bütün cəzaların birləşdirilib, A.İsmayılova qəti olaraq, 2 il islah işləri və 1500 manat cərimə cəzası verilməsini istəyib.Prokurorun sözlərinə görə, A.İsmayılovun Hafiz Hacıyevin təhqirə görə cinayət məsuliyyətinə cəlb olunması üçün qaldırdığı iddianı hakim Rəşad Məmmədov icraata götürməkdən imtina edib. Hakimin köməkçisi A.İsmayılova belə qərar qəbul edildiyini xəbər verəndə, o, etiraz olaraq, məhkəmə binasında xuliqanlıq edib. Prokuror bildirib ki, A.İsmayılov qapının çərçivəsini sındırıb, divarın suvağını tökməklə 130 manat ziyan vurub. Daha sonra məhkəmənin həyətinə çıxıb və qışqıraraq, hakim Rəşad Məmmədovu, məhkəmənin sədrini təhqir edib.A.İsmayılov prokurorun çıxışının əsassız olduğunu bildirib. O, son sözünü məhkəməyə yazılı təqdim edəcəyini söyləyib və hazırlamaq üçün vaxt istəyib.Məhkəmə noyabrın 19-na qədər təxirə salınıb.A.İsmayılov məhkəmədən sonra jurnalistlərə açıqlamasında bildirib ki, onu həbs etdirmək istəyirdilər, lakin alınmadı:"Əli Həsənovun, Fikrət Məmmədovun, Zakir Qaralovun planı alınmadı. Hesablamışdılar ki, əvvəl haqqımda çıxartdırdıqları iki saxta hökmü əllərində əsas götürüb, prezident səviyyəsində həbsimə razılıq alacaqlar. Deyəcəklər ki, haqqında iki hökm var, üçüncü mütləq daha ağır cəza kimi, həbs olmalıdır. Görünən budur ki, razılıq ala bilməyiblər".

  • Yazılıb
  • da (də) 2018 Nov 13
  • Göndərən مدير سايت Aran News