Tarix : 2019 Sep 21
Kod 58858

Həbsdə olan AXCP fəalının şikayətinə “yox” deyildi

Ruslan Əmirovun apelyasiya şikayəti təmin olunmayıb

Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyilə AXCP fəalı Ruslan Əmirovun 30 günlük inzibati həbsi barədə qərardan verilən şikayətə baxılıb.

R.Əmirov sentyabrın 10-da saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisə tabe olmamaq) maddələri ilə protokol tərtib olunub. İddia edilir ki, R.Əmirov küçədə telefonla danışarkən söyüş söyüb, onu intizama dəvət edən polislərin qanuni tələblərinə tabe olmayıb.

Ruslan Əmirov isə deyir ki, həmin gün Milli Onkologiya Mərkəzində müalicə olunan bacısının yanına gedərkən xəstəxananın qarşısında qəfildən onu saxlayıb, Yasamal rayonu, 29-cu polis bölməsinə aparıblar. Ertəsi gün də Yasamal Rayon Məhkəməsində onun haqqında 30 günlük həbs qərarı çıxarılıb.

Onun apelyasiya şikayətinə baxılarkən vəkili Milli Onkologiya Mərkəzinin qarşısındakı kamera görüntülərinin alınması, saxlanılarkən Ruslanın yanında olmuş qohumu Niyaməddin Zeynalovun şahid kimi dindirilməsi, mobil operatora sorğu göndərilib həmin vaxt AXCP fəalının telefon danışığının olub-olmamasının müəyyənləşdirilməsi barədə vəsatətlər qaldırıb. Lakin vəsatətlərin heç biri təmin olunmayıb.

Hakim apelyasiya şikayətini təmin etməyərək, Yasamal Rayon Məhkəməsinin 30 sutkalıq həbs qərarını da qüvvədə saxlayıb.

AXCP-dən Meydan TV-yə bildirilib ki, qərardan Avropa Məhkəməsinə şikayət göndəriləcək: “İnzibati xətalarla bağlı işlərdə ölkə daxilində sonuncu müdafiə yeri apelyasiya məhkəməsidir. Ona görə də bu qərardan Avropa Məhkəməsinə şikayət veriləcək”.

Meydan TV

  • Yazılıb
  • da (də) 2019 Sep 21
  • Göndərən جهان کمالی