Tarix : 2019 Mar 03
Kod 57754

Din xadimləri bir araya gəldi: “Bu, narazılıq yaradır, məhkəməyə müraciət olunub”

Səbail rayonunda yerləşən Bibiheybət məscid-ziyarətgah kompleksində din xadimlərinin yığıncağı keçirilib.

Arannews-Qafqaz Müsəlmanları İdarəsindən İslamazeri.com-a verilən məlumata görə, Səbail və Qaradağ rayonlarında fəaliyyət göstərən imamların iştirak etdiyi iclası Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, Müfti Salman Musayev açıb.QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin salamlarını toplantı iştirakçılarına çatdıran Müfti bildirib ki, ölkədə din-dövlət münasibətləri yüksək səviyyədədir, QMİ sədrinin təşəbbüsü, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə din xadimlərinə maddi yardım göstərilir. Yeni məscidlər inşa olunur, qədim dini abidələr və ibadət ocaqları bərpa edilərək dindarların ixtiyarına verilir. Din xadimləri də öz fəaliyyətləri ilə din-dövlət münasibətlərinin inkişafına töhfə verməli, xütbə və moizələrində bu məsələlərə xüsusi diqqət ayırmalıdırlar.Salman Musayevin sözlərinə görə, Şeyxülislam Allahşükür Paşazadə Qazı və səlahiyyətli nümayəndələrin, dini mərkəzin tabeliyindəki digər əməkdaşların işini əlaqələndirmək, verilən tapşırıqların icra vəziyyətini yoxlamaq, ortaya çıxan problemləri öyrənmək məqsədi ilə yerlərdə belə görüşlərin keçirilməsi və təkliflərin öyrənilməsi barədə göstəriş verib.QMİ-nin Aparat rəhbəri Simran Həsənov Şeyxülislam həzrətlərinin idarənin fəaliyyətini günün tələbləri səviyyəsində təşkil etmək, əmək münasibətlərini qanunvericiliyə uyğun qurmaq, şəffaflığı və hesabatlılığı təmin etmək məqsədilə imzaladığı əmrlər haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. Aparat rəhbəri qeyd edib ki, Qazı və səlahiyyətli nümayəndələr, imamlar işlərini “Dini etiqad azadlığı haqqında” qanuna, QMİ sədrinin əmr və tövsiyələrinə uyğun qurmalı, cavabdeh olduqları sahələrə nəzarəti daha da gücləndirməlidirlər. Məscidlərdə fəaliyyət göstərən Quran kurslarının rəsmi qeydiyyat prosesinin sürətləndirilməsi ilə bağlı da müəyyən tapşırıqlar verib.QMİ sədrinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Surxay Məmmədli çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunması və təbliği ilə bağlı dövlətin həyata keçirdiyi genişmiqyaslı işlərin inanclı insanlar tərəfindən məmnunluqla qarşılandığını bildirib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti ölkənin hər bir vətəndaşının, o cümlədən də dindarların sosial-rifah halının yaxşılaşdırılması üçün mühüm işlər görür.Səlahiyyətli nümayəndə kimi görülən işlər barədə hesabat verən Surxay Məmmədli bildirib ki, İçərişəhər ərazisində rəsmi fəaliyyət göstərən məscidlərdə tarixi əhəmiyyətli günlər, dini bayramlar geniş qeyd edilir. “Cümə” məscidində Cümə namazlarında, Peyğəmbərin (s) mövludunda, Aşurada eyni vaxtda 500-dən çox dindar iştirak edir. 20 Yanvar şəhidlərinin, Xocalı qurbanlarının xatirəsi yad olunur, ehsanlar verilir, Ramazan ayı boyunca iftar süfrələri təşkil olunur, aztəminatlı ailələrə yardım göstərilir. Toplanan ianələr hesabına “Cümə” məscidində kişilərə məxsus dəstəmazxana, “Həzrət Əli” məscidində isə istilik sistemi müasir standartlara uyğun qurulub.QMİ-nin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi Faiq Əhmədov göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, yerlərdə belə görüşlərin davamlı olmasını arzulayıb. Bildirib ki, dindarlar rayonun ictimai həyatında fəallıq göstərir, dini mərasimlərin ölkə qanunlarına və QMİ-nin tövsiyələrinə uyğun keçirilməsinə çalışırlar. Səlahiyyətli nümayəndə qeyd edib ki, Qaradağ rayonundakı məscidlərdən 7-si artıq dövlət qeydiyyatına alınıb, onların fəaliyyəti üçün həm dini mərkəz, həm də yerli icra hakimiyyəti tərəfindən lazımı şərait yaradılıb.Problemlərə toxunan səlahiyyətli nümayəndənin sözlərinə görə, istifadə olunan mavi yanacaq üçün əlaqə borc yazılır, bu da məscidlərin işinə xeyli problem yaradır və haqlı narazılığa səbəb olur. Faiq Əhmədovun sözlərinə görə, bu barədə artıq məhkəmə orqanlarına və “Azəriqaz” İstehsal Birliyinə müraciət olunub.QMİ-nin Qazılar Şurasının üzvü, Bibiheybət məscidinin imamı Rahib Babayev çıxış edərək toplantının belə bir müqəddəs məkanda keçirilməsinin rəmzi mənası olduğunu deyib. Qədim tarixə malik Bibiheybət məscid-ziyarətgahı Ulu Öndər Heydər Əliyevin göstərişi ilə bərpa edilib, sonra bu xeyirxah işi davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev kompleksin genişləndirilməsi barədə göstəriş verib. Bərpa və yenidənqurmadan sonrakı açılış mərasimində ölkə rəhbəri şəxsən iştirak edərək dindarlarla görüşüb. Qazı bildirib ki, İran, Türkiyə, Rusiya, Almaniya, Yaponiya, İndoneziya və s. ölkələrdən gələn dövlət rəsmiləri, adi ziyarətçilər burada yaradılan şəraiti yüksək qiymətləndirirlər.Məsciddə keçirilən cümə namazları, qeyd olunan dini bayramlar, anım günləri QMİ Elmi-Dini Şurasının və Qazılar Şurasının tövsiyələrinə uyqun, ictimai asayişi qorumaqla keçirilir. Cümə günlərində 800-dən çox dindar məsciddə ibadət edir, Aşura mərasimində məscidə 7 mindən çox ziyarətçi gəlir. Xütbə və moizələrdə milli-mənəvi dəyərlər, gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsi məsələləri daim önə çəkilir. Məscid-ziyarətgahda toplanan ianələr hesabına Ramazan ayında iftar süfrələri açılır, ehsan verilir, Novruz və Qurban bayramlarında qəsəbədə və qonşu ərazidə yaşayan aztəminatlı ailələrə, xəstələrə, qaçqın və məcburin köçkünlərə maddi yardım göstərilir, ərzaq yardımı paylanır.Toplantıda Səbail və Qaradağ rayonunda fəaliyyət göstərən məscidlərin imamları çıxış edərək belə görüşlərin müntəzəm keçirilməsini arzulayıb, problemlər barədə danışıb, təkliflərini səsləndiriblər.Qeyd olunub ki, bəzi qüvvələr Azərbaycandakı sabitliyə, din-dövlət münasibətlərinə, məzhəblər və dinlərarası mehriban münasibətə kölgə salmaq istəyirlər. Dindarlarımız məscidlərin siyasi münasibətlərin poliqonuna çevrilməsinə heç zaman imkan verməyəcəklər.QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev iclasa yekun vurub, tapşırıqlarını verib, görüşdə qaldırılan problemlər barədə aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağını bildirib.

  • Yazılıb
  • da (də) 2019 Mar 03
  • Göndərən مدير سايت Aran News