“Məsələ ondadır ki, hərbi təyyarələr keçəndə hansı yükü daşıması barədə deklarasiya təqdim edir. Hər halda Almaniya ilə Azərbaycan arasında münasibətlər baxımından belə bir ciddi problem yaşandığına inanmıram”.
Ancaq hərbi ekspert Cəsur Sümərinli fərqli düşünür.
O hesab edir ki, Azərbaycanla Almaniya arasında sözügedən məsələdə yaranmış problem, ümumiyyətlə, Azərbaycan – NATO əlaqələrinə pis təsir edir, çünki Almaniya NATO-da söz sahibi olan əsas ölkələrdən biridir.
Cəsur Sümərinli xatırladıb ki, Almaniya ilə Azərbaycan arasında hərbi-siyasi gərginlik bu ilin birinci rübündə, martın sonlarında başlayıb.
“Aprelin 7-də Almaniyanın “Der Spiegel” dərgisi Bundesverdəki xüsusi təyinatlı qüvvələr komandanlığına istinadən məlumat verdi ki, Almaniyanın Müdafiə Nazirliyi (Bundesver) Əfqanıstandakı əsgərlərini yalnız ABŞ-ın köməyi ilə çıxara bilər. Çünki Azərbaycan öz üzərindən müvafiq uçuş icazəsi vermək istəmir. Bu səbəbdən Bundesver özünün daşıma təyyarəsini Əfqanıstana göndərə bilmir. Rəsmi Baki bu barədə yaydığı açıqlamada (8 aprel) isə məlumatın həqiqətə uyğun olmadığını və qərəzli olduğunu bildirmişdi”.
Cəsur Sümərinli bildirib ki, onun araşdırmalarına görə tərəflər arasında sözügedən məsələdə həqiqətən də ciddi fikir ayrılıqları var və bu istiqamətdə aprel ayı ərzində hər iki ölkənin xarici işlər nazirlikləri gərgin danışıqlar aparıblar.
“Müxtəlif mənbələrdən verilən məlumata görə gərginliyin əsas səbəblərindən biri Azərbaycanın Almaniya ilə silah alışı və müdafiə sənayesi sahəsində hərbi əməkdaşlıq niyyətinə rəsmi Berlin tərəfindən qaneedici cavab verilməməsidir. Daha doğrusu, Berlin “hə” deməyə tərəddüd edir. Almaniya cəmiyyətində, siyasi dairələrində, siyasi partiyalar və müxalifətində bu məsələ ilə bağlı alman hökumətinə ciddi basqı mövcuddur”.