Tarix : 2019 May 05
Kod 58095

Mübarək Ramazan ayı - Özünüislah məktəbi

Mübarək Ramazan ayı özünütərbiyə və özünüislah ilinin başlanğıcıdır. İllər bir neçə qismə bölünür: “günəş ili”, “ay ili”, “miladi ili”, “xüms ili” və s. “Günəş ili” baharın gəlişi, təbiətin yenilənməsi, canlanması və təravətlənməsi ilə, “ay (qəməri) ili” Məhərrəm ayının daxil olması ilə, “miladi ili” həzrət İsa-Məsihin (ə) doğumu ilə əlaqədar qış fəslində Yanvar ayının daxil olması ilə başlayır. “Xüms ili” isə ilk qazanc və gəlir günündən hesablanır və həmin gün gəlib çatdıqda malın xümsü çıxarılır

Arannews-İslam maarifinə əsasən, mübarək Ramazan ayı özünütərbiyə və özünüislah ilinin başlanğıcıdır. Təbiət yaz fəslində dəyişildiyi və canlanıb tərəqqi etdiyi kimi, habelə “xüms ili”ndə insanın əmlakı təmizləndiyi kimi, mübarək Ramazan ayında da insan ruhu paklanır, qidalanır və Allah-Taala ilə raz-niyaz və münacat sayəsində kamilləşir, yüksəlir!Bəli, Ramazan ayının ilk günü özünütərbiyə məktəbinin açılış günüdür və təbii ki, bu məktəbdə hər təbəqədən şagirdlər olsa da, onlardan bəziləri vaxtından layiqincə bəhrələnir, yuxarı siniflərə keçmək üçün vaxtından səmərəli istifadə edirlər!“Merac” hədisində göstərilir ki, Peyğəmbəri-Əkrəm (s) meraca getdiyi zaman, o həzrətə belə xitab olundu:

یَا أحْمَدُ هَلْ تَعْلَمُ مَا مِیرَاثُ الصَّومِ؛

“Ey Əhməd (s)! Heç bilirsən orucun təsiri və faydası nədir (özündən sonra qoyduğu irs nədir)?”

قَالَ: لَا. ثُمَّ قَالَ: مِیرَاثُ الصَّومِ قِلَّةُ الْأکْلِ وَ قِلَّةُ الْکَلَامِ وَ مِیرَاثُ الصَّمْتِ أنَّهَا تُورِثُ الْحِکْمَةَ وَ هِیَ تُورِثُ الْمَعْرِفَةَ وَ تُورِثُ الْمَعْرِفَةُ الیَقِینَ فَإذَا اسْتَیْقَنَ الْعَبْدُ لَا یُبَالِی کَیْفَ أصْبَحَ بِعُسْرٍ أمْ بِیُسْرٍ فَهَذَا مَقَامُ الرَّاضِینَ؛

Həzrət dedi: “Xeyr!”

Buyuruldu ki, orucun iki təsiri var: biri zahiridir və o, az yeməkdən ibarətdir, digəri isə ondan üstündür, o da az danışmaq və sükut etməkdir. Əgər insan dilini qoruyub ona hakim ola bilərsə, hikmət əldə edər, hikmət mərifət qazandırar, mərifət sahibi yəqinə çatar və yəqinə çatan şəxs “riza” (rizayət, razılıq) məqamına yüksələr. Bu məqama yüksələn bəndə sübhü asan və yaxud çətinliklə açacağından əsla qorxmaz!

Bir sözlə, Ramazan ayı həqiqi həyat təlim-tərbiyəsinin təməli qoyulduğu aydır. Mübarək Ramazan ayında insanların qəlbi ilahi nura boyanır. İslam dinində buyurulan bütün vacib ibadətlərlə birgə orucluq da ümumi hədəfə – bəşəriyyətin kamilliyinə xidmət edir. Kamillik isə Uca Yaradan tərəfindən insana bəxş edilən mənəvi nemətdir. Oruc tutanlar bu ayın mənəviyyat və səfa-səmimiyyətlə dolu anları sayəsində iman ruhlarını möhkəmlədir, əməllərini cilalayırlar. Bu dəyərli anlarda onların hətta qeyri-iradi işləri belə ibadət hesab edilir; nəfəsləri zikr, yuxuları isə ibadət sayılır.

Allah-Taala bütün oruc tutanların ibadət və itaətlərini qəbul etsin!

Rza Şükürlü (Maide.az)

  • Yazılıb
  • da (də) 2019 May 05
  • Göndərən مدير سايت Aran News