"Ötən saylarımızda “MTN generalının 35 milyonunu aparıblar”, “Məhərrəm Əliyevə 2 milyon dollar ”atıblar" sərlövhəli yazılar dərc etmişdik
Azerbaijan Servisi/Aran Agentliyi
Yeni Musavat məşhur fırıldaqçı haqqında yazı dərc edib. Yazıya görə bu fırıldaqçı məşhur məmurları da öz toruna salıb. Həmin məqaləni olduğu kimi sizə təqdim edirik:
"Ötən saylarımızda “MTN generalının 35 milyonunu aparıblar”, “Məhərrəm Əliyevə 2 milyon dollar ”atıblar" sərlövhəli yazılar dərc etmişdik. Həmin materiallarda Bakı şəhər sakini Emil Əhmədovun genişmiqyaslı fırıldaqlarından söhbət açılırdı. Yazıda bildirilirdi ki, E.Əhmədov 2003-cü ildə “Ahmedov and Co” şirkətini yaradaraq yüksək çinli dövlət məmurlarına, nazir və nazir müavinlərinə 20 faizlik gəlir vəd etməklə onlardan üst-üstə 100 milyon dollardan çox pul alaraq 2006-cı ildə aradan çıxıb.
E.Əhmədovun qurduğu fırıldağın mexanizmi çox sadə və cəlbedici olub. Belə ki, ABŞ-da təhsil alan E.Əhmədov oradan qayıtdıqdan sonra “Ahmedov and Co” şirkətini yaradıb. Ətrafında olanları inandırıb ki, ABŞ-da təhsil aldığı dövrdə məşhur Nyu York birjasında yaxşı əlaqələr qurub və burada qiymətli kağızların alqı-satqısına pul qoymaqla yüksək gəlir əldə edə bilərlər. İlkin olaraq ətrafını, onların vasitəsilə isə gələcək qurbanlarını inandırmaq üçün E.Əhmədov dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan son model maşınları bu və ya digər yollarla sifariş verdirərək Azərbaycana gətirtdirib. “Hyatt” otelində böyük ofis kirayələyib. Özünə xüsusi mühafizə dəstələri yaradıb. Bununla da özü haqqında ABŞ-da güclü əlaqələri olan iş adamı təəssüratı yarada bilib.
İlkin olaraq gələcək qurbanlarından 200 min dollar qəbul edən E.Əhmədov onlara hər ay 20 faiz pul ödəməklə yeni-yeni müştəriləri “ilğım-biznes”inə cəlb edə bilib. 2004-cü ilin ortalarından isə artıq Bakının əksər qeyri-rəsmi milyonçuları E.Əhmədovun firması haqda məlumatlı olublar. Bir-birinə “Ahmedov and Co” şirkəti barədə məlumat ötürməklə özləri də bilmədən dost-tanışlarını da fırıldağın qurbanlarına çeviriblər.
Qeyd etdiyimiz kimi, belə şəxslərdən biri Milli Təhlükəsizlik Nazirliyinin şöbə müdiri, general-mayor Əli Nağıyev, digəri isə Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyev olub. MTN general-mayorunun E.Əhmədova 35 milyon, M.Əliyevin isə 2 milyon dollar verdiyi bildirilir. BŞBPİ-nin keçmiş rəisi M.Əliyev material dərc edildikdən bir neçə gün sonra redaksiyamıza telefon açaraq barəsində yazdıqlarımızı təkzib etdi və E.Əhmədovu tanımadığını dedi. Lakin generalın dedikləri ilə ən azı ona görə razılaşmaq olmur ki, bu fırıldaq və onun banisi barədə M.Əliyevin rəis olduğu dövrdə - 2005-2006-cı illərdə bütün Bakı şəhərinin imkanlı əhalisi xəbərdar olub. Əgər M.Əliyev bu barədə eşitməyibsə, buradan belə nəticə çıxarmaq olar ki, onun əməliyyat üzrə müavini işini tutduğu vəzifəyə uyğun qurmayıb.
İndi isə bu məsələ ilə bağlı aldığımız yeni məlumatları diqqətinizə çatdırırıq. Qaynağımızın xəbərinə görə, E.Əhmədovun toruna düşənlər arasında Bakının elitar təbəqəsinə hüquqi yardım göstərən məşhur vəkil Ramiz Zeynalov da olub. R.Zeynalov E.Əhmədovun “ilğım-biznes”inə 1 milyon 250 min dollara yaxın pul yatırıb. Sonradan isə E.Əhmədovun qaçdığını eşidəndə vəkil aldadıldığına əvvəlcə inanmayıb. Buna görə də hərtərəfli araşdırma aparıb. E.Əhmədovun Nyu York qiymətli kağızlar birjasında tanışlarının olub-olmamasını yoxlamaq üçün hətta Amerikaya qədər gedib çıxıb. Məlum olub ki, E.Əhmədov çox sadə və cəlbedici bir gedişlə R.Zeynalov kimi bir çoxlarını aldada bilib. Hazırda bu faktla bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılır.
Sonda onu da bildirək ki, E.Əhmədova yüksək vəzifə sahiblərinin inanmasının bir səbəbi də onun müdafiə naziri Səfər Əbiyevin yaxın dostu, sözügedən nazirliyin baş stomatoloqu Fərhad Hacıyevin kürəkəni olmasıdır. Mövzu ilə bağlı qəzetimizə danışan bir mənbə bunları dedi: “Emilin cəlbedici təkliflərini analiz edən istər Məhərrəm Əliyev, istərsə də digər yüksək vəzifəli məmurlar verdikləri pulların az bir zamanda yüksək gəlir gətirməsindən şübhələnsələr də ”Ahmedov and Co" şirkətinin ən bahalı oteldə yerləşməsini, onun son model maşınlarda gəzən sahibinin general Səfər Əbiyevin dostunun kürəkəni olmasını nəzərə aldıqdan sonra inanıblar və tora düşüblər. Necə deyərlər, tamah onlara güc gəlib. Nəticədə astronomik məbləğdə ziyana düşüblər".