Tarix : 2019 Feb 13
Kod 57635

"Müsəlman Birliyi" fəalına 20 sutka verildiyi deyilir

Beş gün qeyri-müəyyənlikdən sonra "Müsəlman Birliyi” hərəkatının fəalı Bəxtiyar Bağırovla bağlı bəzi məsələlərə aydınlıq gəldiyi bildirilir.

Arannews-Bu barədə Azadlıq Radiosuna hüquq müdafiəçisi Oktay Gülalıyev məlumat verib.Hüquq müdafiəçisinin sözlərinə görə, Bəxtiyar Bağırova 20 sutka inzibati cəza verildiyi haqqında məlumat əldə ediblər: "Amma bu inzibati cəzaya səbəb olan ittiham və qərarın hansı məhkəmədə çıxarıldığı bəlli deyil”- Oktay Gülalıyev bildirib.
Hüquq müdafəçisinin dediklərini, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.Oktay Gülaliyev vurğulayıb ki, Bəxtiyar Bağırovun ətrafında qeyri-müəyyənlik fevralın 6-da yaranıb və onun yerini öyrənməkdən ötrü dövlət orqanları məlumatlandırılıb.Hüquq müdafiəçisi bundan əvvəl də Bəxtiyar Bağırovun yaxınlarına istinadən bildirmişdi ki, onu, fevralın 6-da Bakının Bakıxanov qəsəbəsində çayxanaların birində olarkən bir neçə mülki geyimli şəxs saxlayıb. 
"Məsələ ondadır ki, Bəxtiyar Bağırovla birgə olanlardan biri onu saxlayanların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının olduğunu güman edir. Çünki, o həmin mülki geyimlərdən birini tanıdığını söyləyir”, deyə O.Gülaliyev qeyd edirdi.Ancaq bu deyilənlərə də Daxili İşlər Nazirliyi və sözü gedən idarədən münasibət almaq mümkün olmayıb."Müsəlman Birliyi” hərəkatı 2015-ci il yanvarın 13-də təsis edilib. Hərəkat təsis edildikdən sonra qurumun onlarla fəalı müxtəlif ittihamlarla həbs edilib. Hərəkatın rəhbər şəxsləri isə Nardaran hadisələri zamanı tutulublar.2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərmişdi.Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib.40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. "Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırov 20 il, qalanları isə 10 ildən 19 ilədək həbs cəzası alıblar.Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində - tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər.Onlar verilən ittihamları qəbul etməyərək silahsız olduqlarını açıqlayıblar. Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və başqa hüquq-mühafizə orqanlarının əməkdaşları isə məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.


  • Yazılıb
  • da (də) 2019 Feb 13
  • Göndərən مدير سايت Aran News