Tarix : 2019 Mar 12
Kod 57811

İmam Əlinin (ə) itaəti - Hacı İlham Əliyev yazır

“Hər kim Əli (ə)-a itaət etsə mənə itaət etmiş olar” – rəvayəti əhli-sünnənin mənbələrində etibarlı sənədlə nəql olunmuşdurmu?

Arannews-möminləri maraqlandıran bu suala tanınmış ilahiyyatçı alim, Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyevin cavabını təqdim edir:- Bismillahir Rəhmanir Rəhim. Həzrət Əli(ə)-ın ismətini mütləq surətdə sübut edən rəvayətlərdən biri də məhz bu nəql etdiyiniz rəvayətdir. Rəvayət heç bir qeyd vurmadan, hansı yerlərdə itaətin vacib olduğunu vurğulamadan, mütləq surətdə həzrətdən itaəti vacib edir. Bu cür qeyd-şərtsiz kimsənin itaətini vacib etmək onun məsum olduğunu sübut etməkdir.Bu rəvayət səhih sənədlərlə əhli-sünnə mənbələrində nəql olunmuşdur.Birinci rəvayət 

"Əbuzər(r.ə.) Peyğəmbərdən (s) nəql edir ki, həzrət, Əli(ə.)-a xitabən buyurdu: "Hər kəs mənə itaət etsə Allaha itaət etmiş olar. Hər kəs mənə qarşı üsyan etsə Allaha qarşı üsyan etmiş olar. Və hər kəs səndən itaət etsə şübhəsiz məndən itaət etmiş və hər kəs sənə qarşı üsyan etmiş olsa, mənə qarşı üsyan etmişdir.”Hakim Nişaburi bu rəvayəti nəql etdikdən sonra yazır:

“Bu rəvayətin sənədi səhihdir, amma Buxari ilə Müslüm bunu nəql etməyiblər.” 

Rəvayətin sənədinin araşdırılması

 

1) Əbul-Əbbas Mühəmməd ibn Yəqub Zəhəbi onun barəsində belə yazır:

“Mühəməd ibn Yəqub belə bir insan idi ki, camaat ona istinad edib və rəvayət öyrənmək üçün də müraciət edirdi. O, öz zəmanəsinin mühəddisi idi. Heç kəs onun doğru danışmasında və atası Yəqubun yazdıqlarında şəkk və tərəddüd etməyib. Dindarlığında çox zəhmət çəkib. Mənə deyilib ki, o, 70 il öz məscidində azan deyib. O, gözəl əxlaqlı və səxavətli insan olub. Öz məişəti üçün bir şeyə ehtiyacı olduqda kitab yazaraq öz əlinin zəhmətilə qazanc əldə edərdi.”

2) İbrahim ibn Süleyman əl-Bursulu Xətib Bağdadi onun barəsində yazır:

“İbrahim ibn Süleyman siqə, etibarlı və hafiz idi.”

Zəhəbi isə onun barəsində belə yazır:

“İbrahim ibn Süleyman hafiz idi və “sur”-da dünyaya gəlmişdi. O, hədis nəql etməyə xüsusi inayət edirdi. İraqa, Misirə səfər etmişdi. İbni Yunis deyir: O, mincümlə hafizlərdəndir ki, rəvayəti çox gözəl əzbərləyərək nəql edirdi. Yetmişinci ildə Misirdə dünyasını dəyişib. İbn Covza deyir: mən onunla müzakirə etmişdim, o, hədis elminin coşğun bulaqlarından idi.”

3) Mühəmməd ibn İsmail Buxari Zəhəbi onun barəsində yazır:

“Buxari şeyxul-İslam və hafizlərin imamıdır, “Səhih”kitabının və digər kitabların sahibidir. O, zəmanəsində zəkanın, elmin, təqvanın və ibadətin başı hesab olunurdu.”

Yəhya ibn Yəla nəql edir ki, Zəhəbi onun barəsində deyir:

“Yəhya ibn Yəla siqədir, Buxari və əbu-Hatəm ondan rəvayət nəql ediblər.”

4) Bəssam ibn Əbdullah əs-Səyrəfi Zəhəbi deyir: “Bəssam siqədir.”

Həmçinin “Təqribut-təhzib”-də deyir: “Bəssam çox doğru danışandır”

5) Həsən ibn Əmr əl-Fuqeymi Zəhəbi yazır: “Həsən ibn Əmr əl-Fuqeymi siqədir."

6) Müaviyə ibn Sələbə: "İbn Həbbab Bəsti Şafei onun adını siqə ravilərin arasında çəkərək onun siqə olduğunu bildirir".

 

İkinci rəvayət

 

"Hakim Nişaburi Əbuzərdən nəql edir ki, o deyir: "Peyğəmbər buyurub: məndən itaət edən hər bir şəxs Allahdan itaət etmişdir. Mənə qarşı üsyan edən hər bir şəxs də Allaha qarşı üsyan etmişdi. Əlidən itaət etmiş hər bir şəxs mənə itaət etmiş, ona qarşı üsyan etmişsə mənə qarşı üsyan etmişdir.”"

Hakim bu rəvayəti nəql etdikdən sonra deyir: “Bu rəvayətin sənədi səhihdir, amma Buxari ilə Müslüm bunu nəql etməyiblər.”

Şəmsud-Din Zəhəbi də “Təlxisul-müstədrək”-kitabında bu rəvayətin səhih olduğunu deyir.

Vəhhabi firqəsinin tanınmış simalarından olan əl-Bani çalışır ki, Hakimlə Zəhəbinin bu rəvayətdə səhv etdiklərini sübut etsin. Ona görə iddia edir ki, rəvayətin sənədində adı çəkilən Yəhya ibn Yəla, Yəhya ibn Yəla Əsləmidir. Əhli-sünnə alimləri onun zəif olmasında ittifaq ediblər. Hətta Zəhəbinin özü də onun zəif olduğunu bəyan etdiyini deyir:

 

"Hakim deyib ki, bu rəvayətin sənədi səhihdir. Zəhəbi də onunla razılaşıb. Mən deyirəm ki, necə bu rəvayət səhih ola bilər, bir haldaki onun sənədində Yəhya ibn Yəla Əsləminin adı çəkilib?! Zəhəbi özü onun zəif olduğunu yəqin etmişdir. O, şiədir. Bütün alimlər onun zəif olduğunu qəbul etmişlər.

 

Müaviyə ibn Sələbədən başqa ravilər isə siqədirlər. Amma onun ədaləti məlum deyil.”

 

Həqiqət budur ki, əl-Bani özü bu rəvayətdə səhvə yol verib. Bu rəvayətin sənədində adı çəkilən Yəhya ibn Yəla Əsləmi deyil. Çünki Hakimdən nəql etdiyimiz birinci rəvayətdə Mühəmməd ibn İsmail Buxari Yəhya ibn Yəladan nəql edirdi. Bu onu göstərir ki, sözügedən Yəhya Buxarinin ustadı Yəhya ibn Yəla əl-Müharibidir, Əsləmi yox. Odur ki, Hakimlə Zəhəbi bu rəvayəti səhih hesab ediblər. Bunu da qeyd etmək lazımdır ki, bu iki nəfər rəvayətlərin sənədində olanları əl-Banidən daha yaxşı tanıyırdılar. Amma çox təəssüflər olsun ki, camaatı çaşqınlığa salan bu əl-Bani Hakimin birinci nəql etdiyi rəvayətin adını belə tutmayıb. Buna baxmayaraq ki, bir-iki səhifə əvvəl nəql edib!

 

Müaviyə ibn Sələbənin barəsində də dediyi doğru deyil. Çünki əvvəla, ibn Həbban onu siqə hesab edib, digər tərəfdən isə Hakimlə Zəhəbi onun rəvayətini səhih biliblər. Odur ki, bu şəxs də etibarlıdır.

 

Rəvayətin mətninin araşdırılması

 

Allah-taala Qurani-Kərimdə Peyğəmbər(s.)-in itaətini öz itaəti kimi təqdim edib:

 

Tərcümə: “Peyğəmbərə itaət edən şəxs, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə , (qoy döndərsin!) Biz ki, səni onların üzərində gözətçi olmağa göndərməmişik.”-( Nisa, 80)

 

Bu ayə mincümlə o ayələrdəndir ki, Peyğəmbərin (s) ismətini sübut edir. Əhli-sünnənin tanınmış təfsirçisi Fəxri-Razi bu barədə yazır:

 

“Allahin, Peyğəmbərə itaət edən şəxs, şübhəsiz ki, Allaha itaət etmiş olur- buyuruğu Peyğəmbərin(s.) -ın ismətini, bütün əmrlərində, nəhylərində və habelə Allahın tərəfindən təbliğ etdiyi tamam hökmlərdə sübut edən ən möhkəm dəlillərdəndir. Çünki əgər həzrət bunların birində səhvə yol versə artıq ondan itaət edən şəxs Allahdan itaət etmiş hesab olunmazdı. Habelə həzrətin bütün işlərində belə məsum olması vacibdir. Bu barədə “Ənam”-surəsinin 153 və 155-ci   ayələrində “... ona (peyğəmbərə) tabe olun...” çümləsiylə həzrətdən təbəiyyət etməyə dair göstəriş verib. Təbəiyyətin mənası budur ki, Peyğəmbərin etdiyini edəsən. Odur ki, öz əməlini Peyğəmbərin əməlləriylə uyğunlaşdıran şəxs həqiqətdə Allaha “...ona tabe olun...”-cümləsində itaət etmişdir. Bu hesabla xüsusi dəlil olmadan Peyğəmbər (s)-in sözündən və əməlindən itaət etmək Allahdan itaət etməkdir.”

 

Qutubi əhli-sünnənin daha bir tanınmış təfsirçisi Peyğəmbər(s)-in ismətini belə sübut edir:

 

“Malikin, Əbu-Hənifənin və Şafeinin tərəfdarlarından olan bir çox fəqihlər deyirlər: Peyğəmbərlər böyük günahlardan məsum olduqları kimi, bütün kiçik günahlardan da məsumdurlar. Çünki Allah-taala mütləq surətdə, heç bir qeyd-şərt vurmadan onların əməllərindən və həyat tərzlərindən təbəiyyət etməyi əmr etmişdir. Odur ki, əgər onlara kiçik günahlar  etmə icazəsi verilsəydi, onlardan bu keyfiyyətlə təbəiyyət etmək mümkün olmazdı. Çünki belə olduğu təqdirdə onların etdikləri əməl bir neçə haldan xaric olmayacaq: ya etdikləri əməl qəsdi-qürbət olacaq, ya mubah əməl olacaq və ya məkruh, ya da ki, etdikləri əməl günah və haram olacaq. Allah-taala isə günah və haram ehtimalı olan əməldən təbəiyyət əmrini verməz.”

    

Nəticə

 

Beləliklə, əgər bu ayədə Allah-taalanın mütləq surədə Peyğəmbərdən (s) itaət etməyini vacib buyurmasıyla həzrətin məsumluğu sübut olursa, həzrət Əli (ə)-ın barəsində də bu deyilənlər təsdiqlənməlidir, onun da məsum olmasını etiraf etməliyik. Çünki Peyğəmbər (s) barəsində söhbət etdiyimiz bu rəvayətdə öz barəsində deyilən itaəti Əli(ə)-in barəsində sübut etmişdir. Odur ki, Fəxri-Razinin dediyi kimi, Peyğəmbər(s)-dən mütləq surətdə itaətin vacib olunması həzrətin ismətinə ən möhkəm sübutdur. Məhz bu növ itaətin həzrət Əli (ə) üçün də sabit olduğunu buyurmuşdur. Nəticə etibarılə o da Peyğəmbər kimi bütün səhvlərdən, xətalardan məsumdur.

 

Başqa ibarə ilə desək, Allah özünün və Peyğəmbərinin bütün göstərişlərindən itaət etməyi əmr etdiyi kimi, Əli(ə)-ın da bütün göstərişlərindən itaət etməyi əmr

etmişdir.

 

Belə olduğu təqdirdə əgər Əli(ə) məsum olmasa mümkündür ki, verəcəyi göstərişlər – bilərəkdən və ya səhvən Allahın və ya Peyğəmbərinin (s) dediklərinə xilaf çıxsın. Bu halda ondan itaət etmək ya vacibdir, ya vacib deyil. Əgər vacib olsa laziməsi budur ki, deyək Allah-taala günah etməyi nəinki hamıya icazə verib, bəlkə də vacib edib. Belə bir lazimə isə əql və şəriət baxımından qeyri-məqbuldur. Yox əgər ondan itaət etmək vacib deyilsə, onda yuxarıda səhih olduğunu sübut etdiyimiz rəvayətə zidd olacaq.

 

Mərhum Müzəffər “əqaidul-imamiyyə” kitabında bu barədə yazır:

 

Unutqanlıq caiz olsaydı və onlardan bu kimi əməllər baş versəydi bu iki haldan xaric deyil:

 

1) Ya onlardan baş vermiş bu günah və xətadan itaət və təbəiyyə etmək vacibdir. Bu halda bizə azından bu günahı etməyə Allah özü icazə vermiş, nə tənha icazə vermiş, bəlkə vacib etmişdir. Bu isə şəriətin və əqlin hökmüylə batil əqidədir.

2) Ya da ki, belə bir peyğəmbərlərdən ümumiyyətlə itaət etmək olmaz. Bu söz də mütləq, qeyd-şərtsiz itaəti vacib olan nübuvvət məqamına ziddir. Belə ki, onların hər hansı bir əməlinn və ya hər hansı bir kəlamının günah, ya da səhv olduğunu ehtimal belə etsək, heç bir şeydə onlardan itaət etmək vacib olmaz. Belə olduğu təqdirdə peyğəmbərlərin gəlişində olan fayda aradan qalxar (Və adi insanlar kimi peyğəmbərlərin də sözlərinin, əməllərinin tam etibarı olmayacaq.

 

Peyğəmbərlərin ismətini sübut edən bu dəlil imamın barəsində də caridir. Çünki imam da insanların hidayət olunması üçün Peyğəmbərdən (s) sonra təyin edilmiş şəxsiyyətlərdir...

 

Son nəticə: Bu rəvayətin sənədi səhihdir. Və həzrəti Əli(ə)-ın ismətini sübut edərək bütün müsəlmanlara həzrətin itaətini vacib edir.

  • Yazılıb
  • da (də) 2019 Mar 12
  • Göndərən مدير سايت Aran News