Rəsmi Tehran bəyan edib ki, hərbi təlimlərin keçirilməsində məqsəd Sepah korpusuna aid dəniz qüvvələri gəmilərinin və hava hücumundan müdafiə bölmələrinin gücünün artırılmasıdır
Iran Servisi/Aran Agentliyi
Amerika və İsrail İrana qarşı hərbi təcavüzə başlasa, Tel Əviv və Vashinqtonun Fars körfəzindəki hərbi dəniz qüvvələrinə zərbələr endiriləcək. Bu xəbərdarlıqla İran dini liderinin İran İslam İnqilabı Keşikçiləri Korpusundakı nümayəndəsi Əli Şirazi çıxış edib. O, eyni zamanda bildirib ki, lazım gələrsə, Hörmüz boğazı bağlana bilər. Qeyd edək ki, bu boğazdan dünya ticarət neftinin 40 faizi daşınır.
Bu gündən etibarən isə İranda irimiqyaslı hərbi təlimlər başlayıb. Təlimlərdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun birləşmələri, raket qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri də iştirak edirlər. “Böyük Peyğəmbər 3” adlanan hərbi təlimlərin rəmzi adı “Ya Rəsulallah”dır. Rəsmi Tehran bəyan edib ki, hərbi təlimlərin keçirilməsində məqsəd Sepah korpusuna aid dəniz qüvvələri gəmilərinin və hava hücumundan müdafiə bölmələrinin gücünün artırılmasıdır.
İsrailin infrastruktur naziri Binyamin Ben-Eliazer İranın xəbərdarlığına cavab olaraq bildirib ki, İsrail üzərinə İrandan hər hansı zərbə İran dövlətinin məhvi ilə nəticələnəcək. O, bəyan edib ki, İsrail ordusu Amerika istehsalı olan təkmil F-15 və F-16 döyüş təyyarələri də daxil olmaqla 500 təyyarəyə malikdir. Bu təyyarələr İranın qərb hissəsini bombalamaq imkanına malikdirlər. İsrailin həmçinin ballistik raketlərə malik olduğunu deyən Binyamin Ben Eliazer İsrail bölgənin yeganə nüvə silahlı dövləti olsa da onlar son anda qarşı tərəfə bu silahla cavab verə bilərlər. Rəsmi Vaşinqton isə İrana qarşı hər hansı hücumun olacağı barədə xəbərləri əsassız adlandırıb.