Tarix : 2019 Apr 25
Kod 58038

Milli Şura Aİ-lə imzalanacaq sazişə rəsmi münasibət bildirdi

Məlum olduğu kimi Avropa İtiifaqı ilə Azərbaycan arasında yaxın günlərdə yeni sazişin imzalanacağı gözlənilir.
Arannews-Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüssel şəhərində Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclasında çıxışı zamanı bildirdi ki, yeni sazişin 90 faizi razılaşdırılıb. Ölkədə fəaliyyət göstərən siyasi partiyaların imzalanması gözlənilən sazişə münasibəti isə birmənalı deyil. Demokratik Qüvvələrin Milli Şurası sazişlə bağlı öz mövqe sənədini paylaşıb. Faktxeber.com-a mövqe sənədini oxuculara təqdim edir.Demokratik Qüvvələrin Milli Şurası bəyan edir ki, Avropa hüquqi, siyasi, iqtisadi və mədəni məkanına inteqrasiya, Azərbaycanın Avropa xalqları ailəsinin tam və bərabərhüquqlu üzvünə çevrilməsi xalqımızın və dövlərimizin ali maraqlarına və məqsədlərinə cavab verən ən düzgün strateji seçimdir və bu seçimin alternativi yoxdur. Bu seçimi Azərbaycan xalqı 100 il öncə, bütün müsəlman dünyasında ilk dünyəvi və demokratik respublikanı yaradarkən edib və biz bu gün də qurucu babalarımızın ötən əsrin əvvəllərində müdrikliklə seçdikləri bu tərəqqi və inkişaf yoluna sadiqik. Bəyan edirik ki, Azərbaycanın azad, xoşbəxt və firavan gələcəyini məhz Avropa Birliyi ilə yaxınlaşmaqda və əməkdaşlıqda, Avropa geosiyasi məkanına tam və dərin inteqrasiyada, Avropa xalqları ailəsinin bərabərhüquqlu üzvü olmaqda görürük. Təəssüf ki, 1918-20-ci illərdə dünyanın ən demokratik ölkələri sırasında yer alan, hətta insan hüquqları və demokratiya standartları sahəsində Avropanın bir çox ölkələrindən önə çıxmağa müvəffəq olan ölkəmiz bu gün dünyanın insan hüquqları və azad söz düşmənləri olan ən repressiv rejimləri ilə eyni cərgədə yer alıb. Bu gün ölkəmizin adı dünya miqyasında korrupsiya və rüşvət qalmaqalları, ofşor ifşaları, inhisarçılıq, qeyri-məhdud hakimiyyət, seçki saxtakarlığı, qeyri-şəffaf idarəetmə, sorğu-sualsız qətllər, işgəncələr, siyasi təqiblər və siyasi məhbuslar kimi ən neqativ anlayışlarla assosiasiya olunur. Bu gün Azərbaycan Avropa Şurasına üzv olduğu 2001-ci illə müqayisədə demokratiya, insan hüquqqları və fundamental azadlıqların qorunması, qanunun aliliyi və səmərəli idarəetmə sahəsində ciddi şəkildə geriləyib:1. 2019-cu il 16 mart tarixli əfv sərəncamı ilə 51 nəfər siyasi məhbus azadlığa qovuşsa da, Azərbaycanda hələ də yüzdən çox siyasi məhbus var və siyasi məhbus istehsal edən “konveyer” işlək vəziyyətdədir;

2. Siyasi məhbuslar istintaq təcridxanalarında və cəzaçəkmə yerlərində ağır fiziki və mənəvi işgəncələrә, insan ləyaqətini alçaldan qəddar və qeyri-insani rəftara məruz qoyulur, onlardan bəzilərinə aylarla ailə üzvlərilə və vəkillərlə görüşmək imkanı yaradılmır, hətta siyasi məhbus Mehman Qələndərovun həbsxanada işgəncələr nəticəsində baş verdiyi ehtimal edilәn ölməsi faktı da mövcuddur;

3. Şərti adları “Tərtər işi” və “Gəncə işi” olan istintaq işləri çərçivəsində 20-dən çox insan istintaq altında olduğu müddətdə amansız işgəncələr və qeyri-insani rəftar nəticəsində, yaxud saxlanılarkən sorğu-sualsız öldürülüb, onların bəzilərinin ailələrinə sonradan ittihamların yanlış olması ilə bağlı üzrxahlıq məktubları göndərilib; 

4. Siyasi məhbuslara qarşı işgəncələri ictimailəşdirən və onları müdafiə edən vəkillər Vəkillər Kollegiyasından uzaqlaşdırılır. Vəkillər Kollegiyası oyuncaq və siyasi hakimiyyətin sifarişlərini icra edən, ilkin funksionallığını itirmiş quruma çevrilib, ölkədə hüquqi müdafiə institutu demək olar ki, tamamilə məhv edilib və siyasi fəallar vəkilsiz qalıb;

5. Ölkədə bir müstəqil qəzet, sayt və ya başqa media təsisatı fəaliyyət göstərmir, müstəqil saytlar siyasi sifariş əsasında çıxarılan əsassız məhkəmə qərarları ilə bloklanıb, Avropa Şurasının tövsiyyəsi əsasında yaradılmış İctimai Televiziya da daxil olmaqla, ölkə üzrə yayımlanan bütün televiziya kanalları hakimiyyətin total nəzarəti altındadır. Sosial şəbəkələri çıxmaqla, Azərbaycan informasiya məkanında alternativ informasiya yaymaq imkanları tam şəkildə qapadılıb. Sosial şəbəkələrdə tənqidi fikir ifadə etmək, status paylaşmaq və siyasi liderlərin statuslarını bəyənmək də təhlükəlidir. Belə ki, ölkədə “like məhbusları” - tənqidi statusları bəyəndiyinə görə inzibati həbslə cəzalanan insanlar var. Azərbaycan hakimiyyəti xaricdən idarә olunan sosial şəbəkə resurslarına, eləcə də, siyasi fəalların sosial şəbəkə profillərinə qarşı tez-tez kiberhücumlar təşkil edir və açıq şəkildə kibercinayətkarlıqla məşğuldur. Bütün bunlar ölkəmizdə azad sözün, fikir azadlığının, demək olar ki, tam şəkildə boğulması ilə nəticələnib;

6. Sərbəst toplaşmaq azadlığına qarşı həmişə mövcud olan məhdudiyyətlər 2019-cu ilin 19 yanvar tarixindən sonra bu hüququn tamamilə aradan qaldırılması ilə möhkəmləndirilib. Belə ki, Milli Şuranın Bakı şəhərində məhdud bir ərazidə və zamanda 26 yanvar, 23 fevral, 2 mart, 6 aprel və 20 aprel tarixlәrindә mitinq keçirilməsilə bağlı müraciətlərinə, eləcə də digər ictimai-siyasi qurumların eyni məzmunlu müraciətlərinə müvafiq dövlət orqanları “yox” cavabı verib. Hətta daha əvvəllər hakimiyyətlə razılaşdırılmış dinc aksiyalar ərəfəsində də yüzlərlə Milli Şura və AXCP fəalı təqib olunub, inzibati qaydada 30 sutkayadək həbs edilib;

7. Azərbaycanın Avropa Şurasına üzv olduğu 18 il ərzində ölkədə siyasi müstəvi sıradan çıxarılıb, vətəndaş cəmiyyəti darmadağın edilib. Ağır təqiblər, təzyiqlər və məhrumiyyətlər altında olan siyasi partiya və təşkilatların fəaliyyəti hər gün daha da məhdudlaşdırılır. Siyasi fəalların məktəbli övladlarının təhdid edilməsi, küçədə döyülməsi və təhqir olunması, hәtta müxalifətçi gənclərin restoranlarda toy etməlәrinә imkan verilmәmәsi və yüksək vəzifəli məmurlar tərəfindən “müxalifətçi ilə evlənmə” tələblərinin irəli sürülməsi, birbaşa prezidentin nəzarətində olan televiziya kanalında “müxalifətçilərə çörək satmayın, onları avtobuslara minməyә qoymayın, müxalifətçi təcili tibbi yardım çağırsa, çağırışına getməyin, onları yasa, toya buraxmayın” kimi faşizm ruhlu çağırışların edilməsi Avropa Birliyi ilə tərəfdaşlığa iddialı bugünkü Azərbaycanın acı reallığıdır;

8. Son 25 il ərzində ölkədə bir dәfә dә demokratik prezident, parlament, bələdiyyə seçkisi keçirilməyib, azad və rəqabətli seçki institutu məhv edilib. Ölkə parlamentində bir müxalifət təmsilçisi belə yoxdur. Xalqın ali iradəsi dəfələrlə qəsb olunub, xalqın seçkilər yolu ilə hakimiyyət formalaşdırmaq və dəyişmək haqqı əlindən alınıb;

9. İxracatının 95 faizi neft və qaz gəlirlərindən ibarət olan ölkədə iqtisadiyyatın diversifikasiyası həyata keçirilməyib. 2015 və 2016-cı illərdə baş verən devalvasiyalar nəticəsində milli valyuta 2,5 dəfə dəyər itirib, əhali daha da yoxsullaşıb. İşsizlik və yoxsulluq ölkənin əsas probleminə çevrilib. Bu iqtisadi böhran ölkəni bürüyən korrupsiya və inhisarçılıq siyasətinin, eləcə də qeyri-peşəkar və nepotizm maraqlarına söykənən idarəetmənin müstəsna nəticəsidir. Məhz hakim elitanın korrupsiya və inhisarçılıq maraqları uzun illərdir ölkədə ədalətli rəqabət mühitinə söykənən açıq bazar iqtisadiyyatının qurulmasına və müvafiq surətdə Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyünə əngəl yaradır;

10. Azərbaycanda məhkəmə sistemi müstəqilliyini tam və birmənalı şəkildə itirib. Məhkəmələr siyasi mahiyyətli işlərdə Prezident Administrasiyasının tapşırıqlarının icraçısına çevrilib, digər məsələlərdə korrupsiya maraqlarından çıxış edirlər. 

11. Ölkədə hakimiyyətin bölgüsü prinsipi fiksiya xarakteri daşıyır. İstər qanunverici, istər məhkəmə hakimiyyəti əlahiddə şəkildə gücləndirilmiş prezident hakimiyyətinin xidmətçisinə çevrilib. Parlament və məhkəmələrin icra hakimiyyətinin iradəsindən kənar hansısa bir qərar qəbul etməsi hətta təsəvvür belә edilə bilməz.

Azərbaycanı bu rüsvayçı durumdan çıxarmağın və Azərbaycan vətəndaşlarını layıq olduqları həyata qovuşdurmağın ən optimal yolu ölkəmizin qısa zamanda Avropa hüquqi, siyasi və iqtisadi məkanına inteqrasiya etməsi və insan hüquqları, qanunun aliliyi, demokratiya, azad rəqabət və seçim kimi dəyərlər və prinsiplərin ölkəmizdə həyat normasına çevrilməsidir. Milli Şura olaraq biz ən tez zamanda Avropa Birliyi ilə Dərin İqtisadi İnteqrasiyanı və Azad Ticarət Sazişini də ehtiva edən Assosiasiya Sazişinin imzalanmasını arzulayırıq. Lakin öz hakimiyyət maraqlarını dövlətin və xalqın ali maraqlarından üstün tutan, korrupsiya və rüşvəti əsas idarəetmə mexanizminə çevirən, inhisarçılığa dəstək verməklə azad rəqabəti və daxili istehsalı boğan, bununla da vətəndaşların rifahını öz sərvət ehtirasına qurban verən Azərbaycan siyasi rəhbərliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Avropa Birliyi ilə daha sıx əməkdaşlığı müxtəlif süni bahanələrlə əngəllədiyini anlayırıq. Məhz bu səbəbdən bizim üçün hələ də mücərrəd olan Strateji Tərəfdaşlıq Sazişinin hazırlanmasını anlayışla qarşılayır və konseptual baxımdan dəstəkləyirik. Prinsipial hesab etdiyimiz məqam bu sazişin hansı şəraitdə və hansı şərtlər daxilində imzalanması ilə bağlıdır. Bu saziş ölkəmizdə yuxarıda təsvir etdiyimiz yarımdiktatura mühitinin - siyasi zəmində təqib, təzyiq və diskriminasiyanın vüsət aldığı bir şəraitdə imzalanacaqsa, birmənalı olaraq Azərbaycan xalqının və dövlətinin ali maraqlarına, Azərbaycanın Avropa məkanına gerçək inteqrasiyasına deyil, Əliyev rejiminin hakimiyyət maraqlarına xidmət edəcək. Avropa Birliyi ən aşağı insan hüquqları və demokratiya standartlarına belə cavab verməyən, yüzə yaxın siyasi məhbusun olduğu, işgəncə praktikasının yayıldığı, insanların sorğu-sualsız öldürüldüyü, media və sərbəst toplaşmaq azadlığının faktiki lәğv edildiyi, heç bir azad və rəqabətli seçki institutu elementinin olmadığı bir ölkə ilə bu şərtlərin və şəraitin qalacağı təqdirdə tərəfdaşlıq münasibətlərini dərinləşdirməklə ölkəmizdə artıq diktaturaya keçid mərhələsinə qədəm qoymuş sərt avtoritarizmin mövqelərini möhkəmləndirmiş olacaq. Bu isə Avropa və ümumbəşəri dəyərlərə sayğısızlıq olmaqla yanaşı, Azrbaycan cəmiyyətində Avropa Birliyinin imicinə və nüfuzuna böyük zərbə vuracaq. Etibarı “Kürü diplomatiyası” ilə sarsılmış Avropa Şurasından sonra bu gün xalqımızın, xüsusilə, Avropa Parlamentinin qətiyyətli və prinsipial mövqeyi sayəsində böyük rəğbət vә ümid bəslədiyi Avropa Birliyinin bu inam və rəğbəti itirməyəcəyinə inanırıq.

Demokratik Qüvvələrin Milli Şurası olaraq bəyan edirik ki, Avropa Birliyi ilə bağlanacaq istənilən sazişdə Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilər daxil olmaqla, ərazi bütövlüyünün və suveren hüquqlarının tanınması (Gürcüstün, Ukrayna və Moldovaya münasibətdə olduğu kimi) bizim üçün heç vaxt müzakirə və kompromis predmeti olmayacaq ilkin şərtddir.

Milli Şura olaraq Avropa Parlamentinin Azərbaycan və AB münasibətlərinə dair 04 iyil 2018-ci il tarixli qətnaməsinə tam dəstəyimizi ifadə edir və Strateji Tərəfdaşlıq Sazişinin yalnız həmin qətnamədə müəyyən edilən şərtlər çərçivəsində imzalanmasını tərəflər üçün faydalı və məqbul hesab edirik. Bildiririk ki, Avropa Birliyi Azərbaycan hökumətini həmin qətnamədə qoyulan tələblərin icrasına təşviq etməlidir. Әn qısa zamanda:

1. Bütün siyasi məhbuslar azad edilməli və siyasi məhbus praktikasına son qoyulmalıdır;

2. Media və sərbəst toplaşma azadlığının təmin olunması istiqamətində ciddi əməli addımlar atılmalıdır;

3. Avropa Şurasının Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları (Varşava) Bürosunun tövsiyyələri və iradları nəzər alınmaqla, seçki qanunvericiliyinin təkmilləşdirilməsi də daxil, köklü seçki islahatlarına başlanmalıdır; 

4. Vətəndaş cəmiyyətinin, müstəqil QHT-lәrin fəaliyyəti üçün əlverişli mühit bərpa olunmalıdır;

5. Siyasi partiyalara və fəallara qarşı təqib-təzyiqlərə son qoyulmalı, siyasi zəmində hər cür diskriminasiya və ayrı-seçkilik aradan qaldırılmalı, siyasi fəaliyyət müstəvisi bərpa olunmalıdır; 

6. Korrupsiya və inhisarçılıqla mübarizə istiqamətində imitasiyaya son qoyulmalı, gerçək və ciddi tədbirlər həyata keçirilməli, ölkənin Dünya Ticarət Təşkilatına üzvlüyü yolunda yaradılan süni maneələr aradan qaldırılmalıdır. 

7. Məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi, onun icra hakimiyyətinin siyasi sifarişlərinin icraçısı statusundan çıxıb gerçək ədalət mühakiməsi mexanizminə çevrilməsi istiqamətində indi edildiyi kimi imitasiya xarakterli deyil, gerçək məhkəmə-hüquqi islahatları həyata keçirilməlidir. 

8. Şəffaflığın təmini və Azərbaycan xalqının qanuni maraqları və mənafeləri nəzərə alınaraq sazişin mətni imzalanmadan öncə Azərbaycan ictimaiyyətinə açıqlanmalıdır.


  • Yazılıb
  • da (də) 2019 Apr 25
  • Göndərən مدير سايت Aran News