Suriyadakı vəziyyətlə bağlı Rusiya - Türkiyə - İran üçtərəfli sammiti iyulda Türkiyədə keçirilə bilər.
Arannews-TASS-a istinadən verdiyi xəbərə görə, bu haqda Osakada G20 sammitindən sonra jurrnalistlərlə görüş zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun danışığının bir hissəsini Hurriyet Daily News qəzeti dərc edib.
"Biz Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampla Suriyada, həmçinin İdlibdə, baş verən son hadisələri müzakirə etdik... Bundan başqa, biz Türkiyə - Rusiya - İran üçtərəfli sammitinin keçirilməsini də müzakirə etdik . O, çox tez bir zamanda, iyulun əvvəlində keçiriləcək", - deyə Ərdoğan vurğulayıb.
Onun sözlərinə əsasən, üçtərəfli sammitin ardınca Rusiya, Türkiyə, Almaniya və Fransa liderlərinin görüşü baş tutacaq. Bu görüş çərçivəsində də Suriya müzakirə olunacaq.