Tarix : 2018 Dec 28
Kod 57314

İraqda Azərbaycandan gedən qadınların və uşaqların geri qaytarılması ilə bağlı danışıqlar aparılır

Azərbaycanın 1 000-dən artıq vətəndaşının xarici ölkələrdə, o cümlədən İraq və Suriyada qeyri-qanuni silahlı birləşmələrə qoşulması barədə məlumatlar mövcuddur

Arannews-"İslaminSesi.info" bildirir ki,Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.S.Heydərov bildirib ki, həmin şəxslərdən 109 nəfəri cinayət məsuliyyətinə cəlb olunub, 300-dən çox adamın orada ölməsi barədə məlumatlar mövcuddur, 310 nəfərin vətəndaşlığı artıq ləğv edilib.Komitə sədrinin müavini bildirib ki, İraqda Azərbaycandan gedən müəyyən qədər qadınlar, azyaşlılar da var və onlar müxtəlif düşərgələrdə yerləşdiriliblər: “Hazırda həmin qadınların və uşaqların ölkəyə gətirilməsi ilə bağlı İraq hökuməti ilə danışıqlar aparılır. Artıq valideynlərini itirmiş 20 uşaq Azərbaycana gətirilib və onların Azərbaycandakı yaxın qohumlarının himayəsinə verilib və bu proses davam etməkdədir. Ancaq orada elə qadınlar var ki, onlar barəsində cinayət işi var, bəziləri məsuliyyətə cəlb olunub, hətta yerli qanunlara görə ölüm hökmünə məhkum olunublar. Ancaq elələri var ki, ətrafında araşdırma gedir və cinayəti olmazsa, onların da ölkəmizə verilməsi barədə danışıqlar qüvvədədir”.S.Heydərov əlavə edib ki, son il yarım ərzində Azərbaycan vətəndaşlarından İraq və Suriyadakı münaqişələrə qoşulmaları barədə məlumat daxil olmayıb, əksinə ordakıların qaçış prosesi başlayıb: “Ordakıların bir qismi qaçaraq müxtəlif ölkələrdə gizləniblər. Onların müəyyənləşdirilməsi və barələrində zəruri tədbirlərin görülməsi üçün aidiyyəti ölkələrlə danışıqlar davam etdirilir”.

  • Yazılıb
  • da (də) 2018 Dec 28
  • Göndərən مدير سايت Aran News