Azərbaycan vətəndaşı İranda 1 həftə vizasız qala bilər Bunun üçün vətəndaşın əlində o baş-bu baş üçün bilet olmalıdır
Azerbaijan Servisi/Aran Agentliyi
«Media forum» saytının araşdırmasına görə, Türkmənistanı çıxmaqla MDB ölkələrinə (Rusiya, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan) müddətsiz, Türkiyə və İrana isə müəyyən müddətə vizasız gediş-gəliş mümkündür.
Saytın məlumatına görə, Azərbaycan vətəndaşı İranda 1 həftə vizasız qala bilər. Bunun üçün vətəndaşın əlində o baş-bu baş üçün bilet olmalıdır. Eyni şərt İran vətəndaşı Azərbaycan torpağına ayaq basanda da qüvvədədir. Vətəndaş hər hansı səbəbdən bir həftədən çox qonaq qalsa (iranlı Azərbaycanda, azərbaycanlı İranda), onda viza almalı və hər ay üçün 60 dollar viza haqqı ödəməlidir.
Türkiyəyə gedən Azərbaycan və ya Azərbaycana gələn Türkiyə vətəndaşları 3 ay vizasız ötüşə bilər. 3 aydan sonra isə o, qonaq ölkədə öz səfirliyinə müraciət edib viza almalıdır. 4-cü ay üçün viza haqqı 10 ABŞ dolları, sonrakı aylar üçün isə 60 dollardır.
Rusiyaya getmək vizasız olsa da, müəyyən məhdudiyyətlərə yol açan məqamlar var. Rusiyada qeydiyyata düşüb «qırmızı pasport» alan azərbaycanlı vətənə gələndə 1 ay vizasız qala bilər. Bundan artıq qaldıqda ondan viza tələb edilir.
Diplomatik və ya xidməti pasportları olanlar Türkiyə, İran, Pakistan, Çin, Macarıstan, Kuba, Laos, Monqolustan, Sloveniya, Rumıniya, Argentina, Braziliya, Bolqarıstan, Mərakeş, İordaniya və Makedoniyaya vizasız gedib-gələ bilərlər.
Dünyada viza məhdudiyyəti ilə ən az üzləşən ölkələr Finlandiya, ABŞ və Danimarkadır. Bu ölkələrin vətəndaşları daha çox ölkəyə vizasız gedib-gələ bilirlər. Sonrakı yerləri Almaniya, İsveç və İrlandiya, Böyük Britaniya, Fransa, Yaponiya və İtaliya tutur.
Türkiyə, Rusiya və Ukrayna vətəndaşlarının da vizasız gedib-gələ bildikləri ölkələrin sayı Azərbaycan vətəndaşları ilə müqayisədə çoxdur.
Dünyada ən az xəbər-ətərsiz (vizasız) qonaq qəbul edən və qonaq gedənlər İran və Əfqanıstan vətəndaşlarıdır.
Onu da qeyd edək ki, Azərbaycanda adi xarici pasport (ümumvətəndaşlıq pasportu) yaşıl, xidməti pasport göy, diplomatik pasport qırmızı rəngdədir. Ümumvətəndaşlıq pasportunu Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi, xidməti və diplomatik pasportları Xarici İşlər Nazirliyi verir.