Tarix : 2019 Aug 10
Kod 58641

Əziz xalq, həftələrlə Azadlıq meydanında İlham Əliyevin plakatlarıyla Qarabağı tələb edin

Əllərinizdə İlham Əliyevin portretiylə Qarabağı tələb edin...
Əziz xalq, niyə iqtidarın dediyi "lazım" olmaq istəmirsən?
Əziz xalqımıza belə bir təklif; Əziz xalq, hər zaman Qarabağın işğaldan azad edilməsinin məsuliyyətini Azərbaycan iqtidarının üstünə yıxırıq. Düz də edirik. Hakimiyyət, ordusu, silahı olan bir iqtidar öz torpaqlarını qorumağı bacarmalıdır, bu, onun boynunun borcudur. Ölkənin ərazibütövlüyünün qorunması da şəxsən İlham Əliyevin öhdəsindədir. Beynəlxalq hüquqda da təsbit edilib ki, təcavüzə məruz qalmış ölkə, dövlət öz torpaqlarını istəsə hərb yoluyla işğaldan azad edə bilər. Bu işdə ancaq Allaha bel bağlamalıyıq. Hansı xarici ölkəyə gedib Qarabağı tələb etsəniz deyəcək ki, siz müharibə etdiniz, biz qoymadıq. 
İllərdir bəzi hakimiyyət nümayəndələri, xüsusilə YAP deputatı Elman Nəsirov qeyd edir ki, biz müharibəyə başlasaq ermənilər deyəcək ki, biz sülh yoluyla qaytarmaq istəyirdik, Azərbaycan hərb yolunu tutub. Dünya dövlətləri də bizi tərk edib Ermənistanın tərəfini tutacaq. Burnunun ucunu görə bilməyən bu cür "uzaqgörənlərə" demək lazımdır ki, sən başladın, onlar o cür dedi? Ermənistan onsuz da Qarabağı qaytarmaq fikrində deyil. Xarici dövlətlərin də bu cür düşündüyünü müharibəyə başlayandan sonra zaman göstərəcək. Ayıb deyil ki, siz başlayın, sapanda bir daş qoyub Ermənistana tərəf atın, ondan sonra dünya dövlətləri qalxsalar siz də geri çəkilin. Bu olandan sonra bəli, sizə xalq inana bilər. Yoxsa ortada nə yumurta var, nə fal var, sadəcə Elman Nəsirov kimi toyuq-cücə hinində gizlənib fala baxan falçılarımız var. Sonra da çıxıb deyir ki, erməni əsgərləri səngərdə əyilə-əyilə gəzir. 
Əziz xalq, bilirsiniz ki, dünyada demokratiyanın beşiyi sayılan Fransada artıq neçə həftədir prezident Makronun istefası tələb olunur. Onlar hakimiyyəti qovmaq istəyirlər. Özlərinin ədalətli hakimiyyətini təyin edəcəklərinə əmindirlər. Sizlərə "Fransa xalqından ibrət alın" demirik, çünki bizdə Azadlıq hərəkatı Fransadan illər öncə baş verib. Yenə Azadlıq meydanına tökülüb Azərbaycan hakimiyyətindən Qarabağı işğaldan azad etməsini tələb edin.
Əziz xalq, biz iqtidardan Qarabağı almasını umuruq. Amma ciddi, əməli, köklü bir iş görmürük. Necə ki, hakimiyyət Ermənistana qarşı ciddi bir iş görmür, ancaq "lazım"ı gözləyir. 
Əziz xalq, biz inanırıq ki, hakimiyyətdə olan Elman Nəsirov, Siyavuş Novruzov və bu tipli insanlar utanmasalar çıxıb deyərlər ki, Azərbaycan xalqı Qarabağı bizdən tələb etmir deyə biz də almırıq. 
Siz isə Azadlıq meydanına – Milli Azadlıq Hərəkatında olduğu kimi – çıxın, həftələr, aylarla meydanda qalın. Bəzi nalayiq hakimiyyət adamlarının əlinə bəhanə də verməyin. Əllərinizdə İlham Əliyevin portretiylə Qarabağı tələb edin. Vəhşi polislər, nalayiq hakimiyyət adamları görsün ki, burada heç bir siyasi motiv, cinayət tərkibi yoxdur. Müxalifət nümayəndələri də dəfələrlə deyib ki, biz ümummilli məsələlərdə iqtidarla birləşməliyik. Necə ki, bir əsgərimiz erməni gülləsinə tuş gələndə onu iqtidar da, müxalifət də, xalq da şəhid adlandırır. Çünki ümummilli məsələdir. 
Əziz xalq, əgər doğrudan da Qarabağın azadlığını istəyirsinizsə bunu edin, Qarabağı iqtidardan tələb edin.
  • Yazılıb
  • da (də) 2019 Aug 10
  • Göndərən جهان کمالی