Tarix : 2008 Jul 15
Kod 5852

Rusiya Xəzər regionunun qaz ehtiyatları uğrunda mübarizəni genişləndirir

İmzalanmış memoranduma əsasən, «Qazprom» dünyanın ən böyük Cənubi Pars qaz yatağının işlənməsində iştirak edəcək
Iran Servisi/Aran Agentliyi
   Rusiyanın «Qazprom» şirkəti İran bazarında fəaliyyətini genişləndirir. «Qazprom» və İranın milli neft şirkəti qarşılıqlı anlaşma memorandumu imzalayıb. «Qazprom»un rəhbəri Aleksey Millerlə görüşdə İran prezidenti Mahmud Əhmədinejad İranın neft-qaz sənayesində «Qazprom»un iştirakını alqışlayıb. Tərəflər neft-qaz layihələrinin həyata keçirilməsi üçün Rusiya-İran birgə müəssisəsinin yaradılması barədə razılığa gəlib.
    İmzalanmış memoranduma əsasən, «Qazprom» dünyanın ən böyük Cənubi Pars qaz yatağının işlənməsində iştirak edəcək. İndiyədək bu yataqda Malayziya və Fransanın «Total» şirkətləri iştirak edirdi.
    Amma cəmi bir neçə gün əvvəl Fransanın «Total» şirkəti Qərb və İran arasında gərginliyi əsas gətirərək İrana pul qoymağın risqli olduğunu bildirib və Cənubi Pars yatağında işləməkdən imtina edib. Bəzi məlumatlara görə, dünyanın təbii qaz ehtiyatlarının 10 faizi bu yataqda yerləşir. Və burdan gündə 751 milyon kubmetr qaz çıxarıla bilər.
    Bundan başqa, tərəflər neftin Xəzər dənizindən keçməklə Əmman körfəzinə daşınması, İranın şimalında neft emalı zavodunun tikintisi, eləcə də İranın «Şimali Azadıgan» neft yatağının işlənməsi barədə razılıq əldə ediblər.
 
  • Yazılıb
  • da (də) 2008 Jul 15