Tarix : 2019 Jan 08
Kod 57398

Vəkil: Mehman mədəsindəki ağrılara görə süd məhsulları qəbul etməyə başlayıb

Yanvarın 7-də həbsdə olan bloger Mehman Hüseynovun vəkili Şəhla Hümbətova müvəkkilinə baş çəkib. Vəkil bildirib ki, Mehman müalicə müəssəsinə köçürülməyib. O, 1 saylı İstintaq Təcridxanasındadır:

Arannews-"Ombudsman Aparatının nümayəndəsi və həkimi də təcridxanada onunla görüşüb. Mehman bildirdi ki, mədəsində olan ağrılara görə süd və duru süd məhsullarını qəbul etməyə başlayıb".Yanvarın 7-i səhər isə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına baş çəkiblər. Bu barədə Ombudsman Aparatının yanvarın 7-də yaydığı məlumatında bildirilir."MPQ-nin rəhbəri və həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində bu müəssisədə saxlanan Mehman Hüseynov da konfidensial qaydada qəbul olunub. Müraciəti dinlənilib, qida qəbul etməsi və sağlamlıq durumu ilə bağlı vəziyyəti özünün iştirakı ilə müəssisənin həkimi dəvət olunmaqla yerində araşdırılıb. Müşahidə nəticəsində məlum olub ki, M.Hüseynov qida qəbul edir, sovqat alır, gündəlik həkim nəzarətindədir və sağlamlıq durumu normaldır", -açıqlamada deyilir.Məlumatda həmçinin qeyd edilib ki, M.Hüseynovun Ombudsmana ünvanladığı yazılı müraciəti baxılmasından ötrü Baş Prokurorluğa göndərilib. Müraciətin detalları isə açıqlanmayıb.Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb. Məlumata görə, bloger Mehman Hüseynov müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib. O, bu ilin martında azadlığa buraxılmalı idi.


  • Yazılıb
  • da (də) 2019 Jan 08
  • Göndərən مدير سايت Aran News