Tarix : 2019 Sep 09
Kod 58805

İran parlamentinin təbrizli deputatı :

Qarabağ münaqişəsi barədə həqiqətləri söyləməyin vaxtı çatmışdır

İran parlamentinin təbrizli deputatı Doktor İsmayıl Səidi “Qarabağ münaqişəsi zamanı İran İslam Respublikasının addımlarına dair həqiqətlər” adlı elmi konfransdakı çıxışında Qarabağ müharibəsində İranın Azərbaycana hərbi təlimlərdən tutmuş qaçqın düşərgələrinin və sərhəd yollarının salınmasına qədər göstərdiyi yardımlarına toxunaraq dedi: “Qarabağ münaqişəsi zamanı İran İslam Respublikasının hərtərəfli dəstəkləri Livan kimi Azərbaycanı da işğaldan xilas edə bilərdi, ancaq bədxahlar buna imkan vermədilər”.
Arannews xəbər agentliyinin verdiyi məlumata əsasən, Təbriz Azad İslam Universitetinin təşkil etdiyi bu konfrans təbrizli millət vəkili Doktor İsmayıl Səidinin və bir sıra media nümayəndələrinin iştirakı ilə Təbriz şəhərində baş tutdu. Doktor İsmayıl Səidi İmam Hüseyn (ə) əzadarlığının başlanması münasibətilə başsağlığı verərək dedi: “Dünyanın hər yerində adətən, 20 ildən sonra məxfi sənədlər ictimaiyyətə açılır. Lakin bu münaqişədən 28 il ötməsinə baxmayaraq, hələ də müvafiq sənədlər nəşr olunmayıb. Bu da İranın regiondakı düşmənlərinin və rəqiblərinin sui-istifadə etməsinə səbəb olmuşdur”.
Doktor Səidi millət vəkili Doktor Əli Mütəhhərinin Qarabağa dəstək haqda açıqlamasına işarə vuraraq bildirdi: “Onunla söhbət zamanı etiraf etdi ki, məqsədim İranın Qarabağa dəstəklərini inkar etmək deyil”. Səidi həmçinin bunları əlavə etdi: “Əgər Qarabağ münaqişəsi zamanı İran İslam Respublikasının ultimatumu olmasaydı, Ermənistan işğala davam edəcəkdi. Bu həqiqətlər deyilməlidir. İranın Azərbaycanı müdafiə etmədiyinə dair iddiaya cavab olaraq deməliyəm ki, biz o zaman bütün imkanları özümüzdən olmaqla yüz min nəfər üçün çadır şəhərçiyi saldıq, onları qida ilə təmin etdik. Bütün insanların, xüsusən də uşaqların vahimə içində olduğu bir şəraitdə qaçqınlara təhlükəsiz yer verdik. Bütün bunlar İran xalqı və dövləti tərəfindən həyata keçirildi. Bu həqiqətlər nə üçün unudulmalıdır?
O vaxt Arazın o tayında əhali qatırla və ya piyada yol gedir, əzab-əziyyətlə yük daşıyırdılar. Qarabağ müharibəsində dəmiryolu dağıdılandan və digər yollar bağlanandan sonra Naxçıvan mühasirəyə düşdü. İran belə bir şəraitdə böyük vəsaitlər hesabına və təhlükəsizlik problemlərinə baxmayaraq, dağların yerində Araz sərhəd yolunu saldı, Naxçıvan mühasirədən çıxdı və insan tələfatının qarşısı alındı.
O zaman Azərbaycan respublikasında vəziyyətin necə olduğu yadımızdadır. Məgər qüdrətli dövlət var idi?! İrandan başqa kim Azərbaycana kömək elədi?! Bunlar unudulmamalıdır! Bu sənədlər mütləq nəşr olunacaq. Bəziləri istəyirdilər ki, özləri yaratdıqları qüvvələr tərəfindən Azərbaycanda soyqırım törətsinlər”.
Səidi Livanın 1982-ci ilə qədərki vəziyyətinə toxunaraq dedi: “Onda sionist rejim istədiyi zaman Livana hücum edir, hətta Beyruta qədər gedib çıxırdı. Lakin İranın Livana attaşe xidmətlərindən, xüsusən də 33 günlük müharibədən sonra İsrailə elə dərs verildi ki, daha bu işlərə cürət etmədi. Biz Azərbaycanda da bunu istəyirdik.
Şiələrdə döyüş ruhu yüksəkdir, zümə boyun əymirlər, onların İmam Hüseyn (ə) kimi rəhbərləri var. Lakin əhali gücləndirilməli, hərbi təlim keçirilməli idi. İran hərbçiləri əvvəlcə təlim keçməyə başladılar. Bizim General Kəbiri kimi attaşe və komandirlərimiz oraya getdilər. Öncədən də digərləri getmişdilər və yaxşı işlər görülürdü.
O vaxt Azərbaycanın xüsusi xidmət orqanları hələ tam müstəqil deyildilər, ABŞ-nın və İsrailin təsiri altında idilər. Onlar Azərbaycanda yerləşmiş və döyüşçülərə kömək edən iranlı hərbçiləri qərəzlə oradan bir növ qovdular. Səbəb yalnız bundan ibarət idi: İranlılar xalqın müqavimət ruhunu gücləndirmək, İran xalqının səkkizillik müharibə dövründəki təcrübəsini Azərbaycan xalqına ötürmək istəyirdilər.
Lakin Amerikanın və sionist rejimin müdaxiləsilə bu, baş tutmadı və Qarabağ işğal altında qaldı. Halbuki onu asanlıqla azad etmək olardı.
Doktor Səidi sonda Birləşmiş Millətlər Təşkilatının və onun Təhlükəsizlik Şurasının son yüz ildə belə münaqişələri həll etmək iradəsinə malik olmadığını bildirərək əlavə etdi: “Onlar nəinki Qarabağı, dünyanın heç bir yerində işğal olunmuş bir qarış torpağı da azad edə bilməzlər. Çünki belə istəkləri yoxdur, münaqişələrin davam etməsini istəyir, özləri də bundan yararlanırlar”.
 

 








  • Yazılıb
  • da (də) 2019 Sep 09
  • Göndərən امیر ثابت