“İstədikləri “şirinliyi” vermədim”Fuad Fətəliyevin sözlərinə görə, hər şey “şirinlik” məsələsində razılığa gəlməməsindən başlayıb:“Dedim, bir halda ki, mən yaxşı hərbçiyəm, xidmətimdən hamı razıdır, işimi layiqincə yerinə yetirirəm, heç bir xidməti qüsurum yoxdur, nəyə görə kiməsə “şirinlik” verməliyəm? İstədikləri “şirinlik” də 1000-1500 manat civarında idi. Orduda quru maaşa xidmət edən, bu yaşa qədər ev-eşiyi, ailəsi olmayan, həyatını hərbi xidmətə həsr edən adamdan qalıb xidmətini davam etdirmək üçün “şirinlik” istənilməsi qüruruma toxunurdu. Orduda can qoyasan, vicdanla xidmət edəsən, gəncliyini itirəsən, 32 yaşına gəlib çatasan və şəxsi həyatın olmasın, bütün bunlardan sonra da səndən rüşvət istəsinlər. Bu yaşa çatmışam, həyatda quru canımdan başqa heç nəyim yoxdur. Təbii ki, istədikləri “şirinliyi” vermədim, hər şey də bundan sonra başladı. Elə həmin ərəfələrdə hərbi hissədə komandirlə rastlaşdım, dedi, yaman lotu-lotu danıırsan, xəbər göndərirsən mənə. Eşitmişəm, əvvəllər də Mehriban Əliyevaya şikayət yazmısan, ancaq biləsən ki, səni elə yox edərəm, heç Mehriban xanım da dadına çata bilməz”.“Dedilər, korpus komandirinin əmrləri müzakirə olunmur”
Ötən il mayın 26-da evdə olarkən Fuad Fətəliyevə zəng vuraraq Murova göndərilməsi barədə əmr imzalandığını bildiriblər. Növbəti gün hərbi hissəyə gedəndə ona deyiblər ki, hərbi hissədəki vəzifə ləğv olunduğu üçün Murova göndərilir. O da təyinat vərəqəsini götürərək Göygöldəki N saylı hərbi hissənin ön xətt taboruna gedib:
“Məni Murova göndərəndə dedilər ki, guya vəzifəm üzrə ştat ləğv olunub. Ancaq Murovda olanda eşitdim ki, ştat yerindədi, sadəcə, rüşvət alaraq mənim yerimə başqasını işə götürüblər, məni də pul vermədiyim üçün ön xəttə göndəriblər”.
Ötən il iyunun 4-də Şəmkir hərbi birləşməsinin tabeliyindəki hərbi hissələrdən birinin komandiri, general-mayor Xəqani Cəbrayılov oraya gəlib, hərbçilərlə görüşüb:
“Soruşdu ki, kimin mənə sözü var? Dedim, cənab general, mənim sözüm var. İllərdir ki, orduda xidmət edirəm, uzun illər ön xətdə olmuşam. İndi ön xəttə getməyə səhhətim yol vermir, ancaq məni zorla ön xəttə göndərirlər. O da bildirdi ki, axı göstərişim var, ön xəttə yalnız təzələr getməlidir, köhnələri ön xəttə verməsinlər. Daha iki ay da keçdi, avqustun 29-da məni Göygöldəki hərbi hissə qərargahına çağırdılar, bildirdilər ki, korpus komandiri, general-mayor Xəqani Cəbrayılovun əmri var, ordudan tərxis olunursan. Səbəbini soruşdum, dedilər, “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-ci maddəsinin “e” bəndi ilə tərxis olunursan, yəni xidmətə uyğunsuzluğa görə... Tələb etdim ki, xidmətə uyğunsuz olduğumu əsaslandırsınlar, ancaq dedilər, biz korpus komandirinin əmrini müzakirə edə bilmərik”.