Tarix : 2018 Dec 15
Kod 57196

MTN polkovniki: Mənə görə günahsız insanlara niyə əziyyət verirsiz

Həbsdə olan MTN generalları – Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin keçmiş rəhbəri Sübahir Qurbanov və onların tabeliyində işləmiş şəxslərin haqqındakı hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə davam edir.

Arannews-Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyilə keçirilən məhkəmə iclasında Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəis müavini olmuş polkovnik Füzuli Əliyev çıxış edib. Yaxın qohumlarının, hətta tanımadığı, ona heç bir aiddiyyəti olmayan adamların belə, çoxsaylı əmlaklarının müsadirə olunmasından danışan F.Əliyev bunun böyük haqsızlıq olduğunu söyləyib. Bildirib ki, həmin əmlakların ona məxsusluğu barədə heç bir sübut-dəlil yoxdur, fərziyyələr əsasında adamların evləri, maşınları əllərindən alınıb.Bakı Hərbi Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilmiş polkovnik bildirir ki, müsadirə olunan əmlakların çox alınanda, o, heç MTN-də işləmirdi: “Onlarla günahsız, bu işə aidiyyəti olmayan adamların mülkiyyət hüququ pozulub. Müsadirə olunan əmlakların mənə aidiyyəti olmaması barədə kifayət qədər sənədlər, sübutlar təqdim olunub. Lakin nəzərə alınmayıb. Mənə görə bacı-qardaşımın, onların övladlarının yaşadığı ev niyə müsadirə olunmalıdır? Onlar Azərbaycan vətəndaşı deyil? Onların konstitusion hüquqları yoxdur? Susuram, düşünürəm ki, Allah böyükdür. Amma bu qədər də haqsızlıq, ədalətsizlik olmaz. Mən dövlətim, xalqım, prezidentim üçün canımdan, qanımdan keçmişəm. Nə tapşırıq verilibsə, yerinə yetirmişəm. Çünki hesab etmişəm ki, mən əsgərəm, tapşırığı icra etməliyəm. Tutaq ki, məni günahkar sayırsız, başqa adamlara niyə əziyyət verirsiz? Gəncədə bacım oğlunun qonşuluğunda yaşayan bir nəfərin də evinə səhvən həbs qoyub, sonra da müsadirə ediblər. Uşağı onkoloji xəstədir, satıb onu müalicə etdirməlidir. Belə haqsızlıq olar?!”F.Əliyevin sözlərinə görə, qardaşının 90-cı illərdə aldığı daşınmaz əmlaklar, Gəncədə yolun genişləndirilməsilə əlaqədar plana düşmüş, artıq mövcud olmayan obyektlərlə bağlı da müsadirə qərarı çıxarılıb.Təqsirləndirilən polkovnik əlavə edib ki, həbsindən sonra onun evində axtarış aparanlar mənzilin şəraitsizliyindən təəccübləniblər: “Mənim ailəmlə yaşadığım bir evim, bir də “Grand Cherokee” markalı maşınım olub. Maşınımı da müsadirə ediblər. Axtarışdan sonra müstəntiq təəccüblənib mənə demişdi ki, o nə evdi sən yaşayırsan?”2015-ci il oktyabrın 17-də MTN-də keçirilən əməliyyat nəticəsində nazir Eldar Mahmudov vəzifəsindən azad olunub, nazirliyin 5 generalı (Akif Çovdarov, Natəvan Mürvətova, Sübahir Qurbanov, Teymur Quliyev və Elçin Quliyev) və daha 16 nəfər müxtəlif rütbəli əməkdaşı saxlanılıb. Onlardan yalnız Natəvan Mürvətova ev dustaqlığında olub. MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev isə həbsdindən iki ay sonra Bakı istintaq təcridxanasında intihar edib.Həbs olunan şəxslərin işi bir neçə qrupa ayrılıb. MTN-in Monitorinq İdarəsinin rəisi Teymur Quliyev, Əməliyyat Texniki İdarənin rəisi Natəvan Mürvətova və Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Sübahir Qurbanov yeddi nəfər əməkdaşları ilə birlikdə mühakimə olunub.Müxtəlif iş adamlarının əmlaklarını, pullarını hədə-qorxu ilə əllərindən almaqda, onları bu məqsədlə qanunsuz olaraq, MTN-ə gətirib orada saxlamaqda, qanunsuz telefon dinləmələrində, əməliyyatlara ayrılmış vəsaitləri mənimsəməkdə təqsirləndirilən Sübahir Qurbanov və müavini Füzuli Əliyevə 14 il, Teymur Quliyevə 12 il, Zaur Məmmədov və Natiq Alıyevə 10 il 6 ay, Anar Şirəliyev və Eşqin Əliyevə isə 3 il azadlıqdan məhrumetmə cəzası verilib.Natəvan Mirvətova, Fərhad Atayev və Elşad Əzizov isə şərti cəza verilib.Anar Şirəliyev və Eşqin Əliyevin cəzası başa çatıb və onlar buraxılıblar.

  • Yazılıb
  • da (də) 2018 Dec 15
  • Göndərən مدير سايت Aran News