Keçmiş “heykəl məhbusu” Bayram Məmmədov təhsil aldığı Slavyan Universitetindən xaric olunub. Bu barədə mayın 14-də universitetdən Bayram Məmmədovun ailəsinə zəng edib deyiblər.
Arannews-Məlumatı Meydan TV-yə Bayram Məmmədovun özü verib.Universitetin Tərcümə fakültəsində təhsil aldığını söyləyən Bayram Məmmədov deyir ki, sabah, mayın 15-də vəkili Elçin Sadıqovla məsləhətləşəndən sonra məhkəməyə şikayət edəcək.Gənc fəalın sözlərinə görə, universitetdən ona 2016-cə ildə belə qərar verildiyini söyləyiblər. Bu da onun üçün gözlənilməz olub:“Məsuliyyəti üstlərindən atmaq üçün əvvəlki rektorun vaxtında çıxarıldığımı deyiblər. Halbuki, o zaman mən Kürdəxanıda olanda rektorluqdan 2 imtahanımın qalması haqda sənəd almışdım. Mən imtahan verməyə hazır olduğumu bildirəndə cavab verdilər ki, hazırda imtahan götürmək imkanları xaricindədir. Amma istənilən vaxt müraciət edib imtahanları verə bilməyimin mümkünlüyünü də demişdilər. İkinci, 30 sutkalıq inzibati həbsdən əvvəl universitetə getmişdim, dekan və müavini bildirdi ki, 3 dərsdə iştirak edəcəksən, 1 fənn proqramdan çıxarıldığından fərdi dərs keçiriləcək, 1 semestr oxuyub, yanvar ayında da imtahan verəcəksən. Eyni zamanda, prorektorla və təhsil şöbəsinin rəhbərliyi ilə görüşdüm, yəni mənim universitetdən xaric olunmağım barədə heç nə demədilər. Bu görüşlər bir həftə əvvəl olub. Hətta dedilər ki, yeni tədris ilindən dərsə gəlim. Bu baxımdan universitetdən edilən zəng təəccüb doğurdu”.Bayram Məmmədov və Qiyas İbrahimov 9 may 2016-cı ildə, sabiq prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazıldıqdan sonra həbs ediliblər. Hər iki gənc fəal həmin il, oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotiklə bağlı ittihamla 10 il müddətinə azadlıqdan məhrum ediliblər.Prezizent İlham Əliyevin bu il, martın 16-da verdiyi əfv sərəncamından 1 gün sonra azadlığa buraxılıblar. Azadlığa çıxandan 13 gün sonra Bayram Məmmədov təkrar 30 günlük inzibati cəza alıb. Hazırda o, təhsilini davam etdirmək niyyətindədir.