Tarix : 2008 Jul 09
Kod 5744

SURƏT HÜSEYNOV MOSKVADA BANK AÇIB

Bankın təsis edilməsində Rusiya paytaxtındakı Azərbaycan icması sabiq baş nazirə köməklik göstərib
Azerbaijan Servisi/Aran Agentliyi
Sabiq baş nazir vaxtının yarısını Rusiya paytaxtında, yarısını isə Gəncədə keçirir.
S.Hüseynovun Gəncəbasarda mağazalar şəbəkəsinə sahib olması baradə də məlumatlar var.

Azadlıq qəzetinin yazdığına görə keçmiş baş nazir Surət Hüseynov Moskvada bank açıb. Bankın təsis edilməsində Rusiya paytaxtındakı Azərbaycan icması sabiq baş nazirə köməklik göstərib. Azərbaycanlı biznesmenlərə məxsus müəssisələrin çoxunun hesabı bu banka keçirilib. Bu barədə “Azadlıq”a Moskvadakı mənbə məlumat verib. Mənbənin məlumatına görə, bankın formalaşmasında əslən Gəncə-Şəmkirdən olan iş adamları aktiv rol oynayıblar. Bəzi məlumatlara görə, bu adamların çoxu Surət Hüseynovun baş nazirliyi dönəmində ona yaxın olan biznesmenlərdir - vaxtilə S.Hüseynov onların biznesini himayə edib.

Sabiq baş nazir həbs ediləndən sonra təqiblərdən qurtulmaq üçün həmin adamlar Rusiyaya köçüblər və burada kommersiya fəaliyyətlərini davam etdiriblər. Və qısa zaman kəsiyində Moskvanın biznes elitası ilə güclü əlaqələr qura biliblər. S.Hüseynov həbsxanadan çıxdıqdan bir müddət sonra keçmiş hamilərinin keçmiş xidmətlərini nəzərə alaraq ona biznes qurmağa yardımçı olublar.

Mənbə onu da bildirir ki, sabiq baş nazir azadlığa çıxdıqdan bir müddət sonra Gəncəbasar zonasında biznes qurub. Ancaq hakimiyyət ona ancaq kiçik bizneslə məşğul olmağa icazə verib. Gəncəbasarda bir neçə dükanı olan S.Hüseynov bununla kifayətlənmədiyindən Moskvada biznes qurmağa qərar verib. Işə başlamaq üçün Rusiya hərbi-sənaye elitası ilə keçmiş əlaqələrindən faydalanmaq niyyətinə düşüb. Keçmiş əlaqələrin bərpası ona xeyli kömək edib. Ancaq Moskvanın biznes elitasına əlaqələr qurmaq üçün Rusiya paytaxtında yaşayan azərbaycanlıların yardımına da ehtiyac yaranıb. Bu məqsədlə də vaxtilə isti münasibətləri olan həmyerlilərinə müraciət edib və qarşı tərəfdən müsbət cavab alıb.

Mənbənin məlumatına görə, S.Hüseynov indi vaxtının yarısını Gəncədə, yarısını isə Moskvada keçirir. Işə başlamasından çox az müddət keçsə də, sabiq baş nazir yaxşı biznesmen olduğunu təsdiqləyə bilib. Artıq bank normal iş rejimində fəaliyyət göstərir. Bankın idarə edilməsi əslən Şəmkirdən olan bankirlərə həvalə edilib (Moskvanın bank sektorunda əslən Şəmkirdən olan xeyli azərbaycanlı çalışır).

Sabiq baş nazirin Gəncəbasardakı mağazalar şəbəkəsi də normal fəaliyyət göstərir. S.Hüseynov vaxtının yarısını Moskvada, yarısını Gəncədə keçirməklə biznes obyektlərinin fəaliyyətinə tam nəzarət edə bilir. Xəbəri dəqiqləşdirmək üçün sabiq baş nazirlə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz alınmadı. Yaxınları onun ölkədə olmadığını bildirdilər.
 
  • Yazılıb
  • da (də) 2008 Jul 09