Tarix : 2019 Jan 09
Kod 57404

Tale Bağırzadə: Həbsxana rəisi Avtandil Ağayev “sənin qanını içərəm” dedi"

'Tale Bağırzadə özünə xəsarət yetirmək məcburiyyətində qalıb''

Arannews-“Müsəlman Birliyi Hərəkatı”nın sədri Tale Bağırzadə yanvarın 7-də ailəsilə əlaqə saxlayıb. O, Qobustan həbsxanasında təzyiqlər üzündən özünə xəsarət yetirməyə məcbur olduğunu bildirib. T.Bağırzadə telefon danışığı zamanı deyib:Heç kimə sirr deyil ki, Əliyevlər hakimiyyəti Qobustan həbsxanasında bizi ləyaqətsiz şəkildə saxlayır. 3-4 metrlik kamerada üstü açıq ayaqyolu ilə yemək yediyimiz stol arasında məsafə heç bir metr deyil. Bütün bu çətinliklərə baxmayaraq, biz haqq davamız üçün nəinki 20 il, hətta ömür boyu həbsdə qalmağa hazırıq. Əqidəmizdən dönməyə, haqq davamızdan vaz keçməyə hazır deyilik. Biz bu mübarizədə nələrdən keçmədik ki...Sifarişlə idarə olunan hakimiyyət nümayəndələri yenidən fəallaşaraq, öz yaramaz əməllərindən əl çəkməyərək, bizim konstitusiya ilə təminat verilən hüquqlarımıza açıq-aşkar təcavüz edir. Həftədə iki dəfə ailə üzvlərimlə telefon danışıqlarıma müdaxilə edilir, söz və fikir azadlığım məhdudlaşdırılır. Vəkillərimizə qarşı elə davranırlar ki, heç dustaqları elə yoxlamırlar.Vəkillərimizi saatlarla qapıda saxladıb, onlarla konfidensial danışıqlarımızı gizli şəkildə dinləyirlər. Bununla bağlı etirazlarımıza məhəl qoyulmur. Vəkillər də yaxşı anlayırlar ki, bu qanunsuzluqlardan şikayət edəcəkləri halda, aqibətləri vəkil Yalçın İmanovun aqibətindən fərqlənməyəcək. Görün, bu gün Azərbaycanda hüquq nə vəziyyətə qalıb ki, məhbus həm özünün, həm də vəkilinin hüquqlarını qorumaq üçün özünə xəsarət yetirmək məcburiyyətində qalır. Hələ mən mənəvi işgəncə olaraq, gecə saatlarında yuxudan oyatmaları, təxribat xarakterli addımları sadalamıram.Erməni məhbus Arsenin hüquqları müdafiə olunur, yağ-bal içində saxlanır, öz vətəndaşlarına isə zülm edirlər. Hakimiyyət dini tolerantlıqdan dəm vurduğu halda, Qobustan həbsxanasının rəisi Avtandil Ağayev namaz qılarkən çiynimə atdığım əbanı oğurlatdırır, bədənimdəki xəsarətləri aktlaşdıran həkimə təzyiq göstərib, sənədi yoxa çıxartdırır. Bilmirəm, kimlər sifariş verir - Əliyev hakimiyyəti, xarici kəşfiyyat, yoxsa başqa qüvvələr... Şəxsən mənim həyatımla oyun oynayırlar. Həbsxananın rəisi Avtandil Hacıyev mənə deyir ki, “sənin qanını içərəm”.Əziz bacı və qardaşlarım, sizdən xahiş edirəm, mənə görə həbsinizə səbəb olacaq, sizə ziyan gətirəcək heç bir addım atmayın. Allah şahiddir ki, qardaşlarımızın körpə uşaqlarının məsum baxışları qəlbimizi dağlayır. Həm də özünüzü daha böyük işlər üçün qoruyun. Allaha güvənərək, təkbaşına da olsa, öz əqidəmizlə, düşüncə və sözlərimizlə, hətta damarda axan qanımızla bu zalımlarla baş-başa gəlmək iqtidarındayıq. Allah bizimlə olduqdan sonra bu zalımlar kimdir ki?! Allah ən gözəl vəkildir. Hamınızı Allaha tapşırıram".


  • Yazılıb
  • da (də) 2019 Jan 09
  • Göndərən مدير سايت Aran News