Tarix : 2019 May 21
Kod 58208

İmam Həsənin (ə) mövlud günüdür

Bu gün Peyğəmbərimizin (s) sevimli nəvəsi, İmam Əlinin (ə) və Həzrəti Fatimənin (s.ə) böyük oğlu, müsəlmanların 2-ci imamı həzrəti Həsənin (ə) mövlud günüdür.

Arannews-İslamazeri.com xatırladır ki,  İmam Həsən (ə) hicrətin 3-cü ilində Mübarək Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya göz açıb. O Həzrətin (ə) Seyyid, Sibt, Əmin, Hüccət, Nəqi, Zəki, Zahid və Müctəba kimi ləqəbləri vardır ki, sonuncu daha məşhurdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq edib, hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə zəhərlənib və şəhadətə qovuşub. İmam Həsənin (ə) müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır. İmam Həsənin (ə) mövludu münasibəti ilə bütün müsəlmanları təbrik edirik.İmamətinin bəyanı:

İmam Baqir (ə):«Əmirəl-möminin salavatullah əleyh, vəfatı yaxınlaşanda oğlu Həsənə (ə) buyurdu:«Yaxın gəl, Allahın Peyğəmbərinin(s) mənə dediyi sirri sənə deyim və mənə tapşırdığı əmanəti sənə tapşırım. O sonra həmin işi gördü.»İmam Həsən haqqında hədislər:Allahın Peyğəmbəri(s):«Həsən məndəndir və mən ondanam. Hər kim onu sevsə Allah onu sevər. Həsənlə Hüseyn mənim nəvələrimdirlər.»Allahın Peyğəmbəri(s):«Allahım, mən onları sevirəm. Sən də həm onları, həm də onları sevənləri sev.»İmam Həsənin fəzilətləri:İmam Səccad (ə):«Həsən ibn Əli ibn əbu Talib (ə) öz zəmanəsinin ən abid, zahid və fəzilətli insanı olub. Həccə gedəndə piyada və bəzən ayaqyalın gedərdi. Nə vaxt ölümdən söhbət düşərdisə ağlayardı. Nə vaxt qəbrdən söz düşərdisə ağlayardı. Nə vaxt Qiyamətdən söz düşərdisə ağlayardı. Siratdan keçməkdən danışılanda ağlayardı. Allahın ədalət məhkəməsində cavab verməkdən söz düşəndə elə ah-nalə edərdi ki, özündən gedərdi. Namaza başlayanda bədəni Rəbbinin qarşısında titrəyərdi. Cənnət və Cəhənnəmdən söhbət düşəndə ilan çalmış adam kimi qıvrılardı, Allahdan Cənnəti istəyərək oddan Ona pənah aparardı."

Əhməd ibn əl-Müəddəb «əl-Funun» kitabında və İbn Mehdi «Nuzhətul-əbsar»da deyir:«Bir gün Həsən ibn Əli (ə) yerdə oturub qarşılarında olan tikə çörəkləri götürüb yeyən bir neçə yoxsulun yanından keçirdi. Onlar o Həzrətə təklif edib dedilər: Ey Allah Peyğəmbərinin nəvəsi, buyurun bizimlə yemək yeyin.» Ravi deyir:«Həzrət miniyindən düşüb dedi:«Allah təkəbbür sahiblərini sevmir. Sonra onlarla yemək yeməyə başladı və sonda onların hamısı doydular və o Həzrətin bərəkətindən həmin çörəklərdən heç nə azalmadı. Həsən (ə) sonra həmin yoxsulları özü qonaq çağırdı və onlara yemək və geyim verdi.»

Şam əhalisindən olan bir nəfər nəql edir ki:«Mədinə şəhərinə daxil oldum. Bir nəfərin gözəlliyi məni özünə cəlb etdi. Onun kim olmasını soruşdum. Dedilər ki, Həsən ibn Əlidir. Şamlı kişi deyir:«Mən Əliyə belə bir oğlu olduğu üçün həsəd apardım. Sonra onun yanına gedib dedim:«Sən əbu Talibin oğlusan?» Buyurdu:«Mən onun nəvəsiyəm.» Dedim:«Lənət olsun sənə və sənin atana, Lənət olsun sənə və atana!» Şamlı kişi deyir:«Amma o susdu, mənə cavab vermədi. O Həzrət sonra buyurdu: «Deyəsən qəribsən? Əgər minik istəsən verərik, bəxşiş istəsən əta edərik, kömək istəsən edərik.» Həmin şəxs deyir:«Mən ondan elə bir halda ayrıldım ki, o mənim yanımda yer üzünün ən sevimli adamı idi.»

  • Yazılıb
  • da (də) 2019 May 21
  • Göndərən مدير سايت Aran News