“Pəyame-nur” universitetinin müəllimi Doktor Camalpur demişdir: “Qarabağ problemi Fələstin kimi bütün İslam dünyasının problemi olmalı, onun həllindən ötrü bütün İslam dünyasının imkanlarından istifadə edilməlidir. Əgər oturub Minsk qrupunu və ya digər beynəlxalq təşkilatları gözləsək, bu problem heç vaxt həll olunmayacaq”.
Arannews xəbər agentliyinin verdiyi məlumata görə, Təbriz Azad İslam Universiteti şənbə günü, sentyabrın 7-də Təbriz şəhərində universitet müəllimlərinin, ekspertlərin və media nümayəndələrinin iştirakı ilə “Qarabağ münaqişəsi zamanı İran İslam Respublikasının addımlarına dair həqiqətlər” adlı elmi konfrans keçirmişdir.
Konfransda çıxış edən “Pəyame-nur” universitetinin müəllimi Doktor Camalpur demişdir: “Qarabağ müharibəsində xalqımız maddi yardımlarından əlavə həm də canı və qəlbilə Azərbaycan xalqının yanında olmuş, xüsusən dörd həmsərhəd vilayət əlindən gələn heç nəyi əsirgəməmişdir. İranın Azərbaycan Respublikasının dövlətinə və xalqına yardımlarına şübhə ilə yanaşanların İran İslam Respublikasının konstitusiyasından xəbərləri yoxdur. Bizim Azərbaycan xalqına dəstəyimiz eyni dili bölüşdüyümüzə görə deyil; hətta müsəlman və şiə olduğumuza görə də deyil. İran İslam Respublikasının konstitusiyası harada olmasından asılı olmayaraq, hər bir işğala və işğalçıya qarşıdır; istər sionist rejim olsun, istər Ermənistan, istərsə də başqa bir yer”.
Doktor Camalpur çıxışının sonunda bunları əlavə etmişdir: “Qarabağ problemi Fələstin kimi bütün İslam dünyasının problemi olmalı, onun həllindən ötrü bütün İslam dünyasının imkanlarından istifadə edilməlidir. Əgər oturub Minsk qrupunu və ya digər beynəlxalq təşkilatları gözləsək, bu problem heç vaxt həll olunmayacaq”.