Tarix : 2019 Feb 20
Kod 57678

Prokuror Saleh Rüstəmliyə 8 il cəza istəyir (Yenilənib

1992-93-cü illərdə Gədəbəyin icra başçısı olmuş, 1998-ci ildən isə Rusiyada yaşayan və bu ölkənin vətəndaşı olan Saleh Rüstəmli üzvü olduğu AXCP-yə maliyyə yardımına görə 8 il 6 ay azadlıqdan məhrum edilə bilər.

Arannews-Fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror onun belə cəzalandırılmasını istəyib. S.Rüstəmlinin Rusiyadan göndərdiyi vəsaiti qəbul etməkdə təqsirləndirilən AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli və partiyanın Nərimanov rayon şöbəsinin sədri, Qarabağ əlili Babək Həsənovun isə 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.S.Rüstəmlinin qardaşı oğlu Vidadi Rüstəmli və AXCP Gənclər Komitəsinin üzvü Ruslan Nəsirli də onlarla birlikdə mühakimə olunurdu. Prokuror onlara isə şərti cəza verilməsini təklif edib.Prokuror bildirib ki, bu şəxslərə qarşı irəli sürülmüş qanunsuz sahibkarlıq və cinayət yolu ilə əldə olunmuş vəsaitlərin yuyulması ittihamı məhkəmə istintaqında şahid ifadələrilə, sənədlər sübuta yetirilib.Təqsirləndirilən şəxslər və onların vəkilləri isə bu iddia ilə razılaşmırlar.Vəkillər cinayət işindəki bir çox sənədin sübutlar siyahısından çıxarılıması, mobil operatorlar və başqa qurumlara sorğular göndərilməsi barədə vəsatətlər qaldırıblar. Bildirilib ki, bu şəxslər həbs olunandan dərhal sonra prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, onları məhkəmə hökmü olmadan onların cinayətkar olduğunu iddia edib. Bununla da onların təqsirsizlik prezumpsiyası hüququnu pozub.Bundan başqa, təqsirləndirilən şəxslərdən telefonlarının şifrələrinin işgəncə altında alındığı əsas gətirilərək, həmin telefonlardakı məlumatların tədqiqi ilə bağlı ekspert rəylərinin də qanunsuz sübut sayılması istənilib.Vəkil Fariz Namazlının sözlərinə görə, Saatlı Rayon İcra Hakimiyyəti bu rayonun sakini olan Ruslan Nəsirli haqqında verdiyi rəydə onun “yaxşı adam kimi tanınmadığını, destruktiv qüvvələrin mitinqlərində iştirak etdiyini” yazıb. Vəkil bu sənədin sübutlar siyahısından çıxarılması barədə vəsatət qaldırıb.

Vəkillər bugünkü məhkəmədə 10-a qədər vəsatət qaldırsalar da, hakimlər heç birini təmin etməyib.Məhkəmə prosesi fevralın 26-na təyin olunub.Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, S.Rüstəmov, onun qardaşı oğlu Vidadi Rüstəmli, AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirlini cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında ittiham edib. İddia olunur ki, S.Rüstəmov Rusiyadan AXCP-yə pul göndərib, həbs edilmiş cəbhəçilər də həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırıblar. İttihamda söhbət 412 min dollardan gedir.Lakin S.Rüstəmov da, cəbhəçilər də ittihamı rədd edir. AXCP üzvləri də həbs olunduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirib, bununla əlaqədar prokurorluğa, məhkəməyə şikayətlər göndəriblər. Yerli məhkəmələr şikayətləri təmin etmədiyindən onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

  • Yazılıb
  • da (də) 2019 Feb 20
  • Göndərən مدير سايت Aran News