Tarix : 2019 Feb 24
Kod 57704

Gürcüstan Müsəlmanlar İdarəsi Xocalı soyqırımı ilə bağlı tədbir keçirib

Gürcüstan Müsəlmanlar İdarəsi və Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası ermənilər tərəfindən törədilən Xocalı soyqırımı ilə bağlı Tbilisidə tədbir keçirib

Arannews-İslamazeri.com xəbər verir ki, Tbilisidə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “İnsanlar ölməsin, Ölməsin insanlıq!” adı altında anım tədbiri keçirilib.Gürcüstanın müxtəlif bölgələrindən ruhanilər, elm və ictimaiyyət xadimlərinin iştirak etdiyi tədbirdə öncə soyqırım qurbanlarının və haqq uğrunda şəhid olanların ruhuna Qurani-Kərimdən ayələr və dualar oxunub.Sonra tədbirin aparıcısı Mayak Nemətov tədbirin məqsədini qeyd edib. O bildirdi ki, “Xocalıda baş verən dəhşətli soyqırımla bərabər Yaxın Şərqdə və bir çox müsəlman ölkələrində günümüzə qədər səngimək bilməyən günahsız insan ölmlərini də unutmamaq lazımdır”.Sonra çıxış üçün söz Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və Şərqi Gürcüstanın müftisi Yasin Əliyevə verilib.Onlar çıxışında Xocalı soyqrımının ildönümü münasibəti ilə Azərbaycan xalqına və İslam dünyasına baş sağlığı verib XX əsrin faciəsinin dəhşətindən, əsrimizdə də bəzi müsəlman ölkələrində dünyanın seyirci qaldığı soyqrımların, günahsız insan qətllərinin səngimək bilməməsindən, hər zaman müsəlmanlara aid məsələlərdə ikili standart sərgiləyən beynəlxalq mötəbər qurumların və aparıcı dövlətlərin Xocalıya laqeyd yanaşdığı kimi bu gün İslam dünyasında baş verən hadisələrə də seyirci qalmasından və belə hadisələrin qarşısının alınması və təkrarlanmaması üçün tarixdən ibrət alaraq müsəlmanların ayıq-sayıq, həmrəy olaraq dost və düşmənlərini tanımanın vaxtı çatdığından danışıblar.Gürcüstan və Azərbaycan xalqlarının eyni taleləri yaşadığını və hər iki qonşu xalqın bir birinin dərdini çox yaxşı başa düşdüyünü - Hər iki dövlətin 20 faiz torpaqlarının işğal olunmasınını və zaman-zaman qurbanlar verdiyini bildiriblər.Hacı Ramin İgidov çıxışında son illərdə baş verən hadisələrin statistikasına işarə edərək  deyib: “Son 27 il ərzində dünyada 12.5 milyondan çox insan dünyasını dəyişib. Son on ildə savaşlarda ölən tək uşaqların sayı 3 milyon 325 mini keçibdir. Hər gün 3-dən biri savaş içində olan dünyada 800 milyon insan aclıqdan əziyyət çəkir. Müsəlmanları yaşadıqları torpaqlarda və xüsusi ilə də Yəməndə günümüzə qədər şəhərlər bombalar altında qalmış, saysız insanlar qətl edilmişdir. 100 mindən çoxu uşaq aclıq və xəstəlik ücbatından həlak olmuş, 14 milyon insan aclıq üzündən ölmlə qarşı qarşıyadır. 8-ci ilinə keçdiyimiz Suryada yarım milyondan çox insan qətl edilmiş, Yaxın Şərqdən və Afrikadan ümumilikdə 25 milyona yaxın müsəlman öz vətənindən didərgin düşmüşdür”.Ramin İgidov sözlərinin davamında "Hələ də Xocalı kimi günahsız müsəlman qırğınları bir çox müsəlman torpaqlarında o cümlədən Yəməndə, İraqda, Suriyada, Fəlstində, Əfqanıstanda, Pakistanda, Misirdə, Liviyada, Sudanda, Somalidə, Nigeriyada, Myanmarda, yaşanmaqda davam edir. Hər gün müharibə şəraitində olan Azərbaycandan, Türkiyədən və digər yerlərdən ölüm xəbərləri eşitmədən günümüzü keçirmirik. Neçə gün bundan öncə İranda belə terror qurbanlarının şahidi olduq”, - deyə əlavə edib.

Sonra Gürcüstan Azərbaycanlıların Ağsaqqallar Şurasının sədri İsak Nemətov 1992-ci ilin 25-dən 26-sına keçən gecə Xocalıda baş verən insanlıqdan uzaq törədilən vəhşiliklər barədə statistik məlumat verərək müsəlman dövlətlərinin “Xocalı soyqırımı” haqqında həmrəylik nümayiş etdirmələrinin vacib olduğunu qeyd edib. O Qafqazda və bütün dünyada belə faciəvi hadisələrin təkrarlanmaması üçün bu soyqırımın bütün dünyaya çatdırılmasınının vacib olduğunu önə çəkib.İlahiyyatçı din xadimləri olan Etibar Eminov və Kamran Məmmədov İslam dininə görə insanın məqamından, insan öldürmənin Allah qarşısında böyük günah olmasından və qatilin ilahi əzabla cəzalanacağından danışıblar.
Beynəlxalq Hüquq fakultəsinin məzunu Kamran Məmmədov dünyada baş verən ürəkağrıdan acı hadisələrin səbəb və amillərindən danışaraq belə fəlakətlərdən çıxış yolu haqqında ətraflı məlumat verib. O qeyd edib ki, insanlar insanlığını və onun həyatdakı kimlik və məqsədlərini tanımadığına və İlahi sifarişlərə laqeyd qaldıqlarına görə belə hadisələr yaşanmışdır. Diqqət olunmalıdır ki, Xocalıda törədilən soyqırım tək bir millətə qarşı deyil, bütün insanlığa qarşı törədilən cinayətdir.Sonra tədbir iştirakçıları da Xocalı haqqında öz fikirlərini bildiriblər. Tədbirin sonunda təşkilatçı Gürcüstan Müsəlmanları İdarəsi və Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edib.

  • Yazılıb
  • da (də) 2019 Feb 24
  • Göndərən مدير سايت Aran News