Tarix : 2019 May 21
Kod 58206

AXCP-nin zona müşavirəsinin keçirilməsinə imkan verilmədi

Mayın 20-də polis əməkdaşları Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) cənub zonası üzrə təşkilat rəhbərlərinin zona müşavirəsinin keçirilməsinə imkan verməyib.

Arannews-İslamazeri.com xəbər verir ki, mayın 20-də polis əməkdaşları Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) cənub zonası üzrə təşkilat rəhbərlərinin zona müşavirəsinin keçirilməsinə imkan verməyib. Müşavirə Masallı rayonunda keçirilməli idi. Bu barədə Turan-a AXCP sədrinin müşaviri Məmməd İbrahim bildirib.Müşavirədə AXCP Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Astara, Lerik və Yardımlı rayon şöbələrinin rəhbərlərinin iştirakı nəzərdə tutulmuşdu.Onun sözlərinə görə, AXCP əvvəlcədən zona müşavirəsinin keçirilməsi üçün yer ayrılması ilə bağlı Masallı Rayon İcra Hakimiyyətinə müraciət etmişdi."İcra Hakimiyyəti müşavirənin keçirilməsi üçün yer ayırmaqdan imtina etdi. Amma zona müşavirəsinin keçirilməsinə mane olunmayacağı bildirildi. Bu səbəbdən müşavirəni rayondakı çayxanaların birində keçirmək qərarına gəldik. Lakin bu gün polis əməkdaşları adları sadalanan rayon təşkilatlarının rəhbərlərinin əksəriyyətinin müşavirəyə gəlməsinə imkan verməyib. Partiya fəalları müxtəlif rayonların polis şöbələrində saxlanılıb. Mən və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Masallı rayonuna daxil olan kimi polis nəzarətinə götürüldük. Çayxanaya daxil olan fəallara ilk öncə bir şəxs hücum çəkdi. Çayxananın sahibi oranı bağladı. Fuad Qəhrəmanlını Cəlilabad rayon polis şöbəsinə apardılar və sonra bizi polis avtomobilinin müşayiətilə Cəlilabad rayonuna gətirib digər polis əməkdaşlarının nəzarətinə verdilər. Cəlilabad rayonunda isə polis avtomobili bizi Salyan rayonunadək müşayiət etdi. Hazırda Salyan rayonundayıq. Bundan sonra nə olacağını bilmirik",- Məmməd İbrahim deyib.Öz növbəsində rəsmi qurumlar AXCP-nin zona müşavirəsinin keçirilməsinə imkan verilməməsinin səbəbləri ilə bağlı məlumat yaymayıblar. Bununla yanaşı Masallı rayon polis şöbəsinin növbətçi hissəsindən məlumat almaq mümkün olmayıb.

  • Yazılıb
  • da (də) 2019 May 21
  • Göndərən مدير سايت Aran News