bu dəfə büdcə vəsaitləri ilə nə dərəcədə israfçılıq edilməsini əks etdirən görünməmiş hadisə qeydə alınıb
Azerbaijan Servisi/Aran Agentliyi
Azərbaycanda yeni yolların və körpülərin tikintisi zamanı büdcə vəsaitlərinin havaya sovrulması, xərclərin bəzən dəfələrlə şişirdilməsi və neft pullarının bu yolla mənimsənilməsi halları artıq adiləşib. Lakin bu dəfə büdcə vəsaitləri ilə nə dərəcədə israfçılıq edilməsini əks etdirən görünməmiş hadisə qeydə alınıb. Dünən redaksiyamıza daxil olan məlumata görə, indiyədək yüz milyonlarla manat sərf edilən və hələ də başa çatmayan aeroport yolunun tikintisi zamanı görünməmiş israfçılığa yol verilib. Belə ki, cəmi iki-üç həftə əvvəl yolun bir hissəsi - təqribən 10 metr enində zolaq istifadəyə verilsə də bu günlərdə həmin yolun 1 kilometrdən çox hissəsi bütünlüklə sökülüb.
Redaksiyamıza məlumat verən yerli sakinlərdən biri deyib ki, bu söküntünün səbəbi məlum deyil. Məlumata görə, söhbət yolun Bülbülə qəsəbəsi istiqamətindən Yeni Suraxanı dairəsinə gedən hissəsindən gedir. Həmin ərazidə aylardır yol tikintisi üçün işlər görülüb, çoxsaylı texnika cəlb edilməklə köhnə yolun asfalt və bir neçə metr dərinlikdə qrunt hissəsi götürülüb, yerinə yeni qrunt verilib. Presləmə işləri aparılıb, nəhayət, yol asfaltlanıb. Paralel olaraq istifadəyə verilən zolaq boyu tikinti işləri davam edib. Lakin yeni istifadəyə verilən zolaq bir neçə gün əvvəl bəlli olmayan səbəblərdən bağlanıb və tikinti texnikası hələ tam bərkiməyən asfaltı, ardınca bir neçə metr dərinlikdə qruntu dağıtmağa başlayıb. Bildirilir ki, yolun həmin hissəsində tikintini “AzVirt” şirkəti aparır.
Ehtimal olunur ki, cəmi 2-3 həftə əvvəl istifadəyə verilən zolaq tikintini aparanların səhlənkarlığının güdazına gedib. Belə ki, həmin zolağın istifadəyə verilməsindən sonra yolun ümumi layihəsindən ciddi kənaraçıxmaların aşkar olunduğu güman edilir. Bu isə milyonlarla dolların havaya sovrulması deməkdir. Çünki Azərbaycanda indiki şişirdilmiş xərclərlə 1 kilometr yolun tikintisinə orta hesabla 8-10 milyon dollar sərf edilir. Xatırladaq ki, layihəyə görə metronun “Əzizbəyov” stansiyasından Heydər Əliyev adına Bakı hava limanına qədər eni 50 metrdən çox olan 12 zolaqlı yol çəkilməlidir. Bu, hazırda ölkədə həyata keçirilən ən iri yol tikintisi layihələrindən biri hesab olunur. Tikinti işləri üçün büdcədən təkcə bu il üçün 200 milyon manata yaxın vəsait ayrılıb.