Tarix : 2019 Apr 09
Kod 57932

Azərbaycan İslam Partiyası müsəlmanları təbrik etdi

AİP Şəhidlər Sərvəri, İslam Peyğəmbərinin sevimli nəvəsi İmam Hüseyn (ə)-ın mövludu münasibətilə xalqımızı və bütün dünya müsəlmanlarını təbrik edib.

Arannews-İslaminSesinə daxil olan Təbrik məktubunda  deyilir: “Peyğəmbərimizin sevimli nəvəsi, Həzrət Əlinin (ə) və Xanım Fatimənin (ə) əziz oğlu, müsəlmanların üçüncü imamı, dinimizin xilaskarı İmam Hüseynin (ə) mübarək mövludu münasibətilə Əhlibeytsevər xalqımızı, bütün dünya müsəlmanlarını təbrik edirik. Bu gün dünyanın hər yerində, müsəlman aləmində bu mübarək günün fəzilətindən bəhrələnməyə çalışan müsəlman qardaş və bacılarımız həyatını və bütün dünyasını haqsızlığa, zülmə qarşı mübarizəyə həsr edən, azadlıqsevərliyini malik olduğu bütün sərvət və nemətlərdən üstün tutan, həyatını bu yolda qurban verən məsum İmam Hüseyni (ə) qəlblərində yad edir, ziyarətinə can atırlar. Hicrətin dördüncü ili Şəban ayının bu günündə Mədinədə dünyaya göz açan Həzrəti Hüseyn uşaqlıq dövrünü babası Həzrəti Peyğəmbərin (s.ə) yanında keçirmişdir.O, atası Həzrəti Əlinin (ə) həyatını, elmini özünə örnək götürmüş, onun mərdlik və mübarizlik məktəbini əxz etmişdir. İslam düşmənlərilə mübarizədə və döyüşdə İmam Hüseyn şücaət və qələbə ruhiyyəsi baxımından atasından geri qalmamışdır. İmam Hüseynin(ə) dünyaya gəlişi, keçdiyi ömür yolu, imamətdə fəaliyyəti, Allah Təalanın onu İslam dininə töhfəsindən başqa bir məzmun daşımır. Dinimizin yaşamasını şərtləndirən məqamın-şəhidlik zirvəsinin İmam Hüseyn tərəfindən böyük şücaətlə fəth olunması yalnız Yaradanın təqdiratı idi ki, bu keyfiyyət yüz illərlə dünyanın müxtəlif xalqlarının, toplumlarının inqilab rəhbərlərinin, alim və filosofların azadlıq simvolu kimi tədqiqat, araşdırma mövzu və hədəfinə çevrilmişdir. İmam Hüseyn (ə) azadlıqsevər insanlar, xalqlar üçün ona görə əziz və müqəddəsdir, ona görə hədsiz məhəbbətlə sevilir ki, o təkcə öz dövrünün mübarizlik və yenilməz qəhrəmanlıq aşiqliyi nümunəsi deyil, bəşər durduqca bu əlamətlərin reallaşması üçün əsl örnək, bələdçi, sönməz işıqdır. Bu işığın nuruna qərq olanlar, mübarizə yolunu bu işıqla görənlər heç zaman məğlub olmazlar, daima qalibdirlər. Mübarək mövlud günü münasibətilə müsəlman qardaş və bacıları, xüsusən Əhli-beyt aşiqlərini bir daha səmimi qəlbdən təbrik edirik, hər kəsə Allahdan bu dünyada İmam Hüseynin ziyarətini, axirətində O Həzrətin şəfaətini nəsib etməsini diləyirik.” 

Hacı İlham Əliyev,

Azərbaycan İslam Partiyasının sədr əvəzi


  • Yazılıb
  • da (də) 2019 Apr 09
  • Göndərən مدير سايت Aran News