Tarix : 2019 Sep 12
Kod 58817

Vətəndaşlar məscidə uşaqlarla gəlirsə, bu onların öz seçimidir – Dini Komitə

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, dini mərasimləri tənzimləyən qanunlarda vətəndaşların hər hansı bir dini ibadət yerinə getməsi azaddır:

“Arannews-Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanun vətəndaşa vicdan azadlığından irəli gələn prinsiplərə uyğun olaraq tam sərbəstlik verir. Azərbaycan çoxkonfessiyalı ölkədir, 14 kilsə, eyni zamanda sinaqoqlar və digər dinlərə aid olan ibadət yerləri var. O cümlədən Azərbaycan İslam dininə etiqad edən dünyəvi dövlətdir. Bizdə 2500-dən çox məscid var ki, bunun da hazırda 1500-1600-ü fəaliyyət göstərir. Azərbaycanda dini mərasimlərə dini bayramlar, hüzn mərasimləri daxildir. Bu mərasimlərə də insanların gəlişi özlərinin istəyindən asılıdır. İslama görə, məscidlərə gəliş sərbəstdir”.

Komitə sədri vətəndaşların məscidlərə uşaqlarla gəlməsi məsələsinə də münasibət bildirib. Mübariz Qurbanlı bildirib ki, İslam dininin qadağa qoyduğu hər hansı məsələ yoxdursa, dövlət də buna qarışmır: “Ona görə də vətəndaşlar məscidə uşaqlarla gəlirsə, bu onların öz seçimidir. Sadəcə olaraq biz tövsiyə edirik ki, vətəndaşlar məscidlərdəki gecə mərasimlərinə körpələri gətirərkən diqqətli olsunlar, yəni böyük uşaqları gətirə bilərlər, ancaq körpələrdə diqqətli olmalıdılar”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aşura günü yol kənarlarında ehsan masalarının qurulmasına da münasibət bildirib.

Dövlət Komitəsinin sədri jurnalistlərə açıqlamasında bildirib ki, insanların daxili inamına, inancına bağlı olan məsələlərə müdaxilə etmək lazım deyil.

O qeyd edib ki, İmam Hüseyn əzadarlığının birinci ili deyil: “Bu, hətta Sovet dövründə də var idi, indi də var. Kimlərsə əhd edir ki, Aşura günü süfrə açacam, kimsə deyir halva paylayacam, bəziləri hədik paylayır. İnsanların daxili inamına, inancına bağlı olan məsələlərə müdaxilə etmək lazım deyil, biz buna qarışa bilmərik. Bu insanların şəxsi istəyidir və bununla təskinlik tapır”.

  • Yazılıb
  • da (də) 2019 Sep 12
  • Göndərən جهان کمالی