Tarix : 2019 Sep 01
Kod 58762

Bu gündən hicri qəməri təqviminin yeni ili və məhərrəm ayı başlayır

Bakı, 1 sentyabr, SalamNews, B.Samid. Müsəlman dünyası hicri-qəməri təqviminin yeni ilinə keçib. Bu gün məhərrəm ayının biridir.

SalamNews xəbər verir ki, hicri-qəməri təqvimi ilə 1440-cı ilin sonuncu ayı zilhiccə sona çatıb və müsəlman dünyası h.q təqviminin 1441-ci ilinin məhərrəm ayına keçib.

Məhərrəm ayı h.q tarixi ilə yeni təqvim ilinin başlanğıcı olduğu kimi, müsəlman dünyasında böyük əhəmiyyət kəsb edən bir sıra tarixi hadisələri də özündə ehtiva edir.

Azərbaycan da daxil olmaqla bir çox müsəlman ölkələrində bu ay hüzn və əzadarlıq ayı kimi yadda qalıb. Buna səbəb isə müsəlman tarixində ən böyük faciə olan Aşura faciəsinin baş verməsidir.

Aşura faciəsi h.q təqvimi ilə 61-ci ilin məhərrəm ayında baş verib. Aşura 10 ədədini ifadə edir. Bu, hadisənin ayın 10-da törədilməsinə görədir. Faciə İraqın Kərbəla səhrasında Bəni-Üməyyə dövlətinin başçısı Yezid ibni Müaviyə və onun İraq valisi Ubeydullah bin Ziyadın göstərişilə törədilib. Bu faciə İmam Hüseynin zalım Yezidlə beyət etməməsi və Bəni-Üməyyə hakimiyyətinə qarşı etirazlara qalxan İraq xalqının mübarizəsinə başçılıq etmək üçün Kufəyə yollandığı zamanı baş verdi. İmam Hüseynin karvanında 72 - 150 nəfərin olduğu halda, onları mühasirəyə alan və qətliam törədən Bəni-Üməyyə ordusunun sayı 30 min civarında olduğu deyilir. Faciə nəticəsində İmam Hüseyn də daxil olmaqla onun karvanında olanlardan 70 nəfər qətliam edildi. Qalan ailə üzvləri qadın və uşaqlar əsir götürüldü. Öldürülənlərdən əksəriyyətinin başları bədənlərindən ayrılıb nizələrə taxıldı və Şama aparıldı.

Tarixi fakrlar göstərir ki, bu cinayət təkcə şiə aləmini deyil, digər məzhəblərin və dinlərin olduğu məmləkətlərdə də böyük sarsıntıya səbəb olub. Bu gün İmam Hüseynin hərəkatı, qiyamı və şəhədlik məktəbi dünyada zülmə boyun əyməyən bir çox hərəkatların ilham mənbəyinə çevrilib. Aşura günü İraq, İran və Əfqanıstanda rəsmi tətil hesab edilir. Azərbaycan, Livan, Suriya, Pakistan, Bəhreyn və sair bölgə və dünya ölkələrində bu gün xalq arasında matəm günü kimi qeyd edilir.

  • Yazılıb
  • da (də) 2019 Sep 01
  • Göndərən جهان کمالی