Tarix : 2008 Jul 13
Kod 5806

Aksiyaçılar mülki şəxslər tərəfindən döyüldüklərini deyirlər

aksiyaçıların qarşısını əvvəlcə polis kəsib, onları maşınlara doldurub hadisə yerindən uzaqlaşdırıblar
Azerbaijan Servisi/Aran Agentliyi
Müsavat Partiyasının iyulun 11-də keçirmək istədiyi piketdə etirazçıların iddiasına görə, onları mülki şəxslər döyüb, polis isə bu səhnəni kənardan müşahidə edib. Bir qrup müsavatçı gənc «Azadlıq» radiosuna müsahibəsində deyib ki, aksiyaçıların qarşısını əvvəlcə polis kəsib, onları maşınlara doldurub hadisə yerindən uzaqlaşdırıblar. Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslı deyir ki, onlar həm aksiyada, həm də maşınlarda mülki geyimli şəxslər tərəfindən döyülüblər. Bu adamlardan ikisi gənc, biri isə ortayaşlı olub.

T.Abbaslı bildirir ki, onları döyənlərin qulaqlarında zədələrin olması həmin şəxslərin idmançı olduğuna dəlalət edir. Müsavatçı gənc mülki geyimlilərdən bu cür istifadəni polisin cəzasız qalmasıyla izah edir.

Ancaq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ehsan Zahidov Müsavatın aksiyasını polisin dağıtmasını qətiyyətlə təkzib edir: «Aksiyaçılar özləri bir-birilə dalaşıb, bunun polisə dəxli yoxdur».


ABŞ Dövlət Departamenti insan haqlarına dair son hesabatında vurğulayır ki, Azərbaycan hakimiyyəti aksiyalarda dinc iştirakçılara zor tətbiqinə görə heç bir polis işçisini cəzalandırmayıb.

«Tolerantlıq» Sosial Araşdırmalar Birliyinin rəhbəri Azər Rəşidoğlu deyir ki, mülki şəxslərin aksiyaların dağıdılmasında istifadəsi yeni hal deyil. Ancaq ekspert onu da əlavə edir ki, aksiyalarda istifadə olunan mülki şəxslərin kimliyi uzun müddət araşdırılsa da, bir nəticə hasil olunmayıb:

«Bəlli olan odur ki, bu gün məmurların çoxu qoçu dəstələri saxlayır və onların əsas vəzifəsi mitinqçilərə divan tutmaqdır. Elə bu məsələ ilə bağlı jurnalistlər Daxili İşlər nazirinə bir neçə dəfə sorğular göndəriblər».


Azər Rəşidoğlu deyir ki, hələlik aksiyaların miqyası kiçik olduğundan, mülkilərin rolu daha qabarıq görünür:

«Böyük aksiya olsa, Çevik Polis Alayı da işə qarışacaq».

Elə beynəlxalq qurumlar da aksiyaları dağıtmaqda istifadə olunan mülki geyimlilərin kimliyi ilə maraqlanıb, hökumətdən izahat istəyib.

Müsavatın iyulun 11-də keçirilən aksiyasını ATƏT-in Bakı ofisindən Andra Şudik də müşahidə edib. O jurnalistlərə deyib ki, məhz polisin hərəkətinin monitorinqini aparır.

Müsavat Partiyasının aksiyasında əsas tələbi sərbəst toplaşmaq azadlığını təmin etməkdir. Partiya tələb edir ki, yürüş və mitinq keçirmək haqqında müraciətlərinə qanunauyğun şəkildə cavab verilsin və kütləvi tədbirlərin keçirilməsinə şərait yaradılsın.
 
  • Yazılıb
  • da (də) 2008 Jul 13