Tarix : 2018 Dec 15
Kod 57200

İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb

Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb.

Arannews-Dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı İlham Əliyev bir çox amillərin bunu deməyə əsas verdiyini söyləyib:Bütün imkanlardan istifadə edib Ermənistanı təcrid vəziyyətində saxlayacağıq“İlk növbədə, bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Biz bu istiqamətdə öz ardıcıl siyasətimizi davam etdirəcəyik”.Prezident xatırladıb ki, işğal edilmiş torpaqların bir hissəsinin iki il bundan əvvəl işğalçılardan azad edilməsi, o torpaqlarda Azərbaycan bayrağının qaldırılması kriminal rejimə çox böyük zərbə oldu:“O vaxtdan bu günə qədər o ölkənin güclü olmayan dayaqları daha da laxlayaraq sıradan çıxıb. Yəni, bu, bizim qonşuluğumuzda baş vermiş hadisələrdir”.İlham Əliyev Ermənistanda son 1 ildə baş verən hadisələr barədə də danışıb:“Bildiyiniz kimi, bu il Ermənistanda çox ciddi dəyişikliklər baş vermişdir. İyirmi il ərzində hakimiyyəti qanunsuz olaraq zəbt etmiş kriminal xunta rejimi çökdü və bizim dediyimizi indi erməni xalqı deyir. Kriminal, rüşvətxor rejim 20 il ərzində öz xalqını istismar edirdi və bu rejimin acı sonu məntiqə tam uyğundur. Onu da deməliyəm ki, bizim ardıcıl, məqsədyönlü siyasətimiz kriminal xunta rejiminin çökməsində öz rolunu oynamışdır. Çünki bizim siyasətimiz dəyişməz olaraq qalır. Nə vaxta qədər ki, bizim torpaqlarımız işğal altındadır, biz bütün imkanlardan istifadə edib Ermənistanı təcrid vəziyyətində saxlayacağıq və buna nail olduq”.Azərbaycanın mənfi imicinin yarandığı aşkar görünürAncaq ReAL Partiyasının Məclis başqanı Azər Qasımlı fərqli düşünür.Azər Qasımlı hesab etmir ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb:“Azərbaycanın 3 il əvvəlki iqtisadi gücü ilə indiki arasında böyük fərq var, vəziyyət mənfiyə doğru dəyişib. İki devalvasiya olub, banklar böhrandadır, ölkə büdcəsi, iqtisadiyyatı hələ neft-qaz gəlirlərindən asılıdır, qeyri-neft sektoru inkişaf etməyib. Neftin qiyməti isə hakimiyyətin arzusunda olduğu qədər deyil və nəticə olaraq ölkədə sosial durum yaxşı deyil”.

Azər Qasımlı
Azər Qasımlı

Digər amil kimi o, Gürcüstan və Ermənistandakı son seçkilərdən sonra beynəlxalq aləmdə Azərbaycanın çox mənfi imic yarandığının aşkar göründüyünü göstərib.“Bu mənada dövlət başçısı İlham Əliyev cəmiyyətə yanlış məlumat ötürür. Regionda ciddi dəyişikliklər olmayıb ki, münaqişənin əlverişli həlli üçün uyğun şərait yaransın. Həmsədr dövlətlər tərəflərə müharibənin başlanmaması haqda tövsiyələrində qalırlar və Ermənistana ciddi təzyiqləri də yoxdur. Regional dövlət olan Rusiyanın mövqeyi isə aydındır. Düzdür, Putinin Paşinyanı parlament seçkilərində qələbəsinə görə təbrik etməməsi Moskva ilə İrəvanın problemləri olduğunu təsdiqləyir. Ümumiyyətlə, Rusiya indiki mərhələdə münaqişənin həllində maraqlı deyil. Bütün hallarda İlham Əliyevin bəyanatı mahiyyət etibarı ilə yanlışdır”.Azərbaycana Ermənistanda hakimiyyət dəyişikliyi sərf edirdiMühacirətdə yaşayan siyasi icmalçı Rauf Mirqədirov o fikirlə razıdır ki, Azərbaycanın Ermənistanın daxili münaqişəsindəki tutduğu mövqe Serj Sarkisyanın hakimiyyətdən getməsinə yardım etdi.“Əvvəlki dövrlərdə belə daxili münaqişələr yarananda, tərəflərdən biri döyüş zonasında təxribatçı əməliyyatlar həyata keçirib qazanc götürməyə çalşırdı. Əslində, bundan rejimlər qüvvətlənirdi. Çünki xarici təhlükə yaranırsa, millət istər-istəməz hakimiyyət ətrafında birləşir. Bu dəfə Azərbaycanın mövqeyi bir qədər fərqli oldu. Yəni Bakı vəziyyətdən istifadə etmədi. Görünür, Azərbaycana Ermənistanda hakimiyyət dəyişikliyi sərf edirdi”.

Rauf Mirqədirov
Rauf Mirqədirov

Rauf Mirqədirov bildirib ki, Azərbaycanın Ermənistanı regional layihələrdən təcrid etməsi, doğrudur və bu amil Ermənistanda sosial narazılıq mənbəyi olub.Ancaq o, hazırda münaqişənin həllinin qlobal oyunçuların maraqlarından asılı olduğunu hesab edir:“Qlobal oyunçuların regiondakı maraqları isə bir-birinə tamamilə ziddir. Ermənistanda yeni hakimiyyət ictimai rəydən ciddi asılıdır. Heç kim əminliklə Ermənistan cəmiyyətinin sülhə, yaxud güzəştə getməyə hazır olduğunu deyə bilməz. Gərək, sülhün güzəştlər əsasında olacağı dərk olunsun. Bu isə çox ciddi problemdir. Ermənistan hakimiyyətinin xalqdan asılı olması da bu problemin həllində yaxın zamanlarda ciddi irəliləyişlərin olacağına ümidləri bir qədər şübhə altına alır”.Ermənistanda orta aylıq əmək haqqı Azərbaycandan çoxdurİqsadçı ekspert Vahid Məhərrəmov isə, Azərbaycanla Ermənistanın iqtisadi və demoqrafil müqasiyəsinə toxunaraq, prezident İlham Əliyevin dediklərinə münasibət bildirib.

Vahid Məhərrəmli
Vahid Məhərrəmli

“İlham Əliyev bu gün deyib ki, “bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi surətdə tərk edir, iqtisadi inkişaf üçün heç bir əsas yoxdur, xarici sərmayə qoyulmur, onların beynəlxalq bazarlara çıxışı çox çətinləşib”. Baxın, Ermənistanda 2018-ci ildə orta aylıq əmək haqqı 498,4 dollar, Azərbaycanda isə 317,8 dollar təşkil edir. Ermənistanda minimum aylıq əmək haqqı 115 dollar, Azərbaycanda 76 dollardır. Bununla yanaşı Ermənistan adambaşına Azərbaycandan daha çox ərzaq və kənd təsərrüfatı məhsulları istehsal və istehlak edir. Belə ki, 2017-cı ildə adambaşına Ermənistan Azərbaycandan 2 dəfə çox tərəvəz, 2 dəfəyə yaxın kartof istehsal edib. Həmin ili adambaşına tərəvəz istehsalı Azərbaycanda 144 kiloqram, Ermənistanda isə 289 kiloqram olub. Adambaşına kartof istehsalı Ermənistanda 184 kiloqram, Azərbaycanda isə bu göstərici 94 kiloqram təşkil edib. 2017-ci ildə Azərbaycan adambaşına 94 kiloqram meyvə və giləmeyvə istehsal etdiyi halda, Ermənistanda bu göstərici 121 kiloqram təşkil edib. Azərbaycan adambaşına süd, ət, yumurta istehsalına görə də Ermənistandan geri qalır. 2017-cı ildə adambaşına süd istehsalı Azərbaycanda 208 kiloqram, Ermənistanda isə 254 kiloqram, Azərbaycanda adambaşına yumurta istehsalı 176 ədəd, Ermənistanda isə 229 ədəd təşkil edib”.Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

  • Yazılıb
  • da (də) 2018 Dec 15
  • Göndərən مدير سايت Aran News