Tarix : 2008 Jul 13
Kod 5804

Gürcüstan qambiti - Rusiya ABŞ-a qarşı

Rusiya Gürcüstanı sərt tənqid edən qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarıb
Gürcüstan Servisi/Aran Agentliyi
Moskvada Kondoliza Raysın Gürcüstan səfəri diqqətlə izlənib. Mətbuatın yazdığına görə, Rusiyanı ən çox qəzəbləndirən ABŞ-ın Gürcüstan-Abxaziya münaqişə bölgəsinə çoxtərəfli polis qüvvələrin yeridilməsi təşəbbüsü olub.
Hələlik Rusiya sülhməramlıları bölgədə yeganə beynəlxalq qüvvədir. Rusiyanın Xarici İşlər Nazirliyi xanım Rays Tbilisidə olduğu zamanı Gürcüstanı sərt tənqid edən növbəti bəyanatla çıxış edib. Habelə rəsmi Moskva Vaşinqtonu da tənqidsiz qoymayıb. Xarici İşlər Nazirliyinin bəyanatında göstərilir ki, ABŞ Gürcüstanın Abxaziyayla bağlı "təxribatlarına" rəvac verir.
Rəsmi Moskva Kondoliza Raysın Tbilisi səfəriylə bağlı geniş diplomatik fəallıq nümayiş etdirir. Rusiya Gürcüstanı sərt tənqid edən qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarıb.
Habelə ölkənin Xarici İşlər Nazirliyi gürcü-abxaz münaqişə bölgəsindəki vəziyyətlə bağlı xüsusi bəyanatla çıxış edib. Nazirliyin rəsmi nümayəndəsi Andrey Nesterenko bir neçə gün əvvəl Abxaziya ərazisindəki partlayışlarda rəsmi Tbilisinin əli olması ehtimalını irəli sürməklə, bilavasitə Mixail Saakaşvili rejimini terrorçuluqda ittiham edib:
"Gürcü-abxaz münaqişəsi bölgəsində bir neçə mülki vətəndaşın qətli və yaralanmasına gətirmiş bir neçə partlayış baş verib. Abxaziya rəsmiləri bu partlayışları terror aktı sayırlar. Bu partlayışların bəzilərinin təşkilində bir sıra məlumatlara görə gürcü tərəfinin əli ola bilər".
Rusiya Xarici İşlər Nazirliyi öz bəyanatında bildirir ki, "Tbilisinin hərəkətləri Cənubi Qafqazda sülh və təhlükəsizliyə real təhlükə yaradır. Bu hərəkətlər bölgəni yeni hərbi münaqişə həndəvərinə gətirə bilər".
Moskva rəsmən həmçinin bəyan edir ki, ABŞ Tbilisinin, onun təbirincə, təxribatlarına rəvac verir.
Bu arada rusiyalı şərhçilərin zənnincə, Rusiyanın sərt ritorikasına səbəb ilk növbədə bölgədə yeni sülhməramlı qüvvələr formatının tətbiq edilməsi üzrə ABŞ-ın təklifləridir. Moskvadakı "Kavkazskiy uzel" internet nəşrinin redaktoru Qriqoriy Şvedov:
"Hazırda Abxaziya və prinsipçə Rusiyanı qane edən status-kvo var. Bu status-kvo Gürcüstanı və əsas etibarıyla beynəlxalq birliyi qane etmir. Münaqişə də buradan irəli gəlir. Status-kvonu tərpətmək, dəyişmək cəhdləri buradan köklənir", deyir Qriqoriy Şvedov.
Əksər müşahidəçilərin zənnincə, Rusiya üçün Abxaziya və Cənubi Osetiyada sülhməramlı qüvvələr işində öz müstəsnalığını saxlamaq vacibdir və ona görə də o belə sərt reaksiya verir. Düzdür, Moskvadakı MDB ölkələri institutunun Qafqaz şöbəsinin müdiri Mixail Aleksandrova görə, Rusiyanın ehtiyatının başqa səbəbləri də var:
"Kosovodakı acınacaqlı təcrübə Rusiya, Abxaziya və Cənubi Osetiyanı çox ehtiyatlı olmağa öyrədib. Kosovodakı sülhməramlı missiya ancaq bir tərəfin xeyrinə həyata keçirildi, eyni şey Qafqazda da baş verə bilər. Yəni faktiki nə Abxaziya, nə də Cənubi Osetiya Qərbə inanmır, onun sülhməramlılarının bölgədə yerləşdirilməsini istəmir", deyir Mixail Aleksandrov.
Bu arada bu gün Rusiyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, dünən Rusiyanın hərbi təyyarələri Gürcüstanın Cənubi Osetiya bölgəsi üzərində uçuşlar keçiriblər. Bu aksiyanın məqsədi, rəsmi Moskvaya görə, Gürcüstanı bölgədə güc işlətməkdən yayındırmağa sövq etmək olub.

Bu gün habelə Rusiyanın Şimali Qafqaz hərbi dairəsinin rəhbərliyi xüsusi bəyanat yayıb. Burada göstərilir ki, Abxaziya və Cənubi Osetiyada vəziyyətin gərginləşməsi təqdirində dairənin silahlı qüvvələri Rusiya sülhməramlılarına yardım göstərməyə hazırdılar.

  • Yazılıb
  • da (də) 2008 Jul 13