“Yanğınsöndürənlər yetişincə, köz qalmışdı”
Zabil Əliyevin sözlərinə görə, yanğınsöndürənlər gəlincə, evin külü qalıb:
“Taxta ev idi, alışdı, yana-yana getdi... Yanğınsöndürənlər gəlib közünü söndürdülər. Bircə çöp də çıxara bilmədik. Əynimizdəki paltarları qonşular verdi. Soyuqdan donmuşduq. Səhər icra hakimiyyətinə getdim. Birinci müavin Arif müəllim qəbul elədi, məni dinlədi, dedi, hələlik sizi çadıra yerləşdirək, sonra hər cür köməklik olunacaq. İcra hakimiyyəti bizə yalnız həmin gün ac qalmayaq deyə, kolbasa-çörəklə kömək elədi. Sonra gətirib çadır qurdular, içində heç nə yox idi. Qonşular bir-iki yorğan-döşək, yastıqla kömək elədilər. İcra hakimiyyətinin işçiləri də bir uşaq bağçasından köhnə çarpayılar gətirib verdilər”.
“Uşaqlar dərsə getmir, məktəbdən maraqlanan da yoxdur”
Zabil Əliyev deyir, nəvələrindən biri 4, digəri 5-ci sinifdə oxuyur. Hər ikisi xəstədir, dövlət hesabına dərman preparatlarıyla təmin olunurlar. İndi xəstə uşaqlar soyuq çadırda ölüm-dirim savaşı aparırlar:
“Məktəbə getmirlər. Necə göndərim? Hər şeyləri yanıb. Bütün kənd başımıza gələni bilir. Məktəb də bilir. Ən pisi odur ki, müəllimləri bircə dəfə də olsun gəlib bu uşaqlarla maraqlanmayıb. Yəni, gəlmək vəzifə borcları deyil, ancaq uşaqlara böyük mənəvi dəstək olardı. Bircə dəfə gəlib çadırdan boylanıb demədilər ki, ay uşaqlar, necəsiz, ölmüsüz, qalmısız?”.