Tarix : 2019 Feb 06
Kod 57596

Hacı Taledən yazan, danışan kimdir: siyasi simalar yoxsa yerli ruhanilər, minbər əhli

Vallah Allaha arxalanıb bu işi görsək Allah köməyimiz olar.
Arannews-Azərbaycanda təqribən 2010-cu ildə baş verən hicab qadağası və dindarların keçirdiyi etiraz aksiyalarından sonra belə bir sual tez-tez səsləndi: nə üçün digər insanlar hicablı vətəndaşları müdafiə etmir? Düşmən fürsəti qənimət bilib bəzi adamlar vasitəsilə cəmiyyətə belə bir virus buraxırdı: aksiyada iştirak edən elə insanlar vardır ki, özləri, ailələri hicabsızdır, amma hicabın müdafiəsi üçün meydanlara çıxıblar. Bunun mətləbə heç bir dəxli yoxdur. Mümkündür bir möminin xanımı hicabsız olsun, amma özü hicabı müdafiə etsin. Bu, çox təbiidir. Elə onun başqa hicablı vətəndaşlara görə meydana çıxması o deməkdir ki, hicabsızlığı aradan qaldırsın, beləliklə də xanımı da hicablıların cərgəsinə qoşulsun. Axı qardaşı spirtli içki aludəçisi, yaxud narkoman olan insanın bu çirkin alışqanlıqlarla mübarizəsi təbiidir. Bu aksiyalardan sonra dindarlar yamanca narahat olmuşdular ki, bəs nə üçün dindar olmayan insanlar dindar vətəndaşlara dəstək olmur? Bu mənada ki, özünüz və qızınız hicablı deyilsə də ki, bir vətəndaş olaraq vətəndaşınızın hüquqlarını qorumaq lazımdır. Axı hicab qadağasının aradan qaldırılması üçün mübarizə aparan şəxs əslində hicablı qızı deyil məhz hicabı müdafiə edir. Hicabı müdafiə etmək isə hamımızın borcudur. Dindar olmayan da ən azından bunu vətəndaş hüquqlarının pozulması kimi qiymətləndirməli və etiraz etməlidir. Çünki qanun pozuntusunun, hüququn ayaqlar altına atılmasının dindar olub olmamağa heç bir dəxli yoxdur. Sənin hicabın yoxdursa sabah sənin haqqını başqa cür tapdayar və qəsb edərlər. Necə ki, edirlər. "Niyə dindar olmayanlar dindar vətəndaşlara dəstək olmur" sualına isə "yaxşı" cavab tapmışdılar: məgər dindar olmayan insanlar başqa qanun pozuntularından ötrü etiraz edəndə dindar, hicablı insanlar etirazlara qoşulub dindar olmayanları müdafiə edirdi? Bəli, etiraz edirdi, amma ola bilər nəzərə çarpacaq həddə olmayıb. Axı rüşvət kimi qanun pozuntusundan dindar olmayan kimi dindar da əziyyət çəkir, necə ola bilər ki, o, etiraz etməsin? Deməli, biz bir vaxtlar dindarın qeyri dindara qarışıb birgə etiraz etməsini arzu edirdik. Arzumuz bu idi ki, cəmiyyətin dindarı da dindar olmayanı da əl-ələ verib haqsızlıqlarla mübarizə aparsın.Söz hacı Tale Bağırzadədən düşmüşkən, deyək ki, ilk dəfə hicabla bağlı həbs edildikdən sonra hacı Tale digər haqsızlıqları da ifşa etməyə başladı. Bəzi insanların ağzı yumuldu. Onlar gördülər ki, budur, dindar, ruhani təkcə dini sahədə deyil digər sahələrdə olan qanun pozuntuları haqda danışır. Bundan sonra dindar camiənin gözləntisi bu idi ki, dindar olmayan insanlar da hacı Taledən ilham alıb dindar insanların problemlərindən danışacaq, etiraz edəcəklər. Amma nəticə necə oldu? Bəli, hacı Tale az bir zaman çərçivəsində özünə cəmiyyətin müxtəlif təbəqələrində avtoritet qazana bildi. Az bir zamanda hətta ölkə müxalifətinin aparıcı hissəsi olan Milli Şura tərəfindən dəstəkləndi, efirdə - prezident seçkisi üçün hazırlanan təşviqat kompaniyasında onun həbs edilməsi diqqətə çatdırıldı, müxalifət partiyalarının və liderlərinin diqqətini çəkdi. Hətta müxalifət qəzet-saytlarında haqqında məqalələr dərc edildi, tanınmış jurnalistlər ondan danışdılar. Bu yaxşı hal hesab edildiyi bir vaxtda başqa bir bədbəxtlik özünzü biruzə verdi. Təəssüflər olsun ki, siyasi simalar, müxalifət liderləri, saytları, qəzetləri hacı Taledən yazdığı, danışdığı halda onun adını heç bir minbərdə eşitmədik. Ruhanilər (bəlkə də az bir qismi istisnadır) onun adını çəkmədilər. Halbuki o və onun kimi haqsızlığa məruz qaıb həbs edilən ruhanilər azadlıqda ikən onlara bu ruhanilər din qardaşı deyirdilər. Qarışdırmayın, heç də hökümətyönlü, QMİ ruhanisi olan molla və axundlardan danışmırıq. Əziz ruhanilər də inciməsin, hacı Tale və digər məzlum məhbus ruhanilər, dindarlar lazımi həddə haqlarında danışılmır. Baxdıqda görürük ki, minbərlərimizdə demək olar ki, ancaq əxlaqdan dərslər verilir. Ən acınacaqlısı isə odur ki, əxlaqi moizələr edirlər, fədakarlıqdan danışırlar, İmam Hüseyn (ə) əzasında şəhadətdən söz açırlar, amma de gəl ki, canlı şəhid olan hacını və digər zülmə məruz qalanları müdafiə etmirlər. Əlbəttə, məlumdur ki, bu gün hacı Talenin adını çəkmək riskli işdir. Heç kimdən də gözləmirik (ümid edirik ki, hacı Talenin də belə bir gözləntisi yoxdur) hansısa ruhani qalxıb hacı Taleyə görə hökümətlə üz-üzə gəlsin. Özləri gəldikləri qənaət özləri üçün düzgün hesab edilir. Amma heç olmasa həbsxanada edilən işgəncələr işarə şəklində də olsa qeyd edilməlidir. Biz demirik ki, desinlər ki, hacı Tale yaxşı insandır, İlham Əliyev pisdir, Ramil Usubov qəddardır, heç olmasa həbsxanada məzlum insanlara zülm edən həbsxana rəisini dinə dəvət etsinlər, əxlaq dərslərindən onu da faydalandırsınlar. Axı bu ruhanilərin minbərlərinə, camaat namazlarına nə qədər insan gəlir, onların əliylə nə qədər insan hidayət olur. Bir dəfə həbsxana rəisi Avtandilin də adını çəkib onu haqqa dəvət etsinlər, desinlər ki, etdikləri doğru deyil. Bir dəfə bu insana moizə etsinlər, o dünyadan danışsınlar. Vallah Allaha arxalanıb bu işi görsək Allah köməyimiz olar. İlham Əliyevin əleyhinə heç nə demirik, tənqid etmirik, dövlət çevrilişi etmirik, sadəcə deyirik ki, bunlar bir insandır, ətdən, sümükdən ibarətdir. Bunlara bu qədər əziyyət etmək olmaz. Bu cür qisas almaq yaxşı metod deyil. İmam Hüseyn (ə) əzasında məscidlərini qaralara bürüyən əziz ruhanilər, bütün ili İmam Əlinin (ə) ədalətindən, məhərrəmlikdə İmam Hüseynin (ə) şücaətindən danışırsınız, çox gözəl, çox demirəm, bir dəfə də Hacı Talenin adını çəkin.


  • Yazılıb
  • da (də) 2019 Feb 06
  • Göndərən مدير سايت Aran News