Bundan başqa, yoxlamalar zamanı karamel tipli Şərq şirniyyatı istehsal edən 1 və pendir istehsalı ilə məşğul olan 1 müəssisədə standartın tələblərinin pozulması aşkarlanıb
Azerbaijan Servisi/خبرگزاری آران
Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Agentliyi iyulun 7-dən 11-dək Bakı şəhərində keçirdiyi dövlət nəzarəti tədbirləri zamanı yeyinti məhsulları istehsal edən bir sıra müəssisələrdə nöqsanlar aşkarlayıb. Agentliyin bununla bağlı apardığı monitorinqlərin nəticələri açıqlanıb. Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Agentliyindən verilən məlumata görə, monitorinqlər zamanı çörək istehsal edən 4, süd məhsulları istehsal edən 1, müalicəvi süfrə suyu istehsal edən 1 müəssisədə standartlara cavab verməyən məhsul aşkar edilib.
Dövlət nəzarətinin nəticələrinə görə, yoxlanılan məhsul partiyasının satışı və məhsul istehsalı qadağan olunub. Nöqsanların aradan qaldırılması üçün iradnamə verilib və inzibati xəta haqqında qərar çıxarılıb. Müalicəvi süfrə suyu istehsal edən müəssisədə istismar edilən ölçmə vasitələrinin istismardan çıxarılması barədə tələbnamə, nöqsanların aradan qaldırılması üçün iradnamə verilib. Bundan başqa, yoxlamalar zamanı karamel tipli Şərq şirniyyatı istehsal edən 1 və pendir istehsalı ilə məşğul olan 1 müəssisədə standartın tələblərinin pozulması aşkarlanıb.
Yoxlamanın nəticələrinə görə, bu müəssisələrdə də məhsul istehsalı qadağan edilib. Müəssisəyə istismar edilən ölçmə vasitələrinin istismardan çıxarılması barədə tələbnamə, nöqsanların aradan qaldırılması üçün iradnamə verilərək inzibati xəta haqqında qərar qəbul olunub. Bununla yanaşı, agentlik mebel istehsal edən 2 müəssisədə standartın tələblərinin pozulmasını, 5 müəssisədə isə ölçmə vasitələrinin istismarı zamanı milli standartlara uyğun olmayan istehsal aşkar edib.