Tarix : 2008 Jul 16
Kod 5872

Türkiyədə keçirilən hərbi əməliyyatlarda 22 terrorçu məhv edilib

Ankarada Türkiyənin xarici ölkələrdə fəaliyyət göstərən səfirlərinin toplantısında çıxış edən xarici işlər naziri Əli Babacan bəyan edib ki, terror təşkilatına qarşı mübarizə davam etdiriləcək
Turkyə Servisi/Aran Agentliyi
Türkiyənin Şırnak vilayətində Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində 22 PKK terrorçusu məhv edilib. Silahlı Qüvvələrin Baş Qərargahının internet səhifəsində yerləşdirilmiş rəsmi bəyanatda həmçinin bildirilir ki, öldürülənlər arasında terror təşkilatının rəhbərlərindən biri də olub. Terrorçulara məxsus xeyli silah-sursat, qida və dərman ləvazimatları da aşkarlanaraq götürülüb, PKK-çıların gizləndikləri mağaralar isə dağıdılıb.
    Ankarada Türkiyənin xarici ölkələrdə fəaliyyət göstərən səfirlərinin toplantısında çıxış edən xarici işlər naziri Əli Babacan bəyan edib ki, terror təşkilatına qarşı mübarizə davam etdiriləcək.
    Qeyd edək ki, PKK terrorçuları tərəfindən 6 gün əvvəl Türkiyənin Ağri dağında oğurlanmış 3 alman alpinistin taleyindən hələ də xəbər yoxdur. Qruplaşmaya yaxın mənbələrin yaydığı məlumata görə, alman turistlər PKK-dakı liderlik uğrunda mübarizənin nəticəsində qaçırılıb. Onların terror təşkilatının silahlı qanadının başçısı "doktor Bahoz" ləqəbli Fehman Hüseynin göstərişi ilə qaçırıldığı və bu insidentin qruplaşma daxilində böyük narazılığa səbəb olduğu bildirilir.
    Yayılan məlumatlarda həmçinin qeyd olunur ki terror təşkilatının silahlı qanadının yaxın zamanlarda keçiriləcək toplantısında vəzifəsindən uzaqlaşdırılacağı gözlənilən Fehman Hüseyn alman alpinistləri terror təşkilatının başçısı Murad Karayılana qarşı istifadə etmək məqsədi ilə qaçırıb. Ekspertlər isə mülki insanların qaçırılmasının PKK-nın Avropa Birliynin terror təşkilatları siyahısından çıxarılması ilə bağlı tələbinin qəbul edilməməsi üçün tutarlı arqument olduğunu bildirirlər.
    Qeyd edək ki terrorçular PKK-ya qarşı hərbi əməliyyatların dayandırılmasını və Almaniyanın təşkilata qarşı düşmən münasibətinə son qoyulmasını tələb edirlər. Almaniyanın kansleri Anqela Merkel isə terroçuların hərəktələrinin rəsmi Berlinin siyasətinə təsir etməyəcəyini bildirib və PKK-çılardan dərhal girovları azad etməyi tələb edib. İnsidentə geniş diqqət ayıran alman mətbuatı isə PKK-nın strategiyanı dəyişdirdiyini və artıq istəklərinə şantaj yolu ilə çatmağa çalışdığını bildirib. Hazırda girovların axtarışları davam edir. Əməliyyatlar səbəbindən Ağrı dağı turistlər üçün bağlanıb.
  • Yazılıb
  • da (də) 2008 Jul 16