Təbriz Azad İslam Universitetinin rektoru Doktor Cavanpur “Qarabağ münaqişəsi zamanı İran İslam Respublikasının addımlarına dair həqiqətlər” adlı elmi konfransda məzlum müdafiəsini İmam Hüseyn (ə) amallarından hesab edərək demişdir: “Qarabağın azadlıq yolu İmam Hüseyn (ə) əzadarlığına qadağalar qoymaq və dindar gəncləri həbs etmək deyil. Əksinə, Qarabağın yeganə azadlıq yolu İmam Hüseyn (ə) məktəbindən bəhrələnməkdir”.
Arannews xəbər agentliyinin verdiyi məlumata görə, Şərqi Azərbaycan Azad İslam Universitetinin rektoru Doktor Əziz Cavanpur Qarabağ və müsəlman Azərbaycan xalqı qarşısında dini və qanuni vəzifəyə əməl məsələsinə toxunaraq bildirmişdir: “Biz İslam inqilabında və 8 il müqəddəs müdafiə dövründə İmam Hüseyn (ə) məktəbindən dərs alaraq qələbə çaldıq. Bu baxımdan, əminliklə iddia edə bilərik ki, İmam Hüseyn (ə) məktəbinə arxalanmaqla Qarabağı işğalçılardan azad etmək mümkündür. Bu gün İraq və Suriyada gerçəkləşən qələbələr də bunun nəticəsidir.
Qarabağın işğalına görə hamımız narahatıq. Fərqi yoxdur, Fələstində, Qarabağda – dünyanın harasında işğalçı varsa, qınayırıq və onlar işğal etdikləri torpaqları tərk etməlidirlər.
Şiələrin vəzifəsi zülmə qarşı çıxmaqdır. Haradasa uğur qazana bilməmişiksə də, bilək ki, müqavimət və fədakarlıq ənənəsindən uzaq düşdüyümüzə görə olmuşdur. Bəzi məlumatsız adamlar elə bilirlər ki, İran İslam Respublikası Qarabağ müharibəsində Ermənistanı dəstəkləmişdir. Belələri nə milli, nə də dini maraqları düşünür, həqiqətdən uzaq fikirlərilə müsəlman xalqların və dövlətlərin birliyinə xələl gətirirlər.
Həm qeyrətli və müsəlman İran xalqı, həm də dindar və mömin Azərbaycan xalqı bu iddiaların düzgün olmadığını, İran İslam Respublikasının Qarabağ müharibəsində Azərbaycanı dəstəklədiyini yaxşı bilir. İşarə vurduğumuz kimi, Qarabağın azadlıq yolu dini mərasimlərə, xüsusən də İmam Hüseyn (ə) əzadarlığına qadağalar qoymaq və dindar gəncləri həbs etmək deyil. Əksinə, işğal olunmuş torpaqları azad etməyin yeganə yolu dindarlıq və antiimperializm hisslərini gücləndirmək və İmam Hüseyn (ə) məktəbindən bəhrələnməkdir. Azərbaycan Respublikasının imanlı və ayıq gəncləri istiqlal, inkişaf və tərəqqi yolunda bu ölkənin ən böyük kapitalıdır.
Son olaraq, ümidvaram ki, bütün dünya müsəlmanları həmişə sülh və əmin-amanlıqda yaşayacaqlar, bütün işğal olunmuş torpaqlar, xüsusən də Qarabağ azad olunacaq, hegemon və işğalçı qüvvələr cəzalarına çatacaqlar!