Tarix : 2019 Feb 05
Kod 57587

Dələduzluqda ittiham olunan vəkil müvəkkilindən aldığı pulu geri qaytarmayıb

13 saylı vəkil bürosunun vəkili Məmmədvəli Cəfərovun Bakının Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Rəhman Yusifovu həbsdən azad etdirmək üçün onun oğlundan 150 min manat aldığı iddia olunur. R.Yusifovun oğlu Rəşad Yusifov Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə ifadə verib
Arannews-Hakim Rasim Sadıqovun sədrliyilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib. Rəşad Yusifovu Ali Məhkəməyə pul vermək adıyla 150 min manat alıb aldatmaqda ittiham olunan M.Cəfərov özünü təqsirli bilmədiyini söyləyib.Daha sonra zərərçəkmiş Rəşad Yusifov ifadə verib. O bildirib ki, atası Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. Daha sonra vəkil Məmmədvəli Cəfərovla müqavilə bağlayıb, Ali Məhkəməyə şikayət veriblər. Vəkil xidmətinə görə ona 2 min manat pul ödəyib:"Məmmədvəli Cəfərov Ali Məhkəmədə tanış adam tapdığını, işi həll edəcəyini bildirdi. Məndən 2014-cü ilin noyabr ayında 150 min manat pul istədi. Mən də əvvəl metronun "Xətai" stansiyasının qarşısında ona 140 min, daha sonra "Dostluq" kinoteatrının yanında 10 min manat pul verdim. 2015-ci ilin əvvəllində 2 dəfə kassasiya şikayətini geri götürdü ki, iş alınmır. Sonra baxdım ki, bu adam məni aldadıb. Pulumu geri istəyəndə, bəhanələr etdi, telefonumu açmırdı, mənə ümidlər verirdi". 
Zərərçəkmişin sözlərinə görə, Ali Məhkəmə atası haqqında hökmü qüvvədə saxlayandan sonra M.Cəfərov deyib ki, bir tanışı vasitəsilə R.Yusifovun adını prezidentin əfv siyahısına saldıracaq.R.Yusifov bildirib ki, M.Cəfərov aldığı puldan hissə-hissə olmaqla, ümumilikdə 61 min 500 manat pul qaytarıb.M.Cəfərov isə bildirir ki, pul ona yox, dostuna verilib. Həm də atasının buraxılması üçün yox, siqaret biznesi məqsədilə. R.Yusifov isə bunu təkzib edir:"Üzləşmədə ondan soruşdum ki, nə biznes? Hardan nə alınacaqdı? Cavab belə verə bilmədi".R.Yusifov 11 il icra başçısının müavini işlədikdən sonra 2008-ci ildə Qaradağ rayonu, Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru təyin olunub. 2012-ci ildə bu vəzifədə işləyərkən cinayət məsuliyyətinə cəlb olunub. Rüşvət almağa görə 5 il azadlıqdan məhrum edilən R.Yusifov 2016-cı ildə vaxtından əvvəl azadlığa buraxılıb.Vəkil M.Cəfərov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunur. O, həbsdə deyil.M.Cəfərov özü də əvvəllər Baş prokurorun müavini işləyib.
 
Meydan Tv
  • Yazılıb
  • da (də) 2019 Feb 05
  • Göndərən مدير سايت Aran News